Mehman Əliyev: «Görüş hətta baş tutsa belə, bu, tərəfləri sülh prosesinə sadiq olmağa çağırış məqsədi daşıyacaq»
Ötən gün Rusiya mətbuatı iyunun sonlarında Sankt-Peterburqda Vladimir Putin, Ilham Əliyev və Serj Sərksiyan görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda gözlənilən üçtərəfli görüşü ilə bağlı yeni açıqlama verib.
Rusiya KIV-i xəbər verir ki, Peskov görüşün təşkili istiqamətində iş aparıldığını deyib: “Bu istiqamətdə iş aparılır. Biz belə görüşlərin keçiriləcəyini istisna etmirik. Hər şey razılaşdırıldığı halda, bu barədə informasiya verəcəyik”.
Görüş baş tutarsa, bu görüşdən nə gözləmək olar? Çünki məhz prezidentlərin növbəti görüşündə real nəticələrin əldə olunacağı vurğulanmışdı. Eyni zamanda ötən müddət ərzində baş verənləri də diqqətdən qaçırmaq olmaz. Ermənistanın sərt hərbi ritorikaya müraciət etməsini xüsusi vurğulamaq gərəkdir. Ermənistan bir müddət əvvəl bəyan etdi ki, sentyabra qədər aprel ayında Azərbaycan tərəfindən azad edilmiş ərazilər geri qaytarılmazsa, o zaman Yerevan hərbi əməliyyatlara başlayacaq.
Daha bir məqam isə ondan ibarətdir ki, I.Əliyev Almaniya kansleri Merkel ilə görüşündə Rusiyanın problemin həllində açar rolunu oynadığını vurğulayıb. Ekspertlərə görə, bu, Rusiyaya qarşı edilən reveranslardır.
“Turan” Informasiya Agentlyinin direktoru Mehman Əliyev bildirdi ki, iyunda görüşün baş tutması hələ sual altındadır. Bunu Rusiyanın rəsmi strukturlarının verdiyi açıqlama da təsdiqləyir. “Görüş hətta baş tutsa belə, bu, tərəfləri sülh prosesinə sadiq olmağa çağırış məqsədi daşıyacaq”, deyə M.Əliyev vurğuladı.
Ötən müddət ərzində tərəflərin verdiyi açıqlamalara gəlincə, bu yanaşma da təsadüfi deyil. Rusiyanın hazırda məqsədinin tərəfləri ancaq müharibədən, iri miqyaslı hərbi əməliyyatlardan çəkindirmək olduğunu deyən M.Əliyev qeyd etdi ki, Rusiyanı hazırkı vəziyyət tam qane edir və Kreml məhz bu vəziyyətin saxlanılmasına çalışır: “Ilham Əliyevin Merkel ilə görüşdə ”Qarabağ probleminin açarı Rusiyanın əlindədir” söyləməsi Kremlə qarşı bir reveransdır. Bu ona işarədir ki, biz Rusiyanın səylərini ciddi qəbul edirik. Amma danışıqlar prosesində atəşkəsin saxlanılmasıyla bağlı razılaşmadan başqa ortada bir anlaşma yoxdur”.
Xəyal