Nemət Əliyev: «Korrupsiya, rüşvət, inhisarçılıq istiqamətlərindəki problemlər həllini tapmasa, iqtisadiyyatda vəziyyət daha da pisləşəcək»
Manatın iki devalvasiyasından sonra hökumət yaranmış və getdikcə daha da dərinə işləyən maliyyə böhranını aradan qaldırmaq üçün kağız üzərində bir sıra addımlara imza atdı. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması, maliyyə monitorinqinin həyata keçirilməsi bu addımlar sırasına daxil idi. Amma hökumətin qəbul etdiyi bu qərarların heç bir nəticə vermir.
Bunu iqtisadiyyatın bütün sahələrində müşahidə olunan geriləmə də sübut edir. Ölkə iqtisadiyyatı kreditləşmədən demək olar ki, tam formada məhrum olub. Hökumət, ələxsus da dövlət başçısı sosial layihələrin ixtisara salınmadığını bəyan etsə də, hökumətin öyündüyü ipoteka layihəsi faizlə deyil, dəfələrlə – 32 dəfə aşağı düşüb. Sənayə tənənzül yaşayır, xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bank sektoru üzləşdiyi böhranlı durumdan çıxa bilmir. Banklardakı əmanətlərdə dollarlaşma hər ötən ay daha da artır, problemli kreditlər də getdikcə daha geniş miqyası əhatə etməkdədir.
Nəyə görə, hökumətin reallaşdırdığı anti-böhran tədbirləri nəticə vermir? Bunun səbəbi nədir?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycan hökumətinin anti-böhran tədbirləri kimi təqdim etdiyi addımların nəticə verməməsinin səbəbi hökumətin problemin miqyasını tam dərk etməməsi ilə bağlıdır. N.Əliyevin sözlərinə görə, hökumət ya reallıqları dərk etmir, ya da sadəcə olaraq bunu istəmir: “Digər bir tərəfdən hətta hökumət problemi dərk edibsə belə, onun həyata keçirdikləri hədəfə düzgün istiqamətlənməyib. Hazırda biz müşahidə edirik ki, dövlət başçısı tərəfindən bir sıra fərmanlar verilibdir. Elə bu fərmanların adları da müvafiq olaraq ona işarə edir ki, atılacaq addımlar ölkənin qeyri-neft sektorundakı problemlərin həllinə yönəlib. Amma nəticə yoxdursa, deməli o qənaətə gəlmək olar ki, atılan addımlar düzgün istiqamətləndirilməyib. Buradan belə çıxır ki, böhranın aradan qaldırılması üçün atılan addımlar ya düzgün addımlar deyil, ya da problemin həlli nöqteyi nəzərdən düzgün tətbiq olunmur. Hətta konkret halda qeyri-neft sektorunun inkişafını nəzərdə tutan qərarlar verilsə belə, o qərarları vermək azdır. Həmin qərarların icra olunması yolunda dərinə işləmiş problemlər var, korrupsiya, rüşvət və s. Bu məqamlar ölkə iqtisadiyyatını çökdürür. Bu problemlər çözülmədiyinə görə hətta düzgün qərarlar verilsə belə, onları tətbiq etmək olmur”.
N.Əliyev bildirdi ki, ölkə iqtisadiyyatının normal inkişafını təmin etməkdən ötrü normal mühit yaradılmalıdır. Iqtisadiyyatın diqqət tələb edən sahələrinin inkişafı üçün iri vəsaitlərin tələb olunduğunu deyən N.Əliyev vurğuladı ki, ölkədə ÜDM azalır, qeyri-neft sahələri tənəzzülə uğrayır, maliyyə itkiləri həddindən artıq böyüyüb, xeyli dərəcədə iri investisiya vəsaitlərindən məhrum olmuşuq: “Daxili investorlar sahib olduğu vəsaitləri Azərbaycandan kənara yönəldirlər. MDB daxilində həm ÜDM-ə, həm investisiya qoyuluşuna, həm sənayenin inkişaf səviyyəsinə görə, ölkəmiz ən geridə qalan dövlətdir. Hətta Ermənistandan bir çox parametrlər üzrə geri qalmışıq. Bu onunla bağlıdır ki, ölkədə sahibkarlıq üçün olduqca əlverişsiz mühit yaradılıb. Çox vacibdir ki, qeyri-neft sahələrinin inkişafına pul qoyluşu həyata keçirilsin. Bank sisteminin problemləri həll olunmalıdır, iqtisadiyyat kreditlə təmin edilməlidir”.
N.Əliyev vurğuladı ki, rəsmilər qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atdıqlarını bəyan etsələr də, konkret nəticələr ortalıqda yoxdur. “Əgər qeyd olunan istiqamətlərdə kök salmış problemlər həllini tapmasa, vəziyyətin daha pis, daha dramatik şəkildə ağırlaşmasının şahidi olacağıq”, deyə N.Əliyev bildirdi.
Xəyal