Fərqli fikir ayrı, fərqli vicdan başqa

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Müalicə üçün xarici ölkəyə gedən bir nəfər YAP hakimiyyətinə qulluq etməyə dönüş etmiş keçmiş dostlarını görüb hava limanında. Onu çaya dəvət ediblər tanışları, zatən vaxt da çox olub uçuşa qədər. Lakin dəvəti qəbul etməyib və dönüb ki, bu qədər pislikdən sonra necə çay içə bilər onlarla bir süfrədə.

Keçmiş dostlar təəccüblənib:

– Nə pislik etmişik sənə?

Cavab yenə barışmaz olub:

– Mən bəlkə geriyə salamat dönmədim bu səfərdən, xəstəyəm, həkimlərin nə deyəcəyini bilmirəm, amma çox sağlam şəkildə düşünərək anlayıram ki, övladlarımın haqqını yeyən hakimiyyətə haqq qazandırmaqla şəxsən mənə və balalarıma çox pislik edirsiniz. Bunun başqa adı varmı?

Qarşı tərəfdəkilər nədənsə bir az duruxublar bu cavabdan. Ya mərhəmət hissimi güc gəlib, ya cavab tapa bilməyiblər. Amma biri sükutu olduqca qəribə dəlil söyləməklə pozub:

– Biz sadəcə, fərqli düşünürük!

Yəni dövrümüzün ən böyük hiylələrindən biri dilə gəlib ən sonda.

Yəni fərqli fikrə hörmət etməlisən! Susmalısan!

Ilk baxışdan tutulub qalırsan, əvvəlcə əllərin boşalır, dilin tutulur.

Əcəba, hakim rejim fərqli fikir söyləyən gəncləri tutub həbsə atanda bu adamlardan heç səs çıxmır! Demirlər ki, niyə fərqli fikrə görə kimisə həbs edirsiniz – həbs edəni qınamırlar! Amma onların yalanına qarşı bir söz deyən anda, son silah kimi fərqli fikrə hörmət tələb edirlər.

Bəs hansı fərqli fikirdən söhbət gedir? Varmı belə bir fikir?

Yalanı, cinayəti fərqli fikir kimi təqdim etmək, ona hörmət tələb etmək bizim dövrün ən böyük yaramazlıqlarındandır.

Korrupsiyaya, əxlaqsızlığa, cinayətə, ayrı-seçkiliyə haqq qazandırmaq artıq fərqli fikir deyil, açıq şəkildə qanunsuzluğu müdafiə etməkdir, ən yumşaq halda fərqli vicdandır – vicdansızlıq qismində.

Demokratiya fərqli fikirlərin mümkünlüyü ilə var olur – bunu kimsə inkar etmir. Amma yalanı fərqli fikir adı ilə yaşatmaq haqqı verilməyib bizə və bunun demokratiyaya heç bir dəxli yoxdur.

Yalanla fərqli fikri isə həmişə ayırmaq olur. Nə qədər çətin olsa da, nə qədər yaxın görünsələr belə. Tutaq ki, sən mövcud hakimiyyəti bəyənirsən, partiyasını və liderini dəstəkləyirsən. Sənin fərqli siyasi qüvvəni dəstəkləmək haqqın var. Amma sən saxta seçki ilə hakimiyyətin ələ keçirilməsini qəbul edə bilməzsən. Saxta seçkini cinayət saymalısan. Korrupsiyada əli olduğu üzə çıxanları müdafiə edə bilməzsən. Onların məhkəmə qarşısında durmasını tələb etməlisən, ən azı, bu barədə tələblərə qarşı çıxa bilməzsən. Ictimai fəalların siyasi motivli həbsini müdafiə edə bilməzsən, bunu edənlərin əməlini cinayət saymalısan.

Yoxsa sən fərqli fikir adı ilə hakimiyyətin cinayətlərinə və maraqlarına xidmət elə və hörmət gözlə! Bu lap ağını çıxarmaqdır. Fərqli fikrə hörmət eləmək borcu var hər kəsin qarşısında, amma bu, fərqli vicdana hörmət eləmək borcu deyil, vicdansızlığa sayğı göstərmək borcu deyil.

***

Bizim hakimiyyətin başı ölkənin ən məşhur nəşriyyatı olan “Qanun”da bomba axtarmağa qarışarkən, oradan kitabları, çap formalarını, şərlənərək həbsə atılan siyasətçi Ilqar Məmmədova həsr olunmuş bukletləri götürərkən, 200 kq civarında heroin Azərbaycan sərhədindən keçib. Faktmı istəyirsiniz? Fərqli fikriniz var?

Həmin heroin Gürcüstanda tutulub. Bundan öncə daha böyük partiya tutulmuşdu. Hara baxırlar siyasi fəalların ciblərində, evlərində heroin tapanlar? Neft Akademiyasında qırğının törədilməsində istifadə edilən tapança da Gürcüstandan buraya keçirilmişdi.

Buradan ora, oradan bura təhlükə keçir!

Fərqli fikri olan varmı?