Demokratik ictimaiyyət dilemma qarşısında – mübarizəni «Azadlıq»la, yoxsa «Azadlıq»sız davam etdirmək…
Xəbər verdiyimiz kimi, “Azadlıq” qəzeti növbəti dəfə çapını dayandırmaq təhlükəsilə üzləşib. Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq”ın redaksiyasına məktubla müraciət edərək, borcun ödənilməsi üçün iyunun 27-nə qədər vaxt verib. Əgər həmin vaxta qədər borc ödənilməsə, qəzetin çapı dayandırılacaq.
“Azadlıq” qəzetinin Azərbaycan Nəşriyyatına iyunun 1-nə qədər 18726 manat borcu yığılıb. Bunun 17 min 662 manatı qəzetin çapı, 1064 manatı isə kommunal xərclərə görədir.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, 2013-cü ildən başlayaraq, qəzetin maliyyə vəziyyəti kəskin pisləşib. Buna da bir neçə hadisə səbəb olub – böyük məhkəmə cərimələri, metro stansiyalarında qəzet satışının qadağan olunması, küçədə səyyar satışın ləğv edilməsi, KIV-ə Dövlət Dəstəyi Fondunun “Azadlıq” qəzeti ilə əməkdaşlığı dayandırması, “Qasid” yayım firmasının qəzetin satışından əldə olunan 69 min manat vəsaiti bu günə qədər ödəməkdən imtina etməsi…
“Son bir ildən artıq müddətdə ölkədə sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi vətəndaşların və yayımla məşğul olanların vəziyyətinə və bunun nəticəsi olaraq, qəzetin satışına mənfi təsir göstərib. Yayım firmalarının qəzetə ödəmələrində də problemlər yaranıb. Ikinci devalvasiyadan sonra qəzet kağızının qiyməti 50 faiz, çap xərci isə 25 faiz artırılıb. Cərəyan edən bütün neqativ proseslər ”Azadlıq”ın ağır maliyyə vəziyyətini daha da pisləşdirib. 2016-cı il iyun ayının ortaları olmasına baxmayaraq, redaksiya əməkdaşlarına 2015-ci il üzrə olan maaş borclarını ödəyə bilməyib”, – deyə Rahim Hacıyev bildirib.
Rahim Hacıyevin sözlərinə görə, ağır sosial-iqtisadi böhran vəziyyəti abunə kampaniyasına da ciddi zərbə vurub: “Qəzetin bu günə qədər fəaliyyətini davam etdirməsi redaksiya kollektivinin faktiki fədakarlığı nəticəsində mümkün olub. Biz demokratik ictimaiyyətin və oxucularımızın qəzetin fəaliyyətini dayandırmasının qarşısının alınması üçün ciddi səylər göstərəcəyinə böyük ümidlər bəsləyərək işimizi davam etdiririk. Istər qəzetin kollektivi, istərsə də söz azadlığının ölkə üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini dərk edən demokratik ictimaiyyət demokratiya uğrunda mübarizədə faktiki dilemma qarşısında qoyulub – mübarizəni ”Azadlıq”la, yoxsa “Azadlıq”sız davam etdirmək…”
Biz ölkənin ictimai-siyasi həyatını “Azadlıq”sız təsəvvür etmirik, bəs siz?..