İyunun 11-də Bakı şəhər Baş Polis Idarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına girib.
Bu barədə “Qanun”un direktoru Şahbaz Xuduoğlu “Facebook” səhifəsində yazıb. “Deyirlərÿki, burda bomba var. Əgərÿ nəşriyyatdan silah və qanundan kənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı şəhər Polis Idarəsinin üzərindədir”, – deyə Şahbaz Xuduoğlu qeyd edib.
O, daha sonra bildirib: “Dedilər ki, kimsə ”102″yə zəng edib burada bomba olduğunu xəbər verib. Nəşriyyata 20 nəfərdən çox polis əməkdaşı gəlib. Iş günü olmadığı üçün mən kənardayam. Nə baş verdiyini də tam aydınlaşdıra bilməmişəm. Amma bu hadisədən narahatam və tam aydınlaşdırandan sonra əlavə məlumatlar verəcəm”.
Iyunun 12-də saat 14 radələrində “Qanun” nəşriyyatında axtarış davam edib. Hadisə yerinə xeyli jurnalist toplaşıb. Şahbaz Xuduoğlu və nəşriyyatın bir neçə işçisinin iştirakı ilə yoxlama davam etdirilib.
Hadisə yerinə Şahbaz Xuduoğlunun qardaşı keçmiş millət vəkili Sabir Rüstəmxanlı da gəlib. O, jurnalistlərə açıqlamasında bildirib: “Mən şəhərdə deyildim, məlumat verdilər ki, ”Qanun” nəşriyatında bomba var. Mən bu barədə Bakı şəhər Baş Polis Idarəsinin rəisi ilə telefonla danışdım. Bildirdi ki, 15 dəqiqə baxıb çıxacaqlar. Hazırda bir saatdan artıqdır, hələ də axtarış davam edir.
Hər halda kitabın arasında bomba olmaz. Bu birinci dəfə deyil. Bu mətbəə dəfələrlə polis, vergi orqanlarının basqınına məruz qalıb. Bu bir özəl müəsissədir. Müəssisənin rəhbərinin icazəsi olmadan axtarış aparılmaz. Əldə icazə sənədi olmalıdır. Həqiqətən bomba varsa, onu polis yox, digər orqanlar axtarmalıdır. Bu baxımdan mən polislərə görə də narahatam”.
Sabir Rüstəmxanlı bunun arxasında hansısa qüvvələrin dayandığını deyib. O bildirib ki, bu hərəkət təkcə “Qanun” Nəşrlər Evinə qarşı deyil, bütövlükdə onların ailəsinə qarşıdır.
Həmin binada icarə əsasları ilə fəaliyyət göstərən Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin rəhbəri Rövşən Ağayev onların otaqlarında da axtarış aparıldığını bildirib. Lakin axtarış zamanı təhlükəli nəsə tapılmayıb. O deyib ki, axtarış zamanı heç bir akt tərtib olunmayıb.
Yoxlama başa çatdıqdan sonra binanı tərk edən Sabir Rüstəmxanlı bir daha bildirib ki, axtarış hansısa bombaya görə olub. “Amma bomba əvəzinə qarpız çıxıb”, – deyə o, zaravatla jurnalistlərə bildirib.
Bu zaman jurnalistlər polislər tərəfindən binanın digər qapısından maşına əşyalar yüklənməsinin şahidi olublar. Həmin materialların əksəriyyətinin A2 çap formatında olması diqqət çəkib.
Şahbaz Xuduoğlu yoxlama başa çatdıqdan sonra jurnalistlərə açıqlama verib. “Təhqiqatla bağlı onlara şübhəli görünən bəzi materialları götürdülər. Bunlar içərisində qəliblər, yarımfabrikat materiallar var”,- deyə o bildirib.