“Əvvəla, mən Azərbaycan haqqında heç nə bilmirəm. Yəni bilirəm ki, bu ölkə haradadır. Xəzər dənizinin yanındadır. Vəssəlam, elə bu qədər…”. Bunu “Formula-1″in dördqat çempionu Sebastian Vettel deyib. Amerikalı jurnalist Carter Woodiel isə kmtv.com saytında dərc etdirdiyi Azərbaycanla bağlı məqaləsini almaniyalı Vettelə müraciət üzərində qurub.
“Sən Azərbaycanı, ən yaxşı halda Avropa ilə Asiyanın qovşağı kimi tanınan ölkəni tanımaya da bilərsən. Amma hökumət bu vəziyyəti daha çox sayda böyük idman tədbirləri keçirməklə dəyişmək istəyir”, – deyə Carter Woodiel yazır.
Məqalədə deyilir ki, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirib və bu tədbirə 1 milyard dollardan artıq pul xərcləsə də, ölkə beynəlxalq cazibə əldə etməyib.
“Azərbaycan idman reklamı sahəsinə də girişib. Atletico Madrid İspaniya liqasında 2014-cü ilin çempionluğunu formalarındakı “Azərbaycan” sözü ilə qazanıb. Lakin Azərbaycanın tanınmaq istəməsi o demək deyil ki, o, sənin onun haqqında hər şeyi bilməyini istəyir” – yazır jurnalist.
Məqalədə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyəti barədə dəyərləndirmələrinə də istinad olunur: “Amnesty International “The Guardian” qəzetinə deyib ki, Azərbaycanda çox da müstəqil səs qalmayıb. Azərbaycan hakim elitaya qarşı səsini ucaldan jurnalistlərə və fəallara hücumlar olduğu üçün tənqid edilir. Sərhədsiz Reportyorların mətbuat azadlığı indeksində ölkə son onluğa daxildir. Lakin Azərbaycanda keçirilən tədbirlərin təşkilatçıları əsas etibarilə bütün bunlar barədə susmağa üstünlük verir, idmanla siyasəti qarışdırmadıqlarını bildirirlər”.