Milyonçular gecəsi və qamış daxmaların sakinləri…

zumrud-yagmur-yeniZümrüd Yağmur

yagmurzumrud@gmail.com

Qəribə, bəlkə də əcayib bir hal yaranıb. Bir gün oxuyursan ki, hansısa beynəlxalq qurumdan, məsələn, 750 milyon kredit alınıb. Səhəri gün də oxuyursan ki, SOCAR və ya başqa dövlət qurumu 150 milyon hansısa beynəlxalq yarışa pul xərcləyib. Qalırsan məəttəl ki, axı borc alıb sonra da ona-buna hava atıb, beynəlxalq yarışmalara pul xərcləmək, “Formula-1” keçirmək bunların nəyinə yaraşır? Bu bayağı və özünü bilməz şəkildə pul xərcləmələr kimə və nəyə lazımdır? Ölkə uçurumun astanasındaykən, iqtisadi böhran qapıdaykən bu bədxərclikləri niyə edirlər?

Əslində, bilirsiniz bu, nəyə bənzəyir?! Ən yaxşı halda geyinmək və ya əyləncə həvəskarı olan bir qadının borc alıb, həmin borcla da geyinib lovğalanmasına…

Çox qəribə və bayağı, ürəkbulandırıcı haldır, deyilmi? Bəlkə də ilk baxışdan o bayağı qadının da, elə bizim hakimiyyətin də dəbdəbəli halı cazib görünə bilər, amma anlayana yaxından mənzərə doğrudan da bayağı və çox ucuz görünür.

Axı necə olur, devalvasiyadan sonra banklara kredit borcu olan insanların halını yüngülləşdirmək istəməyib “pul yoxdur” deyən hakimiyyət indi Fransada keçirilən futbol cempionatında stadionlara bir SOCAR kəliməsi yazılsın deyə 150 milyon pul xərcləyir?!

Günəşli yatağında ölən neftçilərin ailələrinə pul verilmədi, amma “Formula-1” yarışlarına 153 milyon pul xərcləndi.

Ölkədə, xüsusən kənd məktəbləri viranə haldadır, hətta uçuq-sökük daxmalar belə məktəb binası kimi fəaliyyət göstərir. Amma bunlar dünyanın müxtəlif yerində ən müsir standartlara cavab verən məktəb binaları tikir. Kənarda özlərini güya mədəni və sanballı göstərmək üçün Vatikanda, Fransada tarixi abidələri, muzeyləri, kilisələri təmir etdirir, ölkədəsə tarixi binaları və məscidləri yerlə bir edirlər.

Xaricdə təhsil proqramını ləğv edib əvəzində Heydər Əliyev mərkəzinə “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği” ilə məşğul olmasına (?) bu il büdcədən 3 milyon 511.2 min manat ayırırlar…

Yekə-yekə Qarabağı alacaqlarından, “lazım”dan danışırlar, amma Qarabağda həlak olan şəhidlərin yaxınlarının qamış daxmalarda yaşamasına göz yumurlar.

O qamış daxmalarda böyüyən oğulların haqqını öz övladlarının harın həyat tərzini təmin etmək üçün oğurlayıb, sonra da “şəhidlik” acısını onların valideyinlərinin ürəyinə yükləyib, heç bir əzab çəkmədən talama və yağmalama siyasətinə davam edirlər.

Bu günsə bəlli olub ki, Bakıda “milyonçular gecəsi” təşkil olunub. Masanın birinin qiyməti 2- 10 min arası dəyişən bu gecənin sakinləri heç şübhəsiz ki, məmurların harın övladları olacaq.

Bir tərəfdə harınlar və toxlar, digər yandasa əzilmiş, gələcəyə və hətta az qala Allahın ədalətinə belə inamını itirmiş toplum… Yetim buraxılmış toplumun haqqı üzərində dəbdəbəli həyat qurmuş azğınları qamış daxmalarda böyüyüb şəhid olmuşların analarının ahı tutmursa, bəlkə də bu məmləkətdə Allahın ədalətinə olan inamı saxlamaq doğrudan da çətin məsələdir?!

Müasir dövrdə inkişaf etmiş ölkələrdə dövlət vətəndaşın necə deyələr, valideyni rolunu oynayır. Ona görə də vətəndaş öz həyatından, gələcəyindən əndişə duymur, rahat oxuyur, işləyir. Azərbaycan vətəndaşının valideyini olmaq rolunu üstlənmək istəyənlərsə evdə zalım, qoluzorlu, güya avtoritar, əslindəsə, yalançı və yaramazın təki olan, oğurluq edib öz ailəsinə baxmayan, əlindəki pulu əxlaqsızlığa, bayağı həyat tərzinə xərcləyən, ən yaxşı halda sorumsuz adlandıracağımız bir ailə başçısını xatırladır.

Özü də təkçə bununla qalmırlar, o “ailənin” bütün mənəvi və fiziki cəhətdən tükənməsi, məhv olması üçün əllərindən gəlməyəni belə edirlər.

Yeri gəlmişkən, kimsə bu pulların elə təyinatı üzrə tam xərcləndiyini düşünəcək qədər sadəlövh də deyil. Bu milyonlardan nə qədəri “yan kassaya” gedir, yuxarıdan aşağıya necə pay-püş edilir, bu da başqa məsələ…

Amma bəzən insan özünü bildiklərindən qorumaq da istəyir, duyğuların dili ilə düşünmək, danışmaq istəyir. Bunlara vicdan, onun duyula biləcək əzabını, peşimançılıq hissini, bir sözlə, mənəvi dəyərlər yükləmək istəyir. Amma olmur, çünki bütün bu olanların xəta olmadığını görürsən. Xəta bilinmədən ediləndir, yoxsa ki, düşünülüb, hətta yalanla da gizlədilməyə çalışılan, şüurlu şəkildə seçilən bir əməl xəta deyil. Bu baxımdan da Azərbaycanda illərdir törətdikləri bilinməyən bir xəta deyil, şüurlu seçimdir və bu seçimin də bir adı var – düşmənçilik…