Əliyevlə Sarkisyanın görüşü nə vəd edir?

gultekin-hacibeyli1Əliyevin görüş öncəsi bəyanatları nəyə hesablanıb?

Gültəkin Hacıbəyli: «Ilham Əliyevin bəyanatı Sankt-Peterburq danışıqlarının fiaskoya uğradığının etirafıdır»

Iyunun 20-də Sankt-Peterburqda Qarabağla bağlı Rusiyanın təşkilatçılığı ilə keçirilən görüş ərəfəsində Azərbaycanın dövlət başçısı sərt ritorika ilə çıxış edib. Ilham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iyunun 17-də təşkil olunan iftar mərasimində çıxışı zamanı Sarkisyanın ünvanına bir sıra ittihamlar səsləndirib. O, bəyan edib ki, Azərbaycanın Qarabağ probleminin həlli ilə bağlı uzun danışmaq fikri yoxdur. Dövlət başçısı aprel döyüşlərində Azərbaycan ordusunun potensialının yalnız bir hissəsini işə saldığını vurğulayıb.

Onu da vurğulamaq yerinə düşər ki, görüş ərəfəsində daha mühüm bir məqam ordumuzun geniş miqyaslı hərbi təlimlərə başlamasıdır. Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq genişmiqyaslı təlimlərə start verilib. Dünəndən başlayan təlimlər iyunun 24-dək davam edəcək və qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə baş tutacaq. Operativ-taktiki təlimlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilir. Təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

Bu məqamlar nəzərə alınarsa Rusiyada keçirilən görüş danışıqlar prosesinə nə vəd edir? Prezidentlərin Vyana görüşü zamanı gələcək görüşlərdə müəyyən irəliləyişin ola biləcəyinə ümidlər var idi.

Bu arada onu da vurğulamaq yerinə düşər ki, ATƏT Sankt-Peterburqda keçirilən görüşün onun formatında olmadığını qeyd edir. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Kozlariç danışıqlardan üç istiqamətdə nəticə gözlədiyini bəyan edib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, I.Əliyevin görüş öncəsi sərt ritorikaya müraciət etməsi səbəbsiz deyil. Aprel döyüşləri zamanı ordumuzun kifayət qədər irəli getdiyini xatırladan G.Hacıbəyli vurğuladı ki, təsadüfi deyil ki, müdafiə naziri Talış və Madagiz məntəqələrinin ordumuzun əlində olması ilə bağlı dövlət başçısına hesabat vermişdi. G.Hacıbəylinin sözlərinə görə, mətbuatda isə Azərbaycan ordusunun ağır artileryadan Xankəndini hədəf aldığı, Ağdərə istiqamətində ciddi irəliləyişin olduğu barədə xəbər yayılmışdı: “Azərbaycan ordusu bu gün əlində saxlaya bildiyi mövqelərdən çox irəli getmişdi. Ordumuzun bu mövqelərdən imtina edib, geri çəkilməsinə səbəb məhz Rusiyanın təzyiqi oldu. Rusiya Azərbaycana ciddi təzyiq etdi və bunun nəticəsində ordumuz yüzdən çox igid vətən oğlunun qanı hesabına əldə etdiyi torpaqların böyük bir hissəsindən geri çəkildi. Əlimizdə yalnız Lələtəpə və Talış kəndi üzərində bir neçə yüksəklik qaldı. Görünür, Azərbaycan siyasi rəhbərliyinin bundan sonra müəyyən ümidləri var idi ki, Rusiya Ermənistana təzyiq göstərərək onu sülh danışıqlarında müəyyən mövqeyə gəlməyə məcbur edə biləcək. Çünki faktiki olaraq Ermənistan Azərbaycanın ondan üstün olan hərbi qüdrətini gördü və nə qədər yarıtmaz idarə olsa belə Azərbaycan müharibə aparır. Azərbaycan ordusunun döyüş ruhu, vətən sevgisi çox yüksəkdir. Bu da özünü döyüşlərdə göstərdi. Açıq döyüşdə Azərbaycan Ermənistan üzərində böyük üstünlük nümayiş etdirə bildi. Azərbaycan rəhbərliyi məhz buna arxayın olub, Rusiyadan müəyyən gözləntiləri var idi. Ancaq bu gözləntilər özünü doğrultmadı. Növbəti Sankt-Peterburq görüşü öncəsi məlum oldu ki, ATƏT belə bu görüşü dəstəkləmir”.

G.Hacıbəyli vurğuladı ki, Azərbaycan Sankt-Peterburq görüşündə faktiki təklənmiş duruma düşəcək. G.Hacıbəylinin sözlərinə görə, yəqin I.Əliyevin görüşdən öncə bu cür bəyanat verməsi də bununla bağlıdır. “Çünki bəribaşdan məlumdur ki, işğalçı Ermənistan və işğalçıya açıq dəstək verən Rusiya həmin görüşdə Azərbaycana təzyiq mövqeyindən çıxış edəcək. Yəqin ki, həmin təzyiqlərin qarşısını almaq üçün Azərbaycan siyasi rəhbərliyi bəribaşdan mövqeyini bəlli edir. Amma həmin bəyanatlarda bir etiraf da var. Vurğulanır ki, 20 ildir mənasız danışıqlar gedir. Əslində bu belə də olmalı idi. Çünki vasitəçi rolunda işğalçının hamisi çıxış edir. Ona görə Ilham Əliyevin bəyanatı özü də Sankt-Peterburq danışıqlarının fiaskoya uğradığının etirafıdır”.

Zərdüşt Əlizadə: “Bu görüş əvvəlki danışıqlardan bir elə də fərqlənməyəcək”

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Sankt-Peterburq görüşdən müsbət bir şey gözləməkÿsadəlövhlük olardı. Z.Əlizadənin sözlərinə görə, bu görüş əvvəlki danışıqlardan bir elə də fərqlənməyəcək: “Obrazlı desək, burada bir məşqçi var ki, oyunu istədiyi kimi qurur, idarə edir. Yəni, Qarabağ münaqişəsini gah qızışdırır, gah dondurur. Bu, Rusiyadır. Həmin məşqçinin dediklərini yerinə yetirən də iki oyunçu var. Biri Ermənistan, digəri Azərbaycandır. Rusiya nüvə silahına malik olduğu və özünü ədəbsiz apardığı üçün heç kəs də ona baş qoşmur. Odur ki, problemi öz maraqlarına uyğun yönəltməyə çalışır”.

Z.Əlizadə deyir ki, Qarabağ münaqişəsində format, tələblər, yanaşma bucaqları dəyişə bilər. Amma problemin mahiyyəti dəyişməz: “Ola bilsin, təklif edilsin ki, bir neçə rayon qaytarılsın. Bunun əvəzində sakitliyə riayət edilsin və ya rus qoşunları bölgəyə dəvət edilsin və ya başqa təkliflər verilsin. Yəni burada variantlar çoxdur”.

Politoloq deyir ki, “hər ağızdan bir avaz gəlsə də” danışıqlar Azərbaycana müsbət nəsə vəd etmir: “Qarabağ nə Azərbaycana qaytarılacaq, nə də Ermənistana ÿveriləcək. Qarabağÿhəm Ermənistanı, həm də Azərbaycanı Rusiya itaətində, daimi təzyiq altındaÿ saxlamaq üçün Kremlin əlində ÿqarmaq kimi qalacaq”.

Qarabağ cəbhəsində ÿaprelin 2-dən 5-dək hərbi ÿəməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsindəÿ vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə ÿmayın 16-daÿ Vyanada Azərbaycan və ÿErmənistan prezidentlərinin görüşü keçirilib.

Xəyal