Alonso Bakıda sürücülük vəsiqəsini neçəyə alardı?

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Sürücülük vəsiqəsi satılan bir ölkədə “Formula-1″ yarışması keçirilirsə, əslində, Göydən Yerə daş yağıb. Camaatı səfil günündə olan, neft böhranı ilə hər gün daha dərinə batan bir ölkənin belə bir yarışmaya böyük pullar səpələyib bədxərclik eləməsi dəhşətdir, amma həm də dərin gülüş və ikrah doğurur. Təsəvvür edin ki, ”sürücülük bacarığı” sınağından adamlar rüşvətlə keçib vəsiqə alır və sonra da dünyanın ən məşhur sürücülük bacarığı yarışmasına baxıb əl çalır.

Guya indi biz sürücülük bacarığını yüksək qiymətləndiririk?

Heç düşündünüzmü ki, “Formula-1″ ulduzları Fernando Alonso, yaxud Luis Hamilton Bakıda sürücülük imtahanından keçə bilərdimi, sürücülük vəsiqəsini neçəyə alardı?

Kül dünyanın başına ki, idman yarışlarını korrupsioner rejimlərə həvalə etməyi qənimət bilirlər. Qəhr olsun belə yarışmalar, belə idman!

Bu ölkədə iki gündən bir sərnişin avtobusu qəzaya uğrayır. Yol qəzalarında ölüm halları hədsiz çoxdur və bunun da başlıca səbəbi elə korrupsiya, pis idarəçilikdir. Gedib o yarışmaya əl çalana kimi, düşünün ki, yollar sizin və ailə üzvləriniz üçün təhlükə mənbəyidir. Hər şey yazılır “yol canavarı” adlı mistik səbəbin adına, halbuki normal ölkələrdə yol qəzalarının çoxluğuna görə məsuliyyəti hökumətlər daşıyır. Bir çox ölkələrdə həyata keçirilən effektli tədbirlər nəticəsində qəzaların sayı minimuma enib, xəsarət alanların və ölənlərin sayı hədsiz azalıb. Bütün ölkələrin hökumətləri bunu etməyə məcburdur.

Dünya Səhiyyə Təşkilatının 2015-ci il hesabatına görə, yol-nəqliyyat hadisələri zamanı əhalinin 1000 nəfərinə düşən ölüm hallarına görə Azərbaycan orta Avropa göstəricindən də xeyli aşağıda yer tutur. Isveç və Böyük Britaniyada bu göstərici 3 olduğu halda, Azərbaycanda 10-dan çoxdur. Üstəlik, adı çəkilən ölkələrdə 1000 nəfərə 450-dən çox, Azərbaycanda isə 100-dən də az avtomobil düşdüyünü, yəni onlardakı nəqliyyat vasitələrinin sayının bizdəkindən təxminən 5 dəfə çox olduğunu nəzərə aldıqda, fərqin nə qədər acınacaqlı olduğunu daha yaxşı başa düşə bilərik.

“Formula-1″ə bu qədər pul xərcləməkdənsə, yol qəzalarının sayını aşağı salmaq, qəzalardakı ölümləri azaltmaq olmazmı? Deyə bilərsiniz ki, bu, mümkündürmü, bunun da bir yolu varmı?

Əlbəttə! Elə bunu nəzərə alaraq, BMT Baş Assambleyası 2010-cu ildə yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının iki dəfə azaldılması barədə “Onillik Fəaliyyət Proqramı” qəbul edib. Gerçək nəticələr sübut edir ki, doğru yanaşma və effektli tədbirlərlə hökumətlər yol-nəqliyyat hadisələrinin zərərlərini kifayət qədər azalda bilər. Il ərzində əhalinin 1000 nəfərinə düşən yol-nəqliyyat ölümlərinin sayının azaldılmasına görə Avropa ölkələri artıq kəskin irəliləyiş əldə ediblər. Azalma ilbəil müşahidə edilməkdədir. 2010-cu ildən bu yana ölüm halları bütün Avropa üzrə ümumilikdə 8,1% azalıb. Bizdə isə rəsmi rəqəmlər heç bir azalmadan xəbər vermir. 2010-cu ildə yol qəzalarında həlak olanları sayı 925 nəfər olmuşdusa, 2014-cü ildə 1124 nəfərə çatıb. Azalmaq əvəzinə artıb.

Çünki yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik və korrupsiya hökm sürür. Avtomobillərin texniki vəziyyətinə və sürücülərin yetənəyinə obyektiv nəzarət edilmir, sürücülük təhsili rüşvətə uğrayıb, yol-hərəkət nişanları azdır, yollar, yol birləşmələri və keçidlər risklidir, ədalətli məhkəmə sistemi yoxdur, polis orqanlarında özbaşınalıq hökm sürür, hesabatlılıq və ictimai nəzarət yoxdur…