Yaxud, Səlim Müslümov niyə traktorçu tapa bilmir?
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib ki, bu gün əksər fəhlə ixtisasları üzrə kadr çatışmazlığı mövcuddur.
Nazirin sözlərinə görə, buna səbəb SSRI-nin dağılması ilə əlaqədar ittifaqa üzv olan ölkələrin hamısında peşə təhsil sisteminin də dağlmasıdır: “Yəni, o peşələr öz populyarlığını itirdi. Zavod, fabrik, digər istehsal müəssisələri bağlandıqdan sonra bu peşəyə maraq itdi. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsi olduqca sürətlə inkişaf edir, lakin bu sahədə müəyyən işləri həyata keçirmək üçün kifayət qədər fəhlə yoxdur. Iş o yerə çatıb ki, kəndlərdə bir traktorçu tapanda sevinirik” – deyə Səlim Müslümov bildirib.
Cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, bu ölkə 23 ildir fəhlə “istehsal” edir. Bəli, bu gün ali təhsillilərin fəhlə işləməsi təbii hal alıb, normadır. Tikintidə sement qarışdıran, restoranda ofisiantlıq edən, bazarda badımcan satan, avtobusda carçı işləyən, Rusiyanın çöllərində həyatını puç edən ali təhsillilərdi.
Hökumətimizin “uzaqgörən” və “düşünülmüş” siyasəti nəyicəsində ali məktəblər də diplomlu fəhlə buraxır. Yəni, bu gün Azərbaycanda yeganə bolluq fəhləlik sahəsindədir. Əgər qul bazarlarında, körpülərin altında, prospektlərin kənarında dayanıb müştəri gözləyən fəhlələrin statistikasını aparsaq, minlərlə insanın fəhləlik etmək üçün iş axtardığının şahidi olarıq. Amma bu hakimiyyətin dövründə yeganə real sektor olan tikinti sahəsi də çökdüyü üçün, fəhləlik etmək üçün yer tapmaq da müşkülə çevrilib.
Peşə təhsil sisteminin dağılmasına, traktorçu qıtlığına gəlincə, günahı SSRI-nin üstünə atmaq lazım deyil. “Analoqsuz inkişaf” şüarı ilə silahlanmış komanda üçün peşə məktəblərini bərpa etmək, ixtisaslı kadrlar yetişdirmək çətin olmamalıydı. Bu illər ərzində təhsil siyasəti, kadr siyasəti düzgün qurulsaydı, bu sahələrə ayrılan milyardlar təyinatı üzrə xərclənsəydi, nəticə tamam fərqli olardı. Hakimiyyət ehtiyac olmadığı halda nazirliklərə dəbdəbəli binalar, bir-birini təkrarlayan komplekslər, mərkəzlər tikmək əvəzinə, zavodlar, fabriklər tiksəydi bu gün çatışmazlıqlar üzə çıxmazdı. Yaxud, kənd təsərrüfatı sahəsində çalışanlara normal əməkhaqqı verilsəydi, traktorçu da, kombaynçı da, pambıqçı da öz peşəsinə sevgiylə yanaşardı. Amma təəssüflər olsun ki, problem təkcə traktorçu da deyil, rəsmən etiraf olunub ki, savadlı hüquqşünas tapmaq da müşkülə çevrilib. Yəni, dağıdalan təkcə peşə məktəbləri deyil, orta məktəb də, ali məktəb də dağıdılıb. Azərbaycanın təhsil sistemi traktorla şumlanıb, korrupsiyadan başqa heç nə yetişdirilməyib.
Əgər 23 il ərzində peşə təhsil sistemi bərpa edilməyibsə, adi traktorçu tapmaq müşkülə çevrilibsə, demək çatışmazlığı başqa yerdə axtarmaq lazımdır.
Bəli, bu ölkənin bu vəziyyətə düşməsi, normal nazir, normal icra başçısı, normal komitə sədri, normal deputat, bir sözlə normal hökumət olmamasıyla bağlıdır. Ölkədə normal hökumət çatışmazlığı mövcuddur.
Əgər bu çatışmazlıq aradan qaldırılsa, peşə təhsil ssitemi də düzələr, traktorçu da tapılar. Deməli, əsas olan hökumətin dövlətin və xalqın fəhləsinə çevrilməsidir.
İlham