Xeyrə və xeyriyyəçiliyə açılan qapılar

saadet-cahangir-koseSəadət Cahangir

Hələ dünyada kiminsə mal-mülkünü goruna apardığını eşidib-duyan olmayıb. Dünyasını dəyişib gedən adamın arxasınca əməlindən başqa bir şey haqqında danışılmaz. Elə götürək dünyanın iki texnologiya milyarderinin həyat hekayəsini. Bu iki nəhəngi müqayisə edən məşhur yazar Malcolm Qladvell deyirdi ki, “50 il sonra 3-cü dünya ölkələrində böyük xeyriyyəçi milyarder Bill Geytsin heykəlləri qoyulacaq, Stiv Cobsu isə kimsə xatırlamayacaq”. Yazar fikrində haqlı idi. Zamanında sərvət sarıdan “Apple”ın əsas rəqibi sayıla bilən “Microsoft”un yaradıcısı Bill Geyts aclıq çəkən uşaqlar üçün milyardlar xərclədiyi halda, Cobs bunu heç vaxt etmədi. Şirkətdə hər kəs bilirdi ki, o, pullarını xeyriyyə işlərinə xərcləməyin qəti əleyhinədir. Əslində, Stivin xarakterində çox qəribə bir ziddiyyət vardı. Uşaqlığında övladlığa götürüb böyüdən ailə onun dindar bir şəxs kimi yetişməsini istəyir və tez-tez kilsəyə aparırdılar. Ailə “Life” jurnalının abunəçisi idi və jurnalın iyul 1968 sayında Biafrada aclıq çəkən iki uşağın ürək yaxan fotosu yayımlanmışdı. Cobs həmin fotonu götürüb kilsə keşişinin qarşısında dayanmış və keşişdən soruşmuşdu: “Barmağımı qaldırsam, Tanrı hansını qaldıracağımı məndən öncə bilərmi?” Keşiş: “Bəli, Tanrı hər şeyi bilir”,- deyə cavab vermişdi. O zaman Cobs “Life”dakı uşaq fotolarını göstərib: “Yaxşı, Tanrı bunu, bu uşaqlara nə olacağını da bilirmi?” deyə soruşmuşdu. Elə qəribə olan da budur ki, o sözlərin sahibi böyüyüb böyük milyardlar qazanınca, hər şeyi unutdu və heç bir zaman aclıq çəkən insanları xatırlamadı…

Indi Cobs həyatda yoxdur. Sahib olduğu milyardlar nə illər öncə tutulduğu ağır xəstəlikdən qurtulmasına, nə başqa yarımçıq xəyallarını gerçəkləşdirməsinə yardım edə bildi. Bill Geyts isə xeyriyyəçilik işinə dayanmadan davam edir. Dünən oxudum ki, o, sub-Sahara Afrikası ölkələrində aclığın aradan qaldırılması məqsədilə cücə kampaniyası başladıb. Məşhur xeyriyyəçi düşünür ki, quşların yetişdirilməsi və satılması bir çox ailələri aclıqdan xilas edə bilər. Bill bu kampaniyaya 100 000 hədiyyə cücə ilə başlamağa qərar verib. Rəsmi statistikaya görə, Sub-Sahara Afrika ölkələrində əhalinin 41 faizinin aclıqdan əziyyət çəkdiyi qeydə alınıb. Geyts bildirib ki, cəmi 5 cücə yetişdirən fermer ildə 1000 dollar qazana bilər, aclıq həddi isə ildə 700 dollardır. Ortaya belə nəticə çıxır ki, nəzərdə tutulan plan alınsa, o zavallı insanları, həqiqətən, xilas etmək mümkün olacaq.

Indi mən durub Azərbaycan mühitində Geyts nümunəsindən mühazirə oxuyacaq deyiləm. Hamı bilir ki, burda Bill kimi ağlı və bacarığı ilə böyük pullar qazanıb milyarder olan şəxslər yoxdur. Burda sərvət toplamağın və varidatını artırmağın tək bir yolu var ki, o da hakimiyyətdir. Belə adamlardan örnək gözləyib, Bill kimi yoxsullara, aclıq çəkən uşaqlara, yoluxucu xəstəliklərin caynağında çapalayan çarəsizlərə pul xərcləməkmi umacağıq? Hələ bu adamlar ölkə insanının haqqına düşən halal hissəni həzm-rabedən keçirib, üstündən su içməsinlər, qalsın xeyriyyəçilik işləri. Amma inkişaf edib sivil dünyanın bir parçası olmaq istəyən cəmiyyət mütləq mənada insanlara zəka və qabiliyyət sayəsində qazanmaq yollarını açmalıdır. Yardım və xeyriyyəçilik təşəbbüslərinin yayılması da o qapıların açılmasına bağlıdır. Bu, həm də elə könül qapılarının sevgiyə, mərhəmətə açılması deməkdir. O açıldığı zaman yardımsevərlik üçün heç milyarder olmağa ehtiyac da duyulmayacaq. Harama, acımasızlığa, acgözlüyə və nifrətə köklənmiş Azərbaycan mühitində o qapıların açılmasına hər şeydən artıq ehtiyac yoxmu, sizcə?