Nazirlikdən müəllim diplomuna hörmətsizlik

tehsil_nazirliyiMüəllimlərin təkrar imtahandan keçirilməsi absurddur

Dünən Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları keçirilib.

Təhsil Nazirliyindən bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ümumi elektron sənəd verən namizədlərdən 2107 nəfərin ərizəsi təsdiqlənib. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.

Həqiqətən də təhsil sistemini gülməli vəziyyətə salıblar.  Ölkə daxilində diplomlar etibarsız sayılırsa, bu diplomlar ölkə xaricində necə etibarlı sayıla bilər? Normalda ali təhsil diplomu alıb, sinif otağına daxil olan müəllimin yenidən imtihana çəkilməsi anormal görünür. Belə çıxır ki, Azərbaycanda verilən diplomların savad və biliyi ifadə etmədiyini təhsil nazirliyi etiraf edir. Özləri də bilirlər ki, tapşırıqla, rüşvətlə, tanışlıqla diplom almaq da, ali məktəbi yüksək qiymətlərlə bitirmək də mümkündür.

Digrə tərəfdən müəllimlər bir müddət əvvəl diaqnostik testdən keçdilər. Düzdü bu testin nəticələri mənfi oldu. Hətta etiraf edildi ki, elmi dərəcəsi olan müəllimlər də imtahandan keçə bilməyib. Amma bu imtahanlardan sonra yenidən müəllimlərin test imtahanından keçirilməsi absurd görünür. Əgər bir şəxs bir müddət əvvəl imtahadan keçibsə, yenidən imtahan etməyə nə ehtiyac var? Belə çıxır ki, diaqnsotik qiymətləndirmə də görüntü xarakteri daşıyır və bu sınaqdan da savadsızlıqla çıxmaq mümkündür.

Daha böyük absurd ondan ibarətdir ki, bu test imtahanları müəllimlərin bir rayondan digərinə keçməsi üçün tətbiq edilir. Sanki, təhsil standartları, fizikanın, kimyanın, ədəbiyyatın təyinatı bölgələr üzrə dəyişir. Əgər bu şəxs Lənkəranda ədəbiyyat fənnini tədris edirsə, Masallıda da eyni fənni tədris edəcək. Belə çıxır ki, müəllim hər dəfə rayon dəyişəndə biliyi yoxlanmalıdır?

Göründüyü kimi olduqca absurd bir ənənə formalaşdırıblar.  Bəlkə də bütün bu hoqqalar növbəti qazanc mənbəyidir. Əvvəlcədən savadsız müəllimləri işlə təmin edirlər, sonra onları imtahanla qorxudub, pullarını alırlar. Nəticədə savadsız müəllimlərə savadlı kadr yetişdirmək tapşırılır.

Bir sözlə, Azərbaycanda ali məktəblərin verdiyi diplom, Azərbaycanın özündə tanınmır. Işə götürənlər diplomun əhəmiyyət kəsb etmədiyini bildikləri üçün, iş istəyəni öz imtahanından keçirir. Yəni, bu ölkədə ali məktəb diplomu bu qədər hörmətsizdi.

Samir