Başqa ölkədə yaşamaq arzusu

bayraqBaşqa ölkədə yaşamaq üçün başqa ölkəyə getmək yox, ölkəmizi dəyişdirmək lazımdır

Bir səhəri Azərbaycandan gələn mesajla açdım: tanıdığım, saydığım bir müəllimin mesajı idi. “Istəyirəm ki, oğlum başqa bir ölkədə yaşasın, mənə kömək edə bilərsənmi?” deyirdi.

Belə mesajlar sıx-sıx gəlir…

Başqa bir ölkədə yaşamaq ehtiyacı deyildimi məni də yad ölkələrə salan? Məndən yaxşı kim anlaya bilərdi bu ehtiyacı? Amma, səmimi cavab vermək də mümkünsüz idi. Çünki, mən də hər kəs kimi, başqa bir ölkədə yaşamaq məcburiyyətimi ölkədən gedərək, bacarıqlarımı başqa ölkənin istifadəsinə verərək həll etmişdim. “Başqa ölkə” deyərkən, BAŞQA BIR AZƏRBAYCANı deyil, Azərbaycansız qalmağı seçmişdim.

Azərbaycan xalqının hər bir fərdi başqa bir ölkədə yaşamağa ehtiyac duyur. Kimsə bunu Rusiyada, hər cür təzyiqə, təhqirə dözmək bahasına, kimisi Türkiyədə “qardaş, amma ikinci sinif insan” münasibəti görməklə, kimisi Avropaya, Amerikaya müxtəlif çətinlik və saxtalığa getməklə həll edir. Kimisi də öz vətəninə sərf edə biləcəyi biliklərini başqalarına xərcləyərək…

Sual olunur ki, həqiqətənmi başqa ölkədə yaşamaq məhz ölkəmizdən çıxıb yaşamaqdır? Millətimiz artıq düşünməli deyilmi ki, başqa ölkədə yaşamaq ehtiyacını ölkəmizi dəyişdirməklə təmin edə bilərik? “Vətənimiz üçün dönüb vuruşmağa hazırıq” deyən insanımız, öz ölkəsini həqiqi işğalçılara, YAP hökumətinə, təhvil verib getməyə niyə razıdırlar?

Başqa ölkədə yaşamaq üçün edilməli olan, ölkədən getmək deyil, bu hökuməti ölkədən dəf etməkdir. YAP hökumətinin qurduğu siyasi-inzibati diktaturanı, geridə qalmış mənasız adətləri, bir-birimizə tətbiq etdiyimiz zülmkar münasibəti (fərqliliyə hörmətsizlik, çalışqan insanlara paxıllıq, hər kəsi özü qədər pis saymaq, qeybət, fiziki zorbalıq, aldatmaq, riyakarlıq, namərdlik kimi gündəlik həyatda üzləşib, cana doyduğumuz cəmiyyət münasibətləri) rədd etməliyik ölkəmizdən, özümüz getmək yerinə…

Sonra gəlirik Avropaya, deyirik ki, “Azərbaycanımızı hər yerdə yaşadaq!”.  Azərbaycanımızı yırtıcıların ağzında qoyub, dünyanın müxtəlif yerlərində Azərbaycanı “yaşadırıq”. Dayandırmalıyıq. Azərbaycan ordadır və dərdi bəllidir. Bu hökuməti ölkədən itirib, yerinə rifahın və azadlığın idarəsini gətirməliyik.

Bilirsinizmi, başqa ölkədə yaşamaq istəyirən deyən azərbaycanlı əslində nə istəyir? Mən burdayam və görürəm, dinləyirəm:

  1. Başını gizlətməyə bir ev
  2. Evinə çörək gətirəcək bir iş
  3. Xəstələnəndə onu dirildən sağalma evi
  4. Övladına gələcək quran bir təhsil
  5. Rahat gedəcəyi bir yol, uda biləcəyi təmiz hava, içəcəyi təmiz su və yemək
  6. Söymədən, söyülmədən yaşayacağı gündəlik həyat
  7. (Qorxmadan) öz inancını, öz ehtiyacını, öz düşüncəsini, öz dünya görüşünü yaşaya biləcəyi bir cəmiyyət, haqq bildiyini söyləyəcək bir ölkə
  8. Bəzən sadəcə insan kimi istirahət etmək
  9. Bir dərdi olanda onu qoruyacaq polis, məhkəmə və hüquq sisteminə əli çatmaq
  10. Və bunları edərkən başqa bir dili öyrənmək, başqa mədəniyyətlə ayaqlaşmaq məcburiyyətində olmamaq, yəni öz ölkəsində olmaq!

Qərəz, LƏYAQƏTLI bir insan kimi yaşamaq.

Bunun çarəsi ölkəsini dəyişməkdir. Ölkədən getmək deyil. Bu hakimiyyəti dizə gətirməkdir, öz ölkəsini ona bağışlayıb başqalarına pənah gətirmək deyil.

Səmimi cavab isə belə idi: Azərbaycanı başqalaşdır, bunu edənlərin yanında ol, o zaman başqa ölkədə yaşayacaqsan, sən də, oğlun da.

Azad Akifoğlu