“Azadlıq” qəzetində Xəqani Əliyevin “2800 məmur bir az da Vətənə aşiq olsaydı” başlıqlı sarkazmla dolu çox ciddi bir yazısını oxudum. Dünəndən bu yöndə, yəni intim yazısı olanları qınayan çoxlu sayda yazılara rast gəldim və əsasən söylənilən fikirləri bölüşürəm. Başqalarını bilmirəm, mənim üçün bu yazı bəlkə ən ağır və təhlükəli mövzudur, ancaq susa da bilmirəm. Məni narahat edən başqa məsələdir. Birincisi, bu qədər murdarlığa, əxlaqsızlığa cəmiyyətin susmasıdır. Bu tip əxlaqsızlıqlar ortaya çıxan kimi əxlaqın, namusun nə olduğunu bilən və qorxmayan hər kəs buna elə bir təpki göstərməli idi ki, bununla məşğul olanlar dünyaya gəldiyinə peşiman olaydılar. Cəmiyyət susduğuna görə artıq bu əxlaqsızlıq bir biznesə çevrildi. İkincisi, sanki, artıq biz insanların yataq otaqlarının izlənməsini, qeydə alınmasını normal hal kimi qəbul edirik. Yadınızdadırsa, ictimai xadim olan bir xanım haqqında intim səhnələr yayılanda bu addımı atanlar haqqında ən sərt mövqeni “bu səhnəni qeydə alanlar, yayanlar və yayılmasında yardımçı olanların ailələrində hökmən əxlaq problem var” deyə sərgiləmişdim. Elə həmin yazıda da qeyd etmişdim ki, bu işi araşdıranlarda da əxlaq problemləri yoxdursa hökmən əxlaqsızlıq edib intim səhnənin qeydə alınması barədə tapşırıq verənlər, icra edənlər cəzalandırılmalıdırlar. Bu gün yenə eyni mövqe sərgiləndiyindən mövzuya daha ətraflı qayıdıram. Bu məsələdən birinci dəfə siyasi məqsəd üçün istifadə edilmişdir. Elə adı çəkilən yazımda da qeyd etmişdim ki, “əminəm ki, bu işdə canfəşanlıq edənlərin özləri də nə vaxtsa eyni əməllərin qurbanı olacaqlar”. İndi əminəm ki, həmin o 2800 videonun içində vaxtilə bu murdarlığı edənlərin, onlara yardımçı olanların, həmin videonu bəh-bəhlə tirajlayanların, bundan sevinənlərin də görüntüləri var. Bir daha təkrar edirəm, özü KİŞİ olan bir nəfər də bu murdarlıqla məşğul olmazdı. Bununla məşğul olanların hökmən ailələrində əxlaq problem var. Videosu olduğunu bilib susanlar, vaxtilə belə görüntülərə görə hərrac ödəyənlər də suçsuz deyil. Onların da suçu gözükölgəli olmalarıdır. Əlbəttə ki, mənim dediklərimin Əxlaq, Namus məsələsini ancaq qurşaqdan aşağı düşünənlərə aidiyyatı yoxdur. Mənim üçün bu anlayış daha geniş və çoxşahəlidir. Mənim üçün başqasının haqqını yemək, əmlakını, biznesini zorla əlindən almaq, rüşvətlə Qarabağ qazisinə arayış satmaq, təhsili, insanların sağlamlığını pula satmaq, hansısa qadınla yataq otağına girməkdən daha ağır əxlaqsızlıqdır. Əminəm ki, hansısa subay qadının yataq otağını çəkib yayanların bir gün ailə üzvlərinin belə videosu yayılacaq.
P.S. Davud Mamedov demişkən: Bu 2,800 video söhbətindən sonra, gəl indi şəxsi həyatını qur görüm necə qurursan. Nə deyəcəksən ki?
– Sevişmək üçün MTN-dan lisenziyam var. Narahat olmayın.