“Bu əsərdə ədəbi fənd olaraq, hadisələr bir adada cərəyan etsə də, heç şübhəsiz ki, Azərbaycandakı diktaturadan söhbət gedir”
İyunun 11-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında yazıçı Zümrüd Yağmurun yeni çapdan çıxmış “Ölkə adı: 22” romanının təqdimat mərasimi keçirilib. Mərasimində ölkənin tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyatsevərlər iştirak edib.
Tədbirin əvvəlində yazıçı öz romanı haqqında məlumat verib. Bildirib ki, əsərin adındakı “22” 1993-cü ili ifadə edir (1+9+9+3).
“1993 müasir həyatımızda yaşadığımız bütün bəlaların təməlinin qoyulduğu ildir. Bir toplumun başına gələcək ən böyük bəla diktaturadır. Və Azərbaycan nə yazıq ki, 23 ildir bu bəlanın ən dəhşətli formalarından birini yaşayır”, – deyə yazıçı qeyd edib.
Əsərin anti-utopik janrda olduğunu deyən Z.Yağmur bildirib ki, oradakı hadisələrin cərəyan etdiyi ada əslində Azərbaycanın təsviridir. Adanın dənizə yatmış qartal şəklində göstərilməsi də buna xidmət edir.
Əsər haqqında fikirlərini bildirmək üçün ilk söz Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verilib. C.Həsənli bildirib ki, günümüzdə baş verən dəyişiklikdən ən çox əziyyət çəkən ədəbiyyatdır. Çünki nə bu dəyişikliyi yetərincə əks etdirə, nə də bu dəyişiklikdə özünü tapa bilir. C.Həsənlinin fikrincə, “Ölkə adı:22” bu baxımdan mövcud boşluğu doldurur.
“Əsər çox unikal və maraqlıdır. Ən maraqlı tərəfi budur ki, dramatik süjet üzərində qurulub. Əsərdəki hadisələr adada məskunlaşmış bir toplumda cərəyan edir. Burda diktatura var, bir diktator var, o diktatorun babası da var, günümüzdə ciddi müzakirə mövsuna çevrilmiş bir heykəl də var. Müqəddəs heykəl həmin adadakılar üçün bir əzab mənbəyinə çevrilib. Adada yaşayanlar eyni taleni bölüşür. Bu baxımdan əsərdə işıq azdır. Ancaq ən mühüm olanı budur ki, işıq var…”, – deyə C.Həsənli roman haqda təəssüratlarını bölüşüb.
Sonra söz AXCP sədri Əli Kərimliyə verilib. Ə.Kərimli yazıçını yeni romanı münasibətilə təbrik edib. “Zümrüd xanımı biz artıq yazar kimi yaxşı tanıyırıq. Onun “Allah qayıdır?!”, “Diriləri basdırın” romanlarında günümüzün problemləri cəsarətli şəkildə öz əksini tapıb. Bu gün bizim qarşımıza çıxan obrazlar, mənfi və müsbəti ilə ümumiləşdirilərək ədəbiyyata gətirilib, ədəbi obrazlara çevrilib və artıq ədəbiyyat tarixinə daxil edilib, onları unutmaq mümükün olmayacaq. Eləcə də “Yağış qadın”da Qarabağ savaşının xronologiyası və nəsillər üzrə yaşanmış faciələr çox sərt dildə ifadəsini tapıb. Zümrüd xanım gerçəkliklə, reallıqla üzləşməkdən çəkinən deyil. Bu əsərdə də ədəbi fənd olaraq, hadisələr bir adada cərəyan etsə də, heç şübhəsiz ki, Azərbaycandakı diktaturadan söhbət gedir. Biz yəqin ki, tanıdığımız bir çox obrazları orda görəcəyik”, – deyə AXCP lideri yazıçı və onun yeni romanı haqda danışıb.
Ə.Kərimli deyib ki, reallıqları ədəbiyyata gətirməsi Z.Yağmurun yazıçı kimi böyük xidmətidir: “Bu dövr çətin, keşməkəşli və dramatik dövrdür. Amma mən inanıram ki, tariximizin ən maraqlı dövrlərindən biridir. Əminəm ki, axırı yaxşı qurtaracaq, ona görə də deyirəm – həm də bizim əksəriyyətimiz üçün xoşbəxt dövr olacaq. Bu qədər dəyərlər uğrunda mübarizə aparmaq, pislikləri təmizləmək, çətinliklərin sınağından üzüağ çıxmaq hər nəslin bəxtinə düşmür. İnsan faciələri, fədakarlığı və qəhrəmanlıqları ilə dolu, çox zəngin süjet xətti olan bu dövr ədəbiyyatımızda yaxşı işləmir. Bu, çox böyük problemdir. Zümrüd xanım çalışır ki, bu boşluğu doldursun…”.
AXCP sədri Zümrüd Yağmurun həm də hazırda siyasi məhbus həyatı yaşayan, müavini Fuad Qəhrəmanlının həyat yoldaşı olduğunu da yada salıb: “Zümrüd xanım həm də bu dövrdə yaşanan xeyr-şər mübarizəsinin episentrindədir. Birbaşa hadisələrin mərkəzindədir, bu “diktatura adası”nda iki dəfə siyasi məhbus həyatı yaşayan tanınmış bir siyasətçinin həyat yoldaşıdır və onun təkcə həyatını yox, siyasətini də paylaşır. Ona görə də Zümrüd xanım bu əsərləri yaratmaq üçün şanslı adamlardan biridir. Həyat yoldaşı Fuad bəyin həbsdə ola-ola Zümrüd xanımın belə bir əsərlə çıxış eləməsi həm də Fuad bəyə böyük mənəvi dayaqdır…”.
Sonrakı çıxışçı, istiqlalçı deputat İbrahim İbrahimli də əsər haqqında maraqlı fikirlər səsləndirib. Qeyd edib ki, yazıçı bu əsərdə Azərbaycanda gedən proseslərə diqqət çəkir. “Ölkə adı: 22”ni Corc Ourelinin “1984” romanı ilə müqayisə edən İ.İbrahimli “bu əsərdə bir çox obraz var. Amma maraqlı obrazlardan biri də danışmayan, dayanan heykəldir. Necə ki, “1984” əsərində böyük bir imperiya heykəlləşib, bu əsərdə də hər yer heykəlləşib. Hətta heykələ əyri baxanları, söz yazanları həbs də edirlər. Bax, bunu biz artıq Azərbaycanda gördük, yaşadıq”, – deyə bildirib.
Tədbirə qatılan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də müəllifi təbrik edib: “Söz Allahın insana hədiyyəsidir. Söz şam kimidir. Onu qorumaq lazımdır. Sözü ən yaxşı qoruyanlar, ürəyində qoruyanlardır. Zümrüd xanım sözü ürəyi ilə yaşadanlardandır”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də əsər haqqında fikirlərini bölüşüb. Əsər barədə dolöğun məlumat və təhlil verən G.Hacıbəyli romandan bir parçanı da oxuyub: “Əsərdən bir hissəni oxuyacam: “Ağa onların xarakteri üzərində hakimdir. Adadakı mexanizm sakinlərin susqun ruhlarından, qorxaq düşüncələrindən qidalanıb bu qədər böyük qorxunc hala gəlmişdir. Hər səhərin açılması ilə bəslənən, hər saniyə böyüyən zülmün memarı aclıq və safalətdən əziyyət çəkənlərdir. Amma bu düzəni ciddi-cəhdlə qoruyub saxlayanlar da məhz onlardır”. Yəni diktatura rejimini yaradan, dəhşətli köləlik sistemini formalaşdıranlar adada yaşayan kölə psixologiyalı insanlardır”.
G.Hacıbəyli hesab edir ki, əsər Azərbaycan cəmiyyəti üçün yol göstərir. Əsərdə Azərbaycan vətəndaşının qəlbində olan qorxuları, acıları tapmaq mümkündür. G.Hacıbəyli hesab edir ki, əsər müsbət sonluqla bitdiyi üçün onu anti-utopik də adlandırmaq doğru deyil. Onun fikrincə bu romanla yazıçı bəlkə də yeni bir cərəysn – anti-utopik realizm yaradıb. “Doğrudan da gözəl əsərdir. Mən bu əsəri Azərbaycan ədəbiyyatında hadisə adlandırıram. Və bu münasibətlə Zümrüd xanımı ürəkdən təbrik edirəm”, – deyə G.Hacıbəyli fikrini tamamlayıb.
Tədbirdə Qəhrəmanlıların ailə dostu kimi çıxış edən Mirfeyzulla Seyidov da əsərin günümüzün reallığını əks etdirməsindən danışıb və uğurlu romana görə yazıçını təbrik edib. “Bu elə bir kitabdır ki, cəmiyyətdə baş verən bütün haqsızlıqlar öz əksini tapıb. 23 ildir Azərbaycanda diktatura rejimi hər şeyə təcavüz edib, hər şeyin mahiyyətini dəyişdirib… Diktaturanı dağıdanlardan biri də ədəbiyyatdır. Hansı ədəbiyyat? Xalqın dərdini yaşadan ədəbiyyat. Ədəbiyyat xalqa güvənmirsə, onun mənası yoxdur”, – deyə M.Seyidov qeyd edib.
Daha sonra çıxış edən professor Nurəddin Məmmədli romanı Azərbaycanda yeni hadisə adlandırıb. O, Z.Yağmurun bu gün ədəbiyyatımızdakı boşluğu aradan qaldırdığını bildirib: “Sizin yaradıcılığınızın bu gün Azərbaycan ədəbiyyatına gətirdiyi böyük üsyankarlıq, intellektual mübarizə motivasiyası əslində fundamental hadisədir. Zümrüd xanım hadisələri lokal bir müstəvi, dar bir mühitdə təsvir etmir. Onun bütün əsərlərində cəmiyyət bütün üzvləri ilə təmsil olunur”.
Tədbirdə bir oxucu kimi çıxış edən AXCP Yevlax şöbəsinin sədri Şəkər Şükürlü də müəllifi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. O da əsəri oxuyanlardan biri kimi onun təhlilini verib, Azərbaycan reallıqlarını necə tesvir etməsindən danışıb.
Bütün çıxışlarda yazıçının hazırda həbsdə olan həyat yoldaşı Fuad Qəhrəmanlı məhz günümüzdə diktaturaya qarşı, Azərbaycanı “Ölkə adı: 22” olmaqdan qurtarmaq üçün mübarizə aparması baxımından xatırlanıb, ona və digər siyasi məhbuslara tezliklə azadlığa çıxmaları arzulanıb.
T’ədbirin sonunda yazıçının ibtidai sinif müəllimi olmuş Əfruzə müəllimə söz verilib. O, çıxışına “Rəsulzadə əsgərləri ilə görüşməkdən çox məmnunam” sözlərilə başlayıb və qısa şəkildə özünün ictima-siyasi proseslərə marağını, demokraik mübarizəyə rəğbətini ifadə edib. “İnanıram ki, Zümrüd Yağmurun növbəti əsərləri daha işıqlı Azərbaycan haqda olacaq və o əsərin qəhrəmanları da bu zalda oturanlar olacaq”, – deyə Əfruzə müəllim arzusunu ifadə edib.
Tədbir yazıçının qısa minnətdarlıq nitqi ilə başa çatıb.