yangin 19 may

“Binada yanğın söndürülməmiş MTN əməkdaşları ofisə gəlib”

bina-yangin-19may2015Bu hadisəyə görə həbs olunan Miryusif Mahmudova dövlət başçısı «Əməkdar mühəndis» adı veribmiş…

Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmə prosesi başlayıb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Bu cinayət işi üzrə məhkəmə qarşısına 8 nəfər çıxarılıb – Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov. Onlardan dördü həbsdədir, digərlərinin barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərdən Miryusif Mahmudov iş materiallarında binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatı istehsal edən “Global Constuction” MMC-nin təsisçisi, Uğur Bəşirov “Global Stone” MMC-nin baş direktoru, Ələkbər Əsgərov “Global Construction” MMC-nin sədr müavini kimi təqdim olunub. Digər təqsirləndirilənlərdən Ədalət Rəcəbov 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra Binəqədi Rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləyib. Nizami Orucov 72 saylı Mənzil-Kommunal Istismar Sahəsinin rəisi olub. Qəzənfər Novruzov isə 2012-2013-cü illərdə Binəqədi rayon Icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Ağacavad Məmmədov “Dərnəgül Boru” zavadonun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini labarotoriyasının rəhbəri,

Akif Əlibəyov isə Səhiyyə Nazirliyi yanında Gigeyana və Epidemologiya Mərkəzinin baş direktoru olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Hazırlıq iclasında Akif Əlibəyovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, “QlobalStone” MMC-də istehsal olunan məhsula görə, o, heç bir sertifakt verməyib və bu iş onun səlahiyyətində olmayıb: “Onun bu işdə günahını sübut edəcək heç bir fakt yoxdur”.

Miryusif Mahmudovun vəkili Şahmar Məmmədov istintaq zamanı bir sıra yanlışlıqlara yol verildiyini bildirib: “QlobalStone” MMC penoplast istehsal edən müəssisə deyil. MMC yalnız bu məhsulun qablaşdırılmasını həyata keçirib. Bina üzlükləri Türkiyə şirkəti tərəfindən istehsal olunur. Dövlət orqanlarının rəyi də bunu sübut edir. Şirkət bu günə qədərki fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edib, hətta Miryusif Mahmudov prezident tərəfindən “Əməkdar mühəndis” adına layiq görülüb”.

Miryusif Mahmudovun digər vəkili Ilhamə Həsənova müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb: “Yanğın baş verərkən FHN-nin aparmalı olduğu araşdırma və yoxlamanı MTN aparıb. Binada yanğın söndürülməmiş 10-12 nəfər MTN əməkdaşı şirkətin ofisinə gəlib. Miryusif Mahmudovu Ağır Cinayətlərə dair Istintaq Idarəsinə aparıblar. Şirkətdən bəzi sənədlər də götürülüb”.

Vəkil həmçinin yolverilməz sübutların iş materiallarından çıxarılmasını istəyib: “Iş materiallarından belə çıxır ki, istintaq zamanı iki şahid eyni vaxtda, eyni müstəntiq tərəfindən dindirilib. Cinayət işinin materialları arasında imzasız protokollar var. Yanğından sonra hadisə yerinə keçirilən baxış zamanı hazırlanan protokolda iştirakçıların heç birinin ad və soyadı yoxdur. Cinayət işi üzrə materiallar o qədər məsuliyyətsiz hazılanıb ki, şahidlərdən ifadənin alınması saatları qeyri-adi göstərilib. Məsələn, qeyd edilir ki, ifadənin alınmasına 12:30-da başlanılıb, 12:05-də başa çatıb. Bu necə mümkündür?”

Vəkil onu da qeyd edib ki, Miryusif Mahmudov “QlobalStone” MMC-nin təsisçisi olsa da faktiki rəhbəri olmayıb.

Qəzənfər Novruzovun vəkili onun səhhətinin ağır olduğunu və daim həkim nəzarətində saxlanılmalı olduğunu vurğulayaraq, barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, bütün vəsatətlərə hazırlıq iclasının yekun qərarında qiymət veriləcək.

Hazırlıq iclası iyunun 28-də davam edəcək.

Xatırladaq ki, 2015-ci il mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb. Ümumilikdə iş üzrə zərərçəkmişlərin sayı isə 150 nəfərə yaxındır.

Aytən