Eldar Mahmudov XALQA XIDMƏTə görə ittiham olunur

melahat_agacanqiziMəlahət Ağacan Rübabə

Hakimiyyətdəkilərin tarixi binalara vəhşi davranışından, tərbiyə etdikləri cəmiyyətin yaşlı insanlara qəddar münasibətindən belə anlamaq olur ki, mərhum prezident  Heydər Əliyevin çox yaşamasından o vaxtın gənc kadrları möhkəm dilxor olubmuş. Doğrudur, hökumətin pambıq içində saxladığı 81 yaşlı baş naziri də var, amma hamı bilir ki, daş ürəklilər Artur Rasizadəni çox sevdiklərinə görə yox, “bu yer ”zanit”dir” demək üçün vəzifə kreslosunu tərk etməyə qoymurlar. “Eurovision”, “Avropa oyunları”, “Formula-1″ yarışları keçirilən ölkədə yaşlı insana ”yerindən tərpənmə!” işgəncəsi verirlər, bir adam da harayına çatmır, əksinə, hamı onunla məzələnir. Əgər bu hakimiyyət məsum baxışlı, dilsiz-ağızsız yaşlı bir adama vəzifə kreslosundan qalxmamaq işgəncəsi verirsə, tarixi evləri kazino, hotel-motel tikmək üçün dağıdırsa, onda, əlbəttə, vətəndaşı da özünə sevişmə otağı düzəltmək üçün yaşlı ata-anasını qətlə yetirər. Övladların var-dövlətə, kefə görə yaşlı valideynlərinin ölüsünə etdiyi hörmətsizliyi öyrənmək üçün 2003-cü ildə baş verənlərə qayıtmağa ehtiyac yoxdur, son 3-4 ayın xəbər başlıqlarına baxmaq yetər: “Bakıda 84 yaşlı kişinin əllərini bağlayıb öldürdülər”, “Göygöldə 93 yaşlı kişini öldürdülər”, “Tələbə qız 76 yaşlı qadını öldürdü”…

Vaxtilə atalarımız “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” deyiblər. Bu ölkədə nəinki Allahın, ağsaqqalın olduğu yer, heç qarışqanın yuvasına getmək üçün də yol qalmadı. “Eurovision-2016″ qalibinin ”1944″ mahnısının bir variantı da vaxt gələcək “1993″ adlanacaq, yəqin ki, 72 ildən sonra bizim də bir cəsur Cəmiləmiz olar, hansı əzabla məhv olduğumuzu bütün dünyaya anladar: ”YAPçılar gəldilər, xalqa zülm etdilər, evlərinə girdilər, hamısını öldürdülər, milləti məhv etdilər. Və dedilər ki, ki, biz günahkar deyilik….”

Bu yaxınlarda, Azərbaycan vətəndaşlarının necə ağır, mənasız, eşşək kimi bir həyat keçirdiklərinə aid yeni bir xəbər yayıldı: “Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əlində ölkə vətəndaşları barədə 2800 ədəd intim video var”. Dəhşətdir, belə anlamaq olur ki, sayı 10 milyona yaxınlaşan ölkə əhalisindən cəmi 2800 nəfəri yatağa girəndə soyunur, qalanları isə paltarla yatıb, paltarla dururlar. Şəxsən mən illərdir ki, eyni paltarda “uzun ince bir yoldayım, gidiyorum gündüz gece, bimiyorum ne haldeyim, gidiyorum gündüz gece…” oxuya-oxuya yaşayıram. Əlində 2800 nəfərin intim videosu olan eks-nazir haqqında deyirlər ki, Eldar Mahmudov Vətənə xəyanətdə ittiham oluna bilər. Əslində isə Eldar Mahmudova “Xalqa xidmət”ə görə mükafat verilməlidir. Təsəvvür edin, adam 10 milyon əhalidən cəmi 2800 nəfərin sekslə məşğul olduğunu, yəni normal həyat yaşadığını  aşkarlayıb, “təşəkkür!” yerinə “xəyanətkar!” eşidir. Vallah, nə mutlu “seks videom var” deyənlərə…

Ay 2800 bəxtəvər, Eldar Mahmudovun üstünə çox getməyin, yoxsa bərk-bərk qoruduğunuz pullarınızın da “intim videolar”ını paylaşar, qorxudan ürəyiniz partlayar. Axı sizin üçün ən əziz, ən məhrəm yerlər pullarınızı gizlətdiyiniz yerlərdir.

Köşədə son sözüm isə tez-tez halı pisləşən keçmiş MTN rəhbərinədir: Eldar müəllim, 2800 nəfər xoşbəxtdən qorxmayın, möhkəm dayanın, paltarla yatıb-duran, çörək almağa pul tapmayan doqquz milyondan çox bədbəxt vətəndaş arxanızdadır!