Neçə belə hüquqsuz illərə!

elnuras-kitabteqdimElnur As

elnurastanbeyli@gmail.com

Deyir, qulaq gündə bir söz eşitməsə kar olar. Məgər bu gün – 18 iyun Azərbaycanda Milli Insan Hüquqları… Günü imiş! “Ilham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk ”Insan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli Insan Hüquqları günü təsis edilib” – informasiya portallarından birində oxuduğum xəbərdə belə deyilirdi.

Açığı, əvvəlcə gözlərimə inanmadım, fikirləşdim ki, necə olur, bizdə insan hüquqları ilə bağlı özəl gün olsun, amma mən bu haqda ilk dəfə öyrənim. Internet üzərindən kiçik bir araşdırma apardım. Bəli, 18 iyun şanlı vətənimizdə düz 9-cu ildir ki, “Milli Insan Hüquqları Günü” kimi qeyd olunurmuş. Məşhur lətifədə deyildiyi kimi, “müharibə eləyirlər, amma bizə xəbər vermirlər”. Belə bir əlamətdar gün varsa, onu camaatdan gizlətmək nə üçündür?!

Düzü, adama əl gülməli gələn “Insan Hüquqları” söz birləşməsinin qarşısına “milli” sözünün əlavə edilməsidir. Bu bizdə artıq adət-ənənə şəklini alıb: akademiyamızın adı “Milli Elmlər”dir (milli riyaziyyat, milli fizika, milli kimya, milli biologiya – komediyanın pik nöqtəsidir), keçmiş Ali Sovetimiz hazırda Milli Məclisdir. Bunun hələ Milli Olimpiya Komitəsi, Milli Parkı, canım sizə desin, milli mentaliteti də var. Və bu qədər “milli”dən bol ölkə milli corab belə, istehsal eləyə bilmir!

Əslində, yaptokratların “insan hüquqları” kimi təməl, bəşəri demokratik anlayışın qarşısına belə “milli” sözü əlavə etməsi çox simvolikdir, özündə dərin fəlsəfi məzmun daşıyır. Axı heç kim bizimlə diqtə dilində danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və onun öz yolu var. Heç kim heç bir məsələdə bizim daxili işlərimizə qarışa bilməz. O cümlədən də insan hüquqları məsələsində!

Bizim milli insan hüquqlarına görə, hər kəs qeyd-şərtsiz hakimiyyətə tabedir, heç kim ondan fərqli düşünə, onu ələşdirə bilməz, onunla razılaşmamaq haqqına sahib deyil. Şanlı vətənimizdə xalq öz hüquqlarını hakimiyyətə bağışlamışdır. O, xalqın yerinə düşünür, xalqın yerinə seçir, xalqın yerinə qərar verir. Əslində, elə belə yaxşıdır! Nəyə lazım hüququm olsun, sonra həmin hüquqdan irəli gələn vəzifələri yerinə yetirməklə məşğul olum. Vaxt var buna? Evdə arvad-uşaq bir qismət çörək gözləyir, səhərdən axşamadək eşşək kimi işləməliyəm ki, onların yanına əliboş, üzüqara getməyim. Bu qədər dərdin-azarın, işin-gücün içində mənim vaxtım hanı, məsələn, durum gedim səsvermə hüququmdan istifadə eləyim? Sağ olsun partiya və hökumətimiz, Allah mənim ömrümdən kəsib ona bağışlasın, özü mənim yerimə səs verir! Bundan gözəl nə ola bilər? Hansı ölkədə xalqa qarşı belə canıyananlıq, humanizm göstərilir?

Görürük də Avropanı, orada xalqı nə qədər hüquqla yükləyirlər: seçib-seçilə bilərsən, sərbəst toplaşa bilərsən, tənqid edə bilərsən, hökumətin yaxasından yapışıb ədalət, bərabərlik istəyə bilərsən. Lap avaragorluqdur. Amma bizdə hökumət bütün hüquqlarımızı alıb əlinə, bir daha sağ olsunlar ki, canımızı belə axmaq işlərdən qurtarıblar. Özləri seçir, özləri seçilirlər. Özləri doğur, özləri göbəklərini kəsirlər. Nəticədə bizlik bir iş qalmır, oturub bir qismət çörəyimizi qazanır, boş vaxtlarda da meyxana deyir, domino çırpır, xoruz döyüşdürür, it boğuşdurur, ələm uçurur, cin çıxarır, bir sözlə, həyatdan zövq alırıq.

Indi özünüz deyin, belə milli, Azərbaycan istehsalı olan insan hüquqlarından kim inciyər?!

Sonda hamınızı Milli Insan Hüquqları günü münasibəti ilə təbrik edir, hər birinizə neçə belə gözəl hüquqsuz illər arzulayıram.