Ümumi bazar dövriyyəsi 47% kiçilib

nemet-eliyev1Azərbaycanın bir aylıq istehlak bazarının həcmi 4,5 milyarddan 2,9 milyard manata düşüb. 1,6 milyard manat və ya 35%-dən çox azalma əmələ gəlib. O cümlədən, ölkənin məhsul bazarlarının dövriyyəsi 1 milyard manat və ya 31% enib. Xarici valyutaya çevirib müqayisələr aparsaq, aylıq ümumi bazar dövriyyəsinin 47% kiçildiyi məlum olur. Bu ilin may ayı ilə ötən ilin dekabr ayının müqayisəsi belə deməyə əsas verib.

Bahalaşma böyüdükcə, əhalinin alıcılıq qabiliyyəti pisləşdikcə istehlak bazarları da zəifləyir. Supermarket ticarət şəbəkələrinin haqlı tələblərini bir müddət əvvəl qulaq ardına vuranlar gərək problemin bu tərəfini ciddiyə almağı bacaraydılar. Bahalaşma tempi ilə əmək haqqı artımı arasında normal nisbəti müəyyən etməkdə çətinlik çəkən vəzifəlilər onu da nəzərə almalıydı ki, yüksək bahalaşma şəraitində tətbiq edilən cüzi əmək haqqı artımları daha böyük fəsadlara meydan açır.

Təcili və təxirə salınmaz tədbirlər görülməlidir. Əks halda, böyüməkdə olan mənfi prosesləri səngitmək çox çətin olacaq.

Yazı iqtisadçı Nemət Əliyevin facebook səhifəsindən götürülüb.