Problemli kreditlərin həcmi 1 ayda 55 milyon manat artıb

kredit batibHökumətin «anti-böhran» tədbirləri vətəndaşı daha da böhrana salıb

Bu ilin aprel ayında banklarda problemli kreditlərin həcmi 54,8 milyon manat artaraq 1 milyard 381,3 milyon manata çatıb. Qeyd edək ki, martın sonunda banklardaÿ1 milyard 326,5 milyon manat problemli kredit var idi.

Rəsmi açıqlamalardan da görünür ki, əhalinin ödəmə qabiliyyəti hər ay aşağı düşür. Əgər ötən 1 ay ərzində problemli kreditlərin həcmi 55 milyon azalıbsa, növbəti ayda bu rəqəm daha da artacaq. Çünki, əhalinin ödəniş qabiliyyətinin yüksəlməsinə xidmət edən hər hansı fəaliyyət yoxdur. Əksinə, qiymətlər artır, iş yerləri qapadılır, xərclər çoxalır. Bu həm də onu göstərir ki, ötən bir il ərzində hökumət heç bir əməli addım atmayıb, sadəcə əhaliyə vəd verilib. Bəli, Ilham Əliyevin “biz böhrandan şərəflə çıxmışıq” fikrinin heç bir əsası yoxdur. Faktiki olaraq birinci devalvasiyadan sonra keçirilən müşavirələr, verilən tapşırıqlar, anti-böhran tədbiləri yalnız vəziyyətin pisləşməsinə xidmət edib.

Aydın görünür ki, vətəndaş ödəniş edə bilmir. Belə olan halda hökumət ən azı kredit yükünün azaldılmasına, vətəndaş üçün daha uyğun variantların seçilməsinə nail olmalıdır. Ən azı ödənişlərin həcmi azaldılmalı, müddəti uzadılmalı, faiz dərəcələri aşağı salınmalıdır. Heç kimə sirr deyil ki, bankların əksəriyyəti iri məmurlara məxsusdur və məqsədli şəkildə yüksək faizlərlə vətəndaşı yükləyiblər. O da məlumdur ki, devalvasiyadan hakim ailə milyonlar qazanıb. Deməli, ən ağır mərhələdən də hökumət qazancla çıxıb. Indi heç olmasa vətəndaşı ağır mərəhələdən çıxarmağa çalışmaq lazımdır.

Bu gün borc gecikdirən, ödəniş edə bilməyən adamı sıxmaqla heç nəyə nail olmaq mümkün deyil. Əksinə, təcrübə göstərir ki, ağır vəziyyətdə olan insanları sıxdıqca, bu insanları intihara cəhd edirlər. Məhz borc səbəbindən minlərlə insan intihara cəhd edir. Bir məsələ də aydındır ki, insanlar qəsdən, könüllü surətdə ödənişləri gecikdirmirlər. Bir müddət əvvələ qədər vaxtında ödəniş edənlər artıq bu qabiliyyətlərini itiriblər. Bunun səbəbi isə hökumətin anti-xalq, acgöz, yaramaz siyasətidir.

Hələ utanmadan ölkə vətəndaşlarına “naşükür olmayın” mesajı verirlər. Reallıq isə budur ki, vətəndaşın şükr etmək üçün əsası qalmayıb. Bu hakimiyyət qurmağı yox, dağıtmağı bacarır. Yaşatmağı yox, öldürməyi bacarır. Məhz bunun nəticəsidir ki, altı-üstü sərvət olan ölkədə vətəndaş zəruri ehtiyacları ödəməkdən məhrumdur. “Analoqsuz inkişaf”ın nəticəsində analoqsuz səfalət hökm sürür

Mərkəzi Bank məlumat verir ki, bankların ayırdığı 18 milyard 758,7 milyon manat kreditin 7,4%-i problemlidir. Amma bu rəqəmlər də reallığı əks etdirmir. Çünki, problemli kreditlərin həcmi daha böyükdür. Mərkəzi Bank hər 100 nəfərdən 7-sinin ödəniş edə bilmədiyini təsdiqləyir. Amma əminliklə demək olar, hər 100 nəfərdən, 50-si ödəniş etməkdə çətinlik çəkir və bu rəqəm getdikcə artacaq.

Xülasə, “gücləndirilimiş iş rejimi”nə keçən hökumət, vətəndaşı hər gün zəiflətməkdədir. Hər gün vətəndaş daha çox borc bataqlığına girir.

Samir