Hakimiyyətin apardığı siyasət milli maraqların satılmasına xidmət edib
Təcrübə göstərir ki, Qarabağın işğalına “yaşıl işıq” yandıranlar, Ermənistana hərtəfəli yardım göstərənlər, qondarma erməni soyqırımını tanıyanlar, avtoritarlar, korrupsionerlər bizm hökumətimizin dostudur. Demokratiya, şəffaf seçki, müstəqil məhkəmə, azad mətbuat tələb edənlər isə hakimiyyətin qatı düşmənidir. Uzun illərdi hakimiyyətin xarici siyasəti bunun üzərində qurulub. Milli maraqlar həmişə şəxsi istəklərə qurban verilib və nəticə gözqabağındadır. Indi bütün parametrlər üzrə Azərbaycan sürətlə geriləyir və bunun yeganə səbəbi hakimiyyətin anti-milli siyasətidir.
Hətta Qarabağ məsələsində də şəxsi maraqlar dövlət maraqlarını həmişə üstələyib. Bəli, 20 faiz ərazi həm də hakimiyyətin hikkəsinin, avtoritarlığının, dövlətə və xalqa biganəliyinin qurbanı olub. Bugünə qədər Qarabağ məsələsində Azərbaycana yardım edənlər, dövlətin ərazi bütövlüyünü tanıyanlar, hakimiyyətin “qara siyahı”sında olub.
Bugünlərdə “Qaçqınkom” Əli Həsənov Dünya Bankının nümayəndələri ilə görüşündə etiraf etdi ki, Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı indiyə kimi 4 kredit sazişi imzalanıb. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə iyunun 17-də Tərtər rayonunda olub və jurnalistlərə bunları söyləyib: “ABŞ 1993-cü ildən bəri azərbaycanlı qaçqın və məcburi köçkünlərə 113 milyon dollar vəsait sərf edib. 1993-cü ildən Azərbaycana ayrılmış ABŞ yardımlarının ümumi miqdarı isə 1 milyard 300 milyon dollardır”.
Məqsədimiz ABŞ-a, Avropaya vəkillik etmək deyil və onların buna ehtiyacı da yoxdur. Sadəcə olaraq münasibətlərə, xarici siyasətə milli maraqlar prizmasından yanaşırıq. Fakitiki olaraq Qərbin maliyyə institutları, ABŞ dövləti məcburi köçkünlərə yardım məqsədiylə milyardlarla vəsait ayırıblar. Faktiki olaraq ABŞ-ın 22 ştatı xocalı soyqırımını tanıyıb. Avropa Parlamenti, Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövülyünü tanıyan qətnamə qəbul edib. Hakimiyyət isə dünyanın ən nüfuzlu dövlət və qurumlarının birmənalı dəstəyindən yararlanmaq, bu dövlətlərlə isti münasibətlər qurmaq əvəzinə, dəstəkçiləri düşmən kimi təqdim edib, onlara qarşı təbliğat aparıb. Eyni zamanda Azərbaycanın faciələrinə müəlliflik etmiş Rusiyanın tərəfini tutub, bu ölkəyə sadəqət nümayiş etdirib.
Axı, Rusiyanın Azərbaycan qarşısında hansı xidmətləri var? Bugünə qədər Rusiya hansı prinsipial məsələdə Azərbaycana dəstək verib? ABŞ-ın səfiri deyir ki, Azərbyacana 1 milyard 300 milyon vəsait ayırıb, Dünya Bankı deyir ki, məcburi köçkünlərlə bağlı 4 dəfə iri həcmdə Azərbaycana kredit ayırıb.
Adekvat addımları Rusiya atıbmı? Bu ölkənin məcburi köçkünlərə yardımı, Qarabağ məsələsində birmənalı dəstəyi olubmu? Əlbəttə ki, yox. Əksinə, düşməni maddi, mənəvi, hərbi, siyasi baxımdan birmənalı dəstəkləyib, Ermənistanın ictimai-siyasi xadimlərini ödülləndirib, qondarma erməni soyqırımını tanıyıb və s.
Bu qədər pislikdən sonra Rusiyanın himayəsinə sığınmaq xəyanət deyilmi? Belə çıxır ki, Rusiyanın ermənipərəstliyini, Azərbaycana yönəlik heç bir müsbət addım atmamasını hakimiyyət də təqdir edir. Deməli, hökumət Rusiyanın bu mövqeyindən məmnundur.
Pulu verən, Qarabağ məsələsində ədalətli mövqe sərgiləyən ölkələrlə düşmənçilik edib, düşmənlə dostlaşmaq xəyanət deməkdir. Çünki, hökumətimiz demokratiya, şəffaflıq, ədalət ilə də düşməndir. Rusiya isə hakimiyyətdən bu dəyərlərlə dost olmağı tələb etmir. Təkcə buna görə hakimiyyət dövlətin bütün maraqlarını qurban edib.
Samir