Azad söz yoxdursa…

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Təzəlikcə Ilham Əliyev xaricdə yaşayan azərbaycanlı iş adamlarına səslənmişdi, onları vətənlərinə investisiya qoymağa çağırmışdı.

Eyni günlərdə ölkənin ən tirajlı tənqidçi mətbu orqanı – “Azadlıq” qəzeti bağlanmaq təhlükəsi ilə qarşı-qarşıyadır. “Nə əlaqəsi var?” deməyin. Çox əlaqəsi var.

Amma mən sadəcə, iki əlaqə göstərməklə kifayətlənəcəm.

  1. Bir ölkədə azad biznes mühitini formalaşdıracaq ən önəmli ünsürlərdən biri azad sözdür.

Söz azadlığının olmadığı yerdə azad biznes də yoxdur.

Necə ki, azad seçki də yoxdur, azad yaşam da.

Iş adamlarını Azərbaycana investisiyaya yatırmağa çağırarkən 21-ci yüzilin bu adi, sadə həqiqətini də gözardı etməmək gərəkir.

Bir ölkəni biznes üçün cazibədar etmək istəyirsinizsə, öncə o ölkədə demokratik təsisatların işləməsinə imkan yaradacaqsınız. Məsələn, vətəndaş cəmiyyətini boğmayacaq, onu öz iradənizə tabe etmək istəməyəcəksiniz.

Məhkəmələri siyasi iradənizin girovuna çevirməyəcək, onları sifarişli, qərəzli, tərəfli hökmlərin ünvanına çevirməyəcəksiniz.

Söz, ifadə özgürlüyünü çeynəməyəcək, həbsxanaları tənqidçi səslərlə, müxalif qələmlərlə doldurmayacaqsınız.

Ki, ölkədə şəffaflıq, hesabatlılıq da olsun.

Olmayacaqsa, hansı ağlı başında iş adamı pullarını Azərbaycana əmanət edə bilər?

Yalnız bu sadalananların var olduğu bir ölkə istənilən iş adamı üçün cəlbedici ola bilər.

Belədə hər hansı çağırışa-filan da ehtiyac qalmayacaq, hər kəs sizin ölkədə işləməkdə, investisiya yatırmaqda, biznes qurmaqda maraqlı olacaqlar.

  1. Çağdaş dünyada qəzetçilik də biznesdir.

Amma siz nə edirsiniz?

Bir yandan xaricdəki iş adamlarını ölkəyə dəvət edərkən, o biri yandan bir qəzetin halal pulunu iki ildir vermək istəmir, o qəzetin redaksiyasını əlindən almaq, əməkdaşlarını həbs etmək, qondarma məhkəmə qərarları ilə cərimələtmək azmış kimi, bir də maddi məhrumiyyətlərlə baş-başa buraxırsınız.

Bunu kənardan görən iş adamı niyə Azərbaycana investisiya qoysun ki?

Hüseyn Arabuldan Zülfüqarlı qardaşlarınacan çeşidli iş adamlarının başına gətirilənləri bir qırağa qoyuram.

Elə son günlərdə “Qanun” nəşriyyatı ilə “Azadlıq” qəzetinə qarşı baş verənlər, bu baş verənləri ortaya çıxaran və yaşadığımız çağ üçün utancverici olan səbəblər ortada ikən kim Azərbaycanda biznes qurmaq istəsin?

Dünənəcən milyardlarla dollarlıq xarici investisiyadan danışılırdı, amma burada neft adlı faktor da vardı.

Artıq neft yoxdur. Daha doğrusu, neftin əvvəlki qüdrəti, cazibədarlığı yoxdur.

Bundan sonra Azərbaycanı istənilən xarici investor üçün cəzbedici hala gətirməyin bircə yolu var: insan hüquq və azadlıqlarına sayğı göstərmək. Demokratik idarəçiliyə nail olmaq.

Amma bu ölkədə bir yandan siyasi sifarişli, gülünc məhkəmə  qərarları verilməyə davam edir, o biri yandan söz azadlığının ölkədəki son qalası da xaraba qoyulmağa çalışılırsa, deməyə söz də qalmır.

Inciməyin, amma zamanın ruhu bunu deyir: dünyanın heç bir yerindən kimsə isti yerini soyuq eləyib, indiyədək min bir məhrumiyyətlə qazandığı varidatı bu cür anti-demokratik, qeyri-şəffaf, hüququn asanlıqla tapdandığı ortama əmanət etməz, göz görə-görə riskə atmaz.

Məndən bu qədər, cənab yapçılar. Ancaq yenə də əlbəttə, özünüz bilərsiniz.

***

Sonda sözüm bu ölkənin indisindən və gələcəyindən nigaran olan hər kəsədir.

“Azadlıq”ın hansı ağır maddi və mənəvi şərtlər altında hələ də çıxa bildiyini demək artıqdır.

Amma görünən odur ki, lətifəsi qəzetimizdən uzaq, “divar qurtarmaqdadır”.

Hər keçən gün ölkənin tənqidçi mətbuatının son qalasının görüşünüzə gəldiyi son gün ola bilər.

“Azadlıq”ı yaşatmaq üçün əlinizdən gələni əsirgəməyin. Ki, gözəl, işıqlı gələcəklə bağlı ümidlərimiz bir az da solmasın.