Hakimiyyətin hədiyyəsi də kompromat sayılır

azeri-hediyyeBazar təfəkkürlü idarəetmənin biabırçı nəticəsi

Azərbaycan hökumətinin “xarici siyasət strategiyası” hər ötən gün daha aydın görünür.

Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti uzun illər  ölkə xaricində  lobbiçilər axtarmaqla məşğul olub və belə admalara külli miqdarda pullar ödənilib. AŞPA-dan tutmuş, ABŞ Konqresinə qədər  hər yerə nüfuz edərək, satın almaq üçün adamalr tapıblar. Hökumətin məhşur “kürü diplomatiyası” da məhz bu “strategiya”nın tərkib hissəsidir. Yəni, bunlar siyasi uğurlara nail olmaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq üçün düşünülmüş, uzaqgörən siyasi  planlar qurmayıblar, öz imiclərini yüksəltmək üçün  neft pullarından yararlanıblar. Özləri dünya malına görə bütün dəyərləri məhv etməyə hazır olduqları üçün hamının satın alına biləcəyinə də əmin olublar.

Amma dövr dəyişdi, demokratik tələblər prioritetə çevrildi, avtoritar rejimlər dünyadan təcrid olunmağa başladı və bununla da pul müqabilində siyasət yürütmək çətinləşdi. İndi Azərbyacan hökuməti ilə əməkdaşlıq etmək, biznes əlaqələrində olmaq, bir masa arxasında oturmaq qəbahət sayılır.  Avropada, ABŞ-da Azərbaycan hökuməti ilə isti münasibətdə olan deputatları mətbuatda tənqid atəşinə tuturlar,  bu adamalrdan hesabat tələb edirlər.

Son  baş verənlər  isə hökumətin imicinin biz düşündüyümüzdən də acınacaqlı olduğunu göstərir. Beə ki,  “The Hill” nəşrinin yaydığı məlumata görə, ABŞ Konqresinin bir qrup üzvü Azərbaycan hökuməti adından onlara verilən hədiyyələri geri qaytarıb.  Bəli, səyahətləri  Azərbaycan höküməti tərəfindən gizli olaraq maliyyələşdirilən konqresmenlər nefrit daşından hazırlanmış sırğalar, çay dəstləri, ipək şarflar, yun xalılar və başqa hədiyyələri hökümətə təhvil veriblər.  Bu hədiyyələri ABŞ-dan 9-u konqresmen olmaqla 41 nəfərlik heyət 2013-cü ildə Bakıda konfransda olarkən alıblar. Sonradan məlum olub ki,  SOCAR 750 min dollar pulu qeyri-kommersiya korporasiyasına ötürərək, konfransı və səfəri maliyyələşdirib.

Azərbyacan hakimiyyətinin mahiyyəti bundan ibarətdir. Ölkədə tənqidçi fikri, ölkə xaricində dövlət adamalrını əvvəlcə bahalı hədiyyələrlə, pulla satın almaq istəyirlər. Bu “əməliyyat” alınmadıqda isə şər-böhtan kampaniyası start götürür.

İndiki halda konqresmenlərin onlara verilən hədiyyələri geri qaytarması bu hökumət üçün böyük utanc olmalıdır. Həm də bu faktın qarşılığında etiraz etmək, bunu erməni lobbisinin üstünə atmaq, konqresmenləri ikili standartlarda ittiham etmək qeyri-mümkündür. Faktiki olaraq konqresmenlərə rüşvət təklif edilib, qeyri-qnuni yollara əl atılıb.

Artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan hakimiyyətindən hədiyyə alanlar da özünü təhqir olunmuş hesab edir, bu hakimiyyətdən hədiyyə qəbul etmək bioqrafiyanı ləkələyir.

Bəli, hakimiyyət Azərbaycanı elə dalana dirəyib, ölkənin imicini elə korlayıb ki,  bu vəziyyəti düzəltmək xeyli əziyyət tələb edəcək. Bütün neqativlərin arxasından bu hakimiyyətin xisləti çıxır. Ölkəni bazar təfəkkürüylə idarə etdikləri kimi, dünyanı  da bazar ənənələriylə ələ almaq istəyirlər. Özləri rüşvətsiz, hədiyyəsiz iş görmədikləri üçün başqalarını da  buna öyrəşdirmək istəyirlər.

Ən əsası isə hakimiyyət demokratik dünyanın qarşısında o qədər gözükölgəlidir ki, belə hədiyyələrlə gözə kül üfürmək istəyirlər.

Ən biabırçı məqam isə budur ki, konqresmenlər hansısa fərdin adından deyil, Azərbyacan hökumətinin adından verilən hədiyyəni geri qaytarır. Belə bərbad imici olan hökumət ölkəni necə inkişaf etdirə, Qarabağ məsələsində necə uğura imza ata, demokratik dünya ilə möhkəm dostluğa necə nail ola bilər?

Faktiki olaraq dünya bu cür epidemiyaya yoluxmuş hökumətlərdən kənar gəzir. “Dünyaya yol göstəririk” deyən  hökumət bu hədiyyə biabırçılığına münasibət bildirməli və pis yola düşdüyünü etiraf etməlidir.

Samir