Sənaye çökür

nemet-eliyev1Azərbaycanda sənaye istehsalı kəskin azalıb

Nemət Əliyev: «Mənfi tendensiyaların növbəti dövr üçün gətirdiyi fəsadların miqyası daha da böyüyür»

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-may aylarında 12,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz az sənaye məhsulu istehsal edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, azalmaya səbəb xam neft hasilatının 0,7 faiz, qaz hasilatının 9,9 faiz, elektrik enerjisi istehsalının 6,8 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.

Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 28,6 faizi emal sektorunda, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 0,3 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,0 faiz, içkilərin istehsalı 6,2 faiz, tütün məmulatlarının istehsalı 33,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 0,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 17,0 faiz, hazır metal məmulatlarının istehsalı 18,6 faiz, kompüter və elektron məhsullarının istehsalı 3,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 54,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,0 dəfə artıb,ÿdəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 73,6 faiz, kağız və karton istehsalı 6,0 faiz, poliqrafiya məhsullarının istehsalı 7,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,6 faiz, tikinti materiallarının istehsalı 26,2 faiz, metallurgiya məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 29,3 faiz, mebel istehsalı isə 8,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,5 faiz artıb, neft sektorunda isə 0,8 faiz azalıb.

2015-ci il devalvasiya qərarından sonra ciddi zərər görən sahələrdən biri də sənayedir. Hakimiyyət devalvasiya qərarı ilə ixrac yönümlü iqtisadiyyat yaratmağa çalışdığını bəyan etsə də, reallıq tam fərqlidir.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, bütövlükdə götürəndə sənaye sahəsində çalışan sahibkarların gəliri ciddi şəkildə azalıb. N.Əliyevin sözlərinə görə, Statistika Komitəsinin apardığı hesablamalar görə, bu azalmalar cüzidir. Ölkədə sənayenin 4 hissədən ibarət olduğunu deyən N.Əliyev bildirdi ki, bunlar Mədənçıxarma sənayesi, emal, elektrik, qaz və su təchizatı və sonda tullantıların emalı sahəsidir: “Neft və qazın hasilatı aşağı düşməkdə davam edir. Mədənçıxarma sənayesində fəaliyyət göstərən şirkətlərin gəlirləri neftin qiymətinin düşməsinin fonunda ciddi şəkildə azalıb. Emal sənayesinin 44 faizə qədərində tənəzzül bütün sahələri bürüyüb. Elektrik enerjisinin hasilatına gəlincə isə, elektrik enerjisi istehsalı 800 milyon kilovatt saat azalıb. Belə baxanda məlum olur ki, ölkənin bütövlükdə sənaye sahələrində tənəzzül başlayıb”.

N.Əliyevin fikrincə, sənayenin tənəzzül etməsinin səbəbi bu sahələrə kapital qoyluşunun azalmasıdır. Hətta neft sahəsinə xarici pul yatırımlarının da aşağı düşdüyünü deyən N.Əliyev vurğuladı ki, investorların vəsaitlərini həmin sahələrə yönəltmək hazırda mümkün deyil. Ona görə də bu sahələrin inkişafından söhbət gedə bilməz: “Əgər ilin əvvəlindən başlayaraq 4 ay müddətində bu sahədəki geriləmə daha da genişlənibsə, deməli, görülən tədbirlər nəticə vermir. Mənfi tendensiyaların növbəti dövr üçün gətirdiyi fəsadların miqyası daha da böyüyür. Çünki illərlə qurulan əməkdaşlıq münasibətlərinin hamısı zədələnib və sıradan çıxıb. Bu münasibətləri bərpa etmək üçün illərlə vaxt tələb olunacaq. Təəssüf ki, boğazdan yuxarı danışan rəsmilər məsələnin bu tərəfinə diqqət ayırmırlar. Ona görə nə qədər imkan varsa, sözdə deyil, konkret əməldə addımlar atılmalıdır. Ölkənin qeyri-neft sektorunun inkişafına nail olunmalıdır. Bu sahə inhisardan çıxarılmalıdır”.

Xəyal