Əliyevin “mənasız danışıqlar” diplomatiyası

aliyev-serkisyanÖlkə başçısının “mənalı danışıqlar”ının ömrü neçə il çəkəcək?

23 ildir hakimiyyət işğal altındakı torpaqların azad edilməsiylə bağlı danışıq aparır. Artıq iki ölkə prezidentləri 44 dəfə görüşüblər və bu mənasız danışıqlar davam edir. Hər dəfə prezidentlərin görüşü ərəfəsində qələbə təbliğatı aparılır, bu görüşün həlledici ola biləcəyi haqqında mesajlar verilir. Sonradan məlum olur ki, heç bir irəliləyiş yox imiş, sadəcə olaraq hökumət xalqı aldadırmış.

Son olaraq belə təbliğat aprel döyüşləri zamanı start götürdü. Məğlubiyyət atəşkəsinə imza atan hökumət növbəti dəfə xalqı aldatdı və sülh danışıqlarının məntiqi sonluğa çatdığı bildirildi. Amma Vyana görüşündən sonra məlum oldu ki, hökumət müharibə etməmək öhdəliyi götürüb və bundan sonra mənasız danışıqlar  sonsuza qədər davam edəcək. Hətta Ermənistan tərəfi itirilmiş 800 hektar ərazinin qaytarılmasını tələb etdi və sentyabr ayına qədər Azərbaycana vaxt qoydu. Düşmənin bu israrı da göstərdi ki, danışıqlarla torpaq almaq, ədalətli həllə nail olmaq mükün deyil. Ardınca isə İlham Əliyev bildirdi ki, Sarkisyan bir cümlədə 4 yalan danışır. Yəni, etiraf etdi ki, 23 illik danışıqlar yalanlardan ibarət olub və Əliyevlər də bu yalanları qəbul edib.

Bütün bunlardan sonra İlham Əliyev Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edir və mənasız danışıqlar aparılmayacağını vəd edir: “Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər” – deyə ölkə başçısı bildirib.

Etiraf edək ki, bu fikirləri ciddi qəbul etmək, təbəssümsüz qarşılamaq mümkün deyil.  Çünki, 23 ildir eyni sözü eşidirik. Ermənistanın acından öldüyünü, hərbi büdcəmizin düşmənin dövlət büdcəsindən çox olduğunu, ermənilərin ölkəni tərk etdiyini eşidirik. Amma bütün bu üstünlüklər düşmənə qalib gəlməklə, torpaqları işğaldan azad etməklə nəticələnmir. Əksinə, düşmən hər gün atəşkəsi pozur, hərbçilərimiz şəhid olur və “bir qarış torpağı geri vermərik” mesajı göndərilir. Və bu 23 illik məğlubiyyət danışıqlarından sonra İlham Əliyev “mənasız danışıqlar aparmayacağıq” söyləyir.

Əvvəla, etiraf edir ki, uzun illər mənasız danışıqlar aparılıb, Rusiyanın drijorluğu ilə hər iki hökumət xalqa “fonaqram” oxuyublar.

İkincisi, İlham Əliyev bu çıxışında “lazım”ın gəlişinə işarə etməyib. Sülhə sadiq qalacağımızı və danışıqların davam edəcəyini bildirib. Bəli, söhbət hansısa müddət ərzində  torpağın azad edilməsindən yox, danışıqlara məna qatılmasından gedir. Deməli, növbəti uzun illər də mənalı danışıqların məğlubiyyəti ilə qarşılaşacağıq.

Ölkə başçısı vurğulayır ki, daha 20 il dözmək fikrimiz yoxdur. Amma 2 il, 3 il, 5 il müddətində torpaqların azad ediləcəyini də vəd etmir.  Yəni, danışıqlarda heç bir nəticənin olmadığını, Sarkisyanla görüşlərin yalnız Qarbağın xatırlanmasıyla yekunlaşdığını etiraf edir. Əgər zərrə qədər irəliləyiş olsaydı, “yaxın dövrdə torpaqlar azad ediləcək” vədi verərdi.

Bir sözlə, bundan sonra da uzun illər “mənalı danışıqlar” nağılı eşidəcəyik. Bu dövr bitəndən sonra da “konkret danışıqlar” dövrü başlayacaq. Beləliklə, Qarabağı xatrlayan nəsil dünyasını dəyişəcək və 20 faiz ərazi də tarixi torpaqlarımız kimi tarix olacaq. Bəli, bu hakimiyyətin Qarabağı azad etməyə qətiyyəti, siyasi iradəsi və müstəqilliyi yoxdur. Bunlar 80 faiz arəzidəki yerlərindən məmnundular.

Akif