17 iyun 2016-cı il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə vəkil Müzəffər Baxışovun Vəkillər Kollegiyasına qarşı Kollegiyanın M.Baxışovun Kollegiyadan xaric edilməsi tələb ilə məhkəməyə müraciət edilməsinə dair 01 aprel 2016-cı il tarixli qərarından verdiyi iddia ərizəsinə baxılması üzrə iclas keçirilib. Məhkəmə iclasında vəkil Müzəffər Baxışov iştirak edib. VK-ın nümayəndəsi başqa bir məhkəmədə iclasda iştirak etdiyini bildirərək məhkəmə iclasına gəlməmişdi. Sədrlik edən hakim M.Baxışovdan qarşı tərəfin iştirakı olmadan işə baxılması barədə fikrini soruşub. M.Baxışov qarşı tərəf olmadan işə baxılmasını istəyib.
Bundan sonra sədrlik edən hakim məhkəmə işini davam etdirib. O, M.Baxışvoun iddiasının inzibati məhkəmədə baxılmasnın mümkünlüyünü müzakirə edildiyini elan edib və M.Baxışovdan bu məsələ ilə bağlı izahatını soruşub.
M.Baxışov onun VK-dan xaric edilməsi məsələsinin inzibati hüquq münasibət olduğunu bildirərək qeyd edib ki, VK vəkillərin vahid reyestrinin aparılmasında və vəkillərin intizam məsuliyyəti məsələlərində dövlət hakimiyyət səlahiyyəti keçirir. Vəkillər Kollegiyası qeyri-dövlət hüquqi şəxs olsa da, ona üzvlük birləşmək azadlığına əsaslanmır və vəkil olmaq üçün Kollegiyaya üzvlük icbaridir. Qeyd olunanlara əsasən həmin münasibət (onun Vəkillər Kollegiyasından xaric olunması məsələsi) xüsusi hüquq münasibəti deyil, publik hüquq münasibətidir. Publik hüquq münasibətləri üzrə mübahisələrə isə aidiyyət üzrə inzibati-iqtisadi məhkəmələr baxmalıdır. M.Baxışov mövqeyini əsaslandırmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququna, Ali Məhkəmə Plenumunun qərarına, inzibati mühakimə icraatı haqqında elmi ədəbiyyata, peşə birliklərinə dair QHT vəsaitinə və Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin vahid təcrübəsinə istinad edib.
M.Baxışovun izahatından sonra sədrlik edən hakim ona bildirib ki, mümkünlüklə bağlı məsələni müzakirə etmək üçün VK-ın mövqeyini də dəqiqləşdirməlidir və buna görə də məhkəmə iclasını VK-ın nümayəndəsinin iştirakını təmin etmək məqsədilə təxirə salır. Həmçinin sədrlik edən hakim M.Baxışovun izahatına münasibətdə qeyd edib ki, bu məsələdə bizim öz yerli qanunvericiliyimiz var. Bu baxımdan o, Avropa Məhkəməsinin presedent hüququna və başqa ölkələrin təcrübəsinə istinad etməməlidir. Avropa Məhkəməsinin presedent hüququna o halda istinad etmək olar ki, bu məsələdə yerli qanunvericilik olmasın. Buna əsaslanaraq sədrlik edən hakim M.Baxışovdan izahatlarında yerli qanunvericiliyə istinad etməsini tələb edib.
Bundan sonra, məhkəmə Vəkillər Kollegiyasının nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə növbəti iclasını 28 iyun 2016-cı il tarixə təxirə salınıb. Həmin iclasda M.Baxışovun VK-na qarşı iddiasının inzibati məhkəmədə baxılmasının mümkünlüyü araşdırılmağa davam etdiriləcək.
Qeyd edək ki, 01 aprel 2016-cı il tarixdə VK vəkil M.Baxışovun VK-dan xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul etmişdi. Həmin qərar əsasında VK Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi. Vəkil M.Baxışov isə VK-ın qeyd olunan qərarının ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. Vəkil M.Baxışovun qaldırdığı iddia ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon Məhkəməsi VK-ın iddiasının baxılması üzrə icraatı inzibati məhkəmədə iş baxılıb yekunlaşana kimi dayandırıb.