Universitetə «Qurtuluş günü»nə görə yox, mühüm məqsədlərə görə getmək lazımdır
23 ildir YAP hakimiyyətinin fəaliyyətini müşahidə edirik. Bu illər ərzində o qədər “ilk”lərə imza atıblar ki, artıq heç nəyə təəccüblənmirik. Son günlər baş verənlər bir daha təsdiqlədi ki, bu hakimiyyət sevgi üzərində yox, qorxu üzərində qurulub. 23 il birtərəfli təbliğatla cəmiyyətin gözün qaraltsalar da, özlərini vətəndaşa sevdirə bilmədilər. Əksinə, nifrət, lənət qazandılar.
Məsələn, bugünlərdə Dillər Universitetinin 14 tələbəsi YAP-ın iclasına qatılmaqdılarına görə töhmət aldı. Yaxud, Şamaxıda velosiped yarışlarıyla bağlı tədbirdə iştirak etmədikləri üçün müəllimlərə töhmət verildi. Bu iki fakt göstərdi ki, bunların bütün iclasları, layihələri məcburiyyətlə təşkil olunur. Insanlar nə YAP-ın iclasına, nə də bunların bəh-bəhlə təqdim etdikləri tədbirlərə qatılmaq istəmir. Çünki, səmimiyyət, qayğı, həqiqət görmürlər. Tələbə də, müəllim də başa düşür ki, bu hökumətin imza atdığı heç yerdə uğur, qazanc yoxdur.
Amma hakimiyyət reallığı qəbul etmək istəmir, məcburən “məni sev” siyasəti yürüdürlər.
Iki gün öncə də “məni sev” tədbiri Azərbaycan Dövlət Iqtisad Universitetində keçirilib. Belə ki, Universitetdə Heydər Əliyevin hakimiyyətə qayıdışının 23-cü ildönmünə həsr olunmuş “Qurtuluş – 23″ adlı tədbir keçirilib.ÿTədbirdə Iqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Yeni Azərbaycan Partiyası Idarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədriÿ Eldar Ibrahimov, ”Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqının (ATGTI) sədri, deputat Şahin Ismayılov, YAP Siyasi Şurasının üzvü, “Iki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tədbirin təşkilatçısı, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev iştirak ediblər.
Əslində bu adamlar Iqtisad Universitetinə başqa niyyətlə, başqa məqsədlə getməliydilər. Məsələn, gənc iqtisadçılarla ölkəni böhrandan çıxarmağın, iqtisadiyatımızı dirçəltməyin yolları müzakirə edilə bilərdi. Məntiqlə yanaşanda bu qədər adamın Universitetə təşrif buyurmasının mühüm səbəbləri olmalı, tələbələrin vəziyətini yaxşılaşdıracaq, təhsildə stimul yaradacaq qərarlar qəbul edilməlidiydi. Amma yekə-yekə adamlar Iqtisad Universitetinə “Qurtuluş günü” münasibətilə gediblər. Sanki, tələbələr bu mövzuya təşnə imişlər, AzTv-lərin 24 saat təkrarladığını, bu adamların dilindən eşitmək arzusu ilə yaşayırmışlar. Illərlə Universitetin yolunu tanımayanlar, Heydər Əliyevin hakimiyyətə qayıdışı münasibətilə yollara tökülüblər. Axı, bu günün Iqtisad Universitetinin tələbələrinə nə aidiyyatı var? 7-8 adamın Heydər Əliyevi təkrar-təkrar tərifləməsindən tələbənin qazancı nə olacaq? Təhsil haqları aşağı salınacaq, yoxsa təqaüdü artacaq? Özünü dövlət xadimi hesab edən bu adamlar, torpaqların işğal günündə, Rəsulzadənin doğum günündə, Cümhuriyyət günündə niyə tələbələrin başına yığılmırlar?
YAP hakimiyyətinin yürütdüyü siyasət nəticəsində 17000 tələbə təhsil haqqını ödəyə bilməyib, ali məktəbdən kənarlaşdırılıb, xaricdə təhsil proqramı ləğv edilib, təhsil məhv edilib və abituriyentərin 86 faizi imthanlarda “2″ alıblar. YAP hakimiyyətinin yürütdüyü siyasət nəticəsində o tələbələrin valideynləri məmur banklarına kredit faizi ödəyirlər. YAP hakimiyyətinin yürütdüyü siyasət nəticəsində o gənclər korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun, yaltaqlığın şahidi olublar. O tələbələrin valideynləri, onlara dərs keçən müəllimlər 150-200 manatın girovuna çevrilib. YAP hakimiyyəti bu tələbələrin doğulduğu ölkənin adını ”qeyri-azad ölkələr” sırasına salıb, bu tələbələrin haqqını ofşor şirkətlərə daşıyıb, bu tələblərin çiyininə xarici borc yükü qoyub.
Ümumiyyətlə, bu tələbələr nədən qurtulub, bu hakimiyyət onları nədən qurtarıb? Böyük ehtimalla tələbələr bu tədbirə məcburən qatılıb. Çünki, YAP-ın iclasında iştirak etmədiyinə görə tələbəyə töhmət verirlərsə, “Qurtuluş günü” tədbirinə qatılmadığına görə Universitetdən xaric edərlər.
Bu hakimiyyətin mahiyyəti, dəyərlər sistemi, təfəkkür tərzi bundan ibarətdir. Tələbələrə işıqlı gələcək vəd etmək əvəzinə, qaranlıq keçmiş göstərirlər. Zatən əllərindən başqa iş gəlsəydi, zəngin ölkəmiz səfillər diyarına çevrilməzdi.
Samir