«Pul qaldıqca ölürdü, ona görə obyekt aldım ki, sabah uşaqlarım dolansınlar»
Rəşad Məmmədov: «Bu məsələni biz ailədə özümüz həll edirik, belə eləmək istədik, elədik…»
“Pulum vardı, obyekt alıb tikmək istəyirdim ki, sabah uşaqlarım dolansınlar. Başqa qazanc yerim yox idi. Pul da qaldıqca ölürdü”.
Bunu Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov məhkəmədə Nizami 44 ünvanındakı əmlakın birinci mərtəbəsini 6 milyona almasının səbəbilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Rəşad Məmmədov, eləcə onunla birlikdə mühakimə olunan Isfəndiyar Isfəndiyarov və Arzu Məmmədov sözügedən ünvandakı obyektlərdən birinin alqı-satqısı zamanı dələduzluqda ittiham olunur.
Nizami 44 ünvanındakı əmlakın ikinci mərtəbəsində yerləşən mənzillər Rəşad Məmmədovun ailəsinə məxsus olub. Birinci mərtəbədəki mənzil və obyektlərin alınması üçün əmlak sahiblərilə Isfəndiyar Isfəndiyarov danışıqlar aparıb, qiyməti razılaşdırıb və Rəşad Məmmədova ümumi məbləğin 6 milyon olduğunu deyib. Arzu Məmmədov Isfəndiyar Isfəndiyarovun bibisi oğludur və alqı-satqı zamanı alınan əmlaklar onun adına rəsmiləşdirilib. Sonradan Arzu Məmmədovla da Rəşad Məmmədovun həyat yoldaşı arasında alqı satqı olub. Amma bir müddət sonra Rəşad Məmmədovun istəyi əsasında məhkəmə qərarı ilə bu alqı satqı ləğv olunub. Ardınca Arzu Məmmədovla Rəşad Məmmədovun qayınanası Elmira xanım arasında alqı-satqı olub və əmlaklar onun adına keçirilib.
Prokurorun hansı səbəbdən yoldaşı ilə alqı-satqını pozdurub, əmlakı qayınanasının adına keçirdiyi barədə sualını Rəşad Məmmədov belə cavablandırıb: “Bu məsələni biz ailədə özümüz həll eləyirik. Belə eləmək istədik, elədik. Bu barədə suala cavab vermək istəmirəm”.
“Allah göydən baxır, mənim Rəşad müəllimlə belə söhbətim olmayıb”
Digər iki nəfərdən fərqli olaraq, Arzu Məmmədov həbsdə deyil. Bu ilin martında onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. Arzu Məmmədovun istintaqa ifadəsində Rəşad Məmmədovun, Isfəndiyar Isfəndiyarovun əleyhinə xeyli məqamlar var. Məsələn, ifadədə yazılıb ki, üçlükdə söhbətləşib, Zabil Məmmədovu aldatmaq məsələsini müzakirə ediblər; Rəşad Məmmədov göstəriş verib ki, əgər o, obyektini satmaq istəməsə, əlindən alsınlar, pulunu da ödəməsinlər və s.
“Allah göydən baxır, mənim Rəşad müəllimlə belə bir söhbətim olmayıb. Onu bir dəfə görmüşəm. Gedib 6 milyonu götürmüşəm, gətirib Isfəndiyara vermişəm. Həmin pulun da 4 milyon 700 minini Zabil Salmanova verib obyektini almışıq. Zabil bundan əlavə, Hüseyn Cavid prospektindəki iki otaqlı mənzil-obyektinin qarşısında artırma istəyirdi. Biz ona artırma məsələsini həll eləyəcəyimizi demişdik, amma bunu eləyə bilmədik. Amma ”onu aldat, obyekti zorla al” söhbəti olmayıb”, – Arzu Məmmədov bildirib.
Qeyd edib ki, dayısı oğlunun təklifilə razılaşıb əmlakların müəyyən müddətdə onun adına rəsmiləşməsinə icazə verib: “Buna görə özümü günahkar bilirəm”.
Isfəndiyar Isfəndiyarov istintaq zamanı özünün də, bibisi oğlu Arzu Məmmədovun da təzyiqlərə məruz qaldığını deyib. Əlavə edib ki, təzyiqlərlə əlaqədar Baş Prokurorluğa da müraciət edib.
Daha sonra Dənizkənarı Bulvar Idarəsinin nümayəndəsi Hüseyn Əzimov şahid qismində ifadə verib. Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin prezidentin sərəncamı ilə ləğv edildiyini və Dənizkənarı Bulvar Idarəsinə birləşdirildiyini deyən şahid qeyd edib ki, Rəşad Məmmədovun rəhbərliyi dövründə onlara 254 min 600 manat ziyan dəyib. Amma dəymiş ziyan bu il mayın 19-da Rəşad Məmmədovun yaxınları tərəfindən ödənilib. Ona görə də Rəşad Məmmədova qarşı hər hansı şikayət və tələbləri yoxdur.
Məhkəmə prosesi iyunun 14-də davam edəcək.
Rəşad Məmmədov və digər iki nəfər bir il əvvəl həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. Ittihama görə, Rəşad Məmmədov tabeliyindəki işçilərə lazım olduğundan daha çox pul vəsaiti verməklə, 200 min manatdan artıq vəsaiti israf edib.
Rəşad Məmmədov və Isfəndiyar Isfəndiyarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.