Yadınızdadır, ilin əvvəlində nazir müavinlərindən birinə istinadən belə məlumat yayılmışdı ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard dollar kredit almağa hazırlaşır? Ardınca da xəbər yayılanda ki, həmin banklar hökumətin qarşısında islahat tələbi qoyublar, hökumət kredit istədiyini qəti şəkildə təkzib edib, yalanladı. Zaman isə hər şeyi yerbəyer etdi. Buyurun, görün yalanı kim danışırmış. Beləliklə, hökumət ilin əvvəlində 1 milyard dollar krediti illik 7 faizdən artıq götürüb. Asiya İnkişaf Bankından 1.5 milyard dollar (sentyabra qaldı), Dünya Bankından da 500 milyon dollar kredit götürməyi planlaşdırırlar. 3 milyard dollar oldumu? Yerdə qalan 1 milyard dolları da avrobond vasitəsilə – yəni Avropada borc qiymətli kağızları yerləşdirməklə borclanaraq ilin sonunadək əldə etmək istəyirlər. Yeri gəlmişkən, avrobondlar illik 6-7 faiz olmaqla əslində daha bahalı kreditlər olacaq. Cəmi bir yerdə 4 milyard dollar oldumu? Bəs ilin əvvəlində Azərbaycan 4 milyard kredit almaq istəyir söhbətini danmaq, “Azərbaycan özü kimə lazım olsa, kredit verə bilər” blefi hansı hökumət əxlaqına yaraşır? Heç dövlət rəhbərləri də yalan danışarmı? Sizcə bunların hansı əməli daha pis, daha təhlükəlidir? Dövlətimizi, övladlarımızı xirtdəyə qədər borca salmaları, yoxsa gözümüzün içinə baxaraq yalan danışmaqları?



