Cəmil Həsənli hakimiyyətin AXCP liderinə düşmən münasibətindən yazdı

cemilhesenli“Elnur Seyidov məhz AXCP sədrinin qaynı olduğu üçün 5-ci ildir İlham Əliyevin girovluğunda saxlanılır”

Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyətin, bilavasitə ölkə başçısı İlham Əliyevin AXCP lideri Əli Kərimliyə qarşı düşmən münasibətindən yazıb. Cəmil Həsənli feysbuk səhifəsində paylaşdığı yazıda diqqəti AXCP liderinin qaynı Elnur Seyidovun artıq 5-ci ildir ki, qanunsuz həbsdə saxlanmasına yönəldib:

Bu yaxınlarda cənab İlham Əliyev Berlində Azərbaycanın demokratiya və insan haqlarına sədaqəti barədə təntənəli bir bəyanat verdi. O, dedi ki, “Azərbaycan demokaratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir. Bu məsələləri həll etmək üçün son zamanlar bir çox addımlar atılıb və bu gün Azərbaycanda bütün azadlıqlar təmin olunub.” Amma görünür, bu hüquqların və azadlıqların Milli Şuranın rəhbər heyətinin üzvü, AXCP sədri Əli Kərimlinin qaynı, beş ildir qanunsuz olaraq girov qismində həbsdə saxlanılan Elnur Syidova aidiyyəti yoxdur. İndi o, məhz Əli Kərimlinin qaynı olduğu üçün “Texnikabank”ın qanunsuz olaraq həbsdə saxlanılan sonuncu nümayəndəsidir.

Keçmiş MTN-in ifşa olunmasından sonra bu bankın saxta ittihamlarla həbs olunmuş bütün işçiləri azad edildi. Mütəşəkkil cinayətkar dəstə kimi fəaliyyət göstərən MTN 2012-ci ildə “Texnikabank”da guya mütəşəkkil dəstənin olması ilə bağlı əməliyyat aparıb kütləvi həbslər keçirmiş, 25 nəfərə qarşı ittiham irəli sürmüş, saxta məhkəmə qararı ilə bunlardan bir çoxuna 7-8 il həbs cəzası verilmişdi. Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən 25 nəfərdən hazırda yalnız Elnur Seyidov həbsdədir. Səbəbi də Əli Kərimlinin qaynı olmasıdır.

Bəli, hansısa bir cinayəti məhkəmə ilə sübuta yetirilməmiş, siyasi proseslərdən uzaq olan bu şəxs ağır xəstə olmasına baxmayaraq, bilavasitə Əli Kərimlinin qaynı olduğu üçün 5-ci ildir ki, AXCP sədrinə təzyiq vasitəsi kimi İlham Əliyevin girovluğunda saxlanılır. Elnur Seyidovun hansı cəfəngiyatda günahlandırıldığına bir anlığa diqqət yetirək: guya Elnur Seyidovun vaxtı ilə müdir müavini olduğu “Texnikabank”ın Yasamal filialında Namiq Xəlilov adlı müştəri 148 min manat məbləğində kredit alıb və kredit kimi aldığı vəsaiti mənimsəyib. Kredit müqaviləsində Elnur Seyidovun nə imzası, nə maliyyə və hüququ öhdəliyi olmadığı halda sadəcə olaraq o, uydurma ittihamla həbsə alınıb. Lakin işin daha maraqlı tərəfi bu məsələyə heç bir aidiyyəti olmayan Elnur Seyidovun həbsinə qədər Namiq Xəlilov tərəfindən həmin kredit məbləğinin 137 min manatının faizləri ilə birlikdə vaxtından əvvəl banka ödənməsidir. Yəni 3 il müddətinə verilmiş kredit vaxtından əvvəl banka qaytarılmışdır. Adam müştəri ilə müqavilə imzalamayıb, müqavilədə hər hansı maliyyə öhdəliyi üzərinə almayıb və kredit faizləri ilə birlikdə müştəri tərəfindən banka qaytarılıb, bank həmin kreditdən gəlir götürdüyünü rəsmi qaydada təsdiq edib və Elnur Seyidova qarşı hər hansı iddia və tələbinin olmadığın istintaq və məhkəmə orqanlarına çatdırıb. Əcəba, bu halda Elnur Seyidovun suçu nədən ibarətdir ki, o, 5 ildir qanunsuz şəkildə həbs yerində girov kimi saxlanılır. Bütün bunların bircə səbəbi var: cənab Əliyev ölkənin məhkəmə və hüquq sistemini karikaturaya çevirib və bu karikaturadan öz siyasi opponentlərinə qarşı bir vasitə kimi istifadə edir.