Bayraq Meydanının keçmiş rəisi azad edildi

bayraqidaresi-resadRəşad Məmmədov dövlətə 254 min manat ziyan vurmaqda ittiham olunurdu

Dövlət Bayrağı Meydanı Kompleksinin keçmiş rəisi Rəşad Məmmədov həbsdən buraxıldı. Iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə hökm çıxardı. Hökmə əsasən, Rəşad Məmmədova 1 il 1 ay 8 gün cəza verildi və həmin müddət artıq başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxıldı.

Rəşad Məmmədovla yanaşı, keçmiş rəisin ailəsi üçün 6 milyonluq əmlakın alınmasında iştirak etmiş Isfəndiyar Isfəndiyarov da azadlığa çıxıb. Ona da eyni cəza verilib.

Həmçinin bu cinayət işi üzrə daha bir təqsirləndirilən – 6 milyonluq əmlakın Rəşad Məmmədovun xanımından əvvəl adına rəsmiləşdirildiyi Arzu Məmmədovun cəzası da eyni olub.

Tabeldə adların qarşısı boş idi”

Hökmdən öncə isə dünənki məhkəmədə şahidlər dindirilib. Onların bir qismi – Səbinə Quliyeva, Günay Quliyeva, Samir Nəsirli, Səftər Məmmədov, Elman Rəsulov, Rafiq Abdullayev, Elnur Ibrahimov Bayraq Meydanının işçiləri olub.

Həənd, ittiham aktında yazılıb ki, bu adamların adı işçi kimi qeyd olunsa da, əslində, işə gəlməyiblər və haqq etmədikləri halda, maaş alıblar. Rəşad Məmmədov bu üsulla dövlətə 254 min manat ziyan vurmaqda ittiham olunur.

Şahidlər işləmədikləri halda əməkhaqqı aldıqları barədə deyilənlərlə razılaşmayıblar. Bildiriblər ki, işə gedib-gəliblər, gördükləri işin müqabilində də maaş alıblar.

Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev də şahid qismində dindirilib. O bildirib ki, baş nazirin müavininin göstərişi əsasında Dövlət Bayrağı Meydanı Kompleksində yoxlama aparıb, pozuntular aşkarlayıblar: “Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin də adları yox idi, amma özləri işləyirdilər. Biz də yoxladıq, akt tərtib etdik”.

Rəşad Məmmədov bu yoxlamanın və aktın qərəzli olduğunu bildirib.

Yüngülləşdirici hallar

Daha sonra cinayət işinin materiallarındakı bir sıra sənədlər elan olunub, ardınca da dövlət ittihamçısı Ramazan Hadıyev çıxış edib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə qarşı ittihamların sübuta yetirildiyini deyən prokuror onların hər birinə 1 il 1 ay 8 gün həbs cəzası verilməsini və bu müddət artıq keçdiyinə görə Rəşad Məmmədov və Isfəndiyar Isfəndiyarovun da azadlığa buraxılmasını təklif edib. Arzu Məmmədov isə həyat yoldaşının ağır xəstəliyə tutulması səbəbilə martda həbsdən ev dustaqlığına buraxılıb.

Prokuror yüngülləşdirici hallar kimi təqsirləndirilən şəxslərin himayəsində azyaşlı övladlarının olmasını, ilk məhkumluqlarını, dəymiş ziyanın ödənilməsini qeyd edib.

Rəşad Məmmədov, Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddə ilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələri ilə ittiham olunub.

Azadlıq” radiosu