SOCAR-ın 120 milyonluq “səxavəti”

socar-logoVətəndaş səfalət çempionu olub, hökumət futbol çempionatına sponsorluq edir

Əvvəlki yazılarımızda da qeyd etmişik ki, Azərbaycan hökumətinin qənaət etmək, islahat aparmaq, anti-böhran tədbirləri görmək niyyəti yoxdur. Daha dəqiq ifadə etsək, qənaət də, islahat da, anti-böhran tədbiri də sadə vətəndaşın cibinə girməkdən ibarətdir. Cərimələri artırırlar, qiymətlər qalxır, iş yerləri bağlanır və nəticə etibarilə zərbə vətəndaşa dəyir.

Ən pisi isə budur ki, hökumət bu qədər ağır vəziyyətdə də dövlətin sərvətini talan etməkdən, mənasız layihələrə pul xərcləməkdən imtina etmir. Indi də məlum olur ki, SOCAR Fransada keçirilən futbol üzrə Avropa Çempionatına sponsorluq edir. Bəli, Vatikanda, Serbiyada, Fransada, Dağıstanda xeyriyyə layihələrini başa çatdırdılar, indi də futbol yarışına sponsorluq edirlər. Hansıki, bu yarışlarda iştirak edən istənilən komandanın futbolçularının ümumi qiyməti SOCAR-ın büdcəsindən çoxdur. Yaxud, Avropada sıradan bir futbol komandasının büdcəsi SOCAR-ın büdcəsindən çoxdur. Amma bütün bunlara baxmayaraq SOCAR Avropa çempionatına sponsorluq etmək qərarına gəlib.

“Biz hər manatın qədirin bilməliyik” deyənlər, milyonları havaya sovurmaqda davam edirlər. Faciə burasındadır ki, SOCAR-ın 7 milyard dollardan artıq xarici borc var. Yəni SOCAR-ın özünə sponsor lazımdır.

Digər tərəfdən, “Günəşli” yatağındakı partlayış nəticəsində həlak olan neftçi ailələrinə hələ də kompensasiya verilməyib. Neftçi ailələri hələ də ARDNŞ-nin binası qarşısında aksiya keçirirlər. Bəli, vətəndaşa 1 manat xərcləmək istəməyən SOCAR, futbol çempionatına 120 milyon manat xərcləyib. Bu vəsaitlə ölkədə xeyli problemi həll etmək olardı, dollarla krediti olanların 50 faizini devalvasiyadan dəyən zərərdən qurtarmaq olardı, bu vəsaitlə yüzlərlə məcburi müalicəyə ehtiyacı olan uşağı müalicə etdirmək olardı.

Hakimiyyət bir tərəfdən dünyadan kredit istəyir, valyuta ehtiyatlarının azalmasından danışır, o biri tərəfdən büdcəni talan edir.

Yüz milyardlarla neft pulunu mənimsədikləri azmış kimi, cüzi vəsaiti də dağıdırlar. Əslində, SOCAR-ın Londonda ziyafətlər verməsi, Avropa çempionatına milyonlar xərcləməsi vətəndaşı təhqir etməkdir. Çünki, ölkə vətəndaşı borc içində çabalayır, insanlar zəruri ehtiyaclarını ödəyə bilmir və neftdən gələn sərvətdən nəsibini almayıb. Normal ölkədə dövlət şirkəti dövlətin əmlakını bu qədər asanlıqla, rahatlıqla məhv edə bilməzdi. Faktiki olaraq ARDNŞ Rövnəq Abdullayevin şəxsi mülkünə çevrilib. Bütün qohum-əqrəbası bu şirkətdə vəzifələrə təyin olunub və milyardları ata malı kimi talan edirlər.

Korrupsiya çempionları çempionatlara sponsorluq edir. Təkcə bu fakt göstərir ki, heç bir böhran, vətəndaşın ah-naləsi hakimiyyəti qətiyyən narahat etmir. Bunlar üçün əsas olan xaricdəkiləri razı salmaq, özlərini səxavətli göstərmək, əcnəbilərin xoşuna gəlməkdi. Avropa Oyunları zamanı da bu aydın göründü.

Bu mənzərədən ən böyük ibrəti Azərbaycan xalqı almalıdır. Xalq anlamalıdır ki, bu hökumət heç vaxt vətəndaşa tərəf dönməyəcək, heç bir uğursuzluqdan dərs çıxarmayacaq. Bunlara Avropa Oyunları, Formula-1, futbol çempionatı lazımdır. Dövlətin vəsaiti ilə öz əyləncələrini təmin edirlər, hobbiləri ilə məşğul olurlar.

Əks halda belə bir acınacaqlı vəziyyətdə SOCAR Avropa çempionatına 120 milyon manat xərcləməzdi. Ən azı xalqın qəzəbindən, ictimai-rəyin basqısından çəkinərdilər. Amma aydın görünür ki, bunlar xalqı ucuz işçi kütləsi kimi görürlər. Ona görə də xalq hakimiyyətdən hesab somalıdır, 9 milyonun haqqını bir neçə ailənin mənimsəməsinə etiraz etməlidir. Fakt budur ki, o çempionatdan sonra Azərbaycanın büdcəsinə, vətəndaşın cibinə 1 manat da daxil olmayacaq. Əvəzində Rövnəqlər və digər bu qəbildən olanlar xalqın bədbəxtliyi üzərində növbəti dəfə xoşbəxt olacaqlar.

Akif