Bunun üçün yeni qanuna ehtiyac yoxdur
Hökumətin “islahatlar seriyası” davam edir. Ölkədə vəziyyət ağırlaşdıqca əhəmiyyətsiz fərmanlar, sərəncamlar imzalanır, lazımsız qurumlar yaradılır. Vəziyyətə adekvat addım atmaq üçün siyasi iradə, məsuliyyət hissi yoxdur.
Indi də Azərbaycanda dövlət orqanları tərəfindən göstərilən bütün xidmətlərin vahid elektron reyestri yaradılıb. Prezidentin imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinə həmin elektron reyestrdə “ASAN xidmət indeksi” əsasında xidmətlərin qiymətləndirilməsi tapşırılıb. Guya, bundan sonra Azərbaycanda fəaliyyət göstərən bütün dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin qiymətləndirilməsi həyata keçiriləcək və çatışmazlıqlar barədə prezidentə hesabat veriləcək.
Guya, uzun illər ərzində ölkədəki çatışmazlıqlar, qeyri-şəffaflıq, vətəndaşa tutulan divan bu qanunun yoxluğuna görə hökm sürürdü?
Prezidentin çatışmazlıqlarla, şikayətlərlə bağlı informasiya əldə etmək üçün yüzlərlə mənbəyi var. Elə prezidentin öz saytına, Prezident Aparatına saysız-hesabsız şikayətlər daxil olur ki, bunlara diqqət yetirməklə vətəndaşların problemlərinin səbəblərini öyrənmək olar. Yaxud, saytlar, qəzetlər, sosial şəbəkələr mütəmadi olaraq ölkədəki çatışmazlıqları, korrupsiya faktlarını, məmur özbaşınaqlıqlarını üzə çıxardır və ölkə başçısı mətbuatı izlədiyini iddia edir. Demək istəyirik ki, ölkədə tüğyan edən ədalətsizliyi, soyğunçuluğu, problemləri görmək üçün hansısa yeni qanuna ehtiyac yoxdur.
Vətəndaş əməkhaqqının azlığından, qiymətlərin yüksək olmasından, məmurların dövlət əmlakını ata malı kimi yeməsindən, yüksək kredit faizlərindən, sifarişlə hökm çıxaran məhkəmələrdən, monopoliyadan şikayətçidir ki, bunları da ölkə başçısı yaxşı bilir.
Ümumiyyətlə, ölkə başçısına məlum olan hansı məsələlər araşdırılıb ki, bundan sonra da çatışmazlıqlar həll edilsin? Məsələn, Binəqədidəki faciəli yanğınla bağlı cinayət işi açıldı və prezident bu məsələni öz nəzarətinə götürdü. Amma bu hadisənin üstündən 1 il ötdü və günahkarlar hələ də azadlıqda gəzir. Yaxud Elmar Hüseynovun, Rafiq Tağının, Rail Rzayevin qətlinin araşdırlması məsələsini də prezident öz nəzarətinə götürmüşdü və uzun illərdi bu cinayətlərin üstü açılmır.
Ölkə vətəndaşları bilir ki, bütün sahələr məmurların monopoliyasındadır və buna görə də qiymətlər bahadır. Hətta hansı məhsulun, hansı məmurun nəzarətində olması da məlumdur. Uzun illərdi bu məsələ gündəmdədir, amma nəticə yoxdur. Bu çatışmazlığın aradan qaldırılması üçün prezidentə hesabat verilməlidi? Əgər çatışmazlıqlarla bağlı hesabat lazımdırsa, Hesablama Palatasının bütün sahələrdəki korrupsiya faktları ilə bağlı hesabatı təqdim edilib. Ölkə başçısı niyə tədbir görmür? Avropa Məhkəməsi yüzlərlə məhkəmə qərarının ədalətsiz olduğunu təsdiqləyib. Niyə bu hakimlər cəzalandırılmayıb? Ən əsası, ölkədəki çatışmazlıqları dilə gətirənlər, bu çatışmazlıqların həllini tələb edənlər, niyə şərlənərək həbsə atılıb? Niyə yüzlərlə villaya, şirkətə sahib olan nazirlərdən hesab sorulmur?
Nəhayət, günlərdi dünya mətbuatı, ölkə mətbuatı hakim ailənin ofşor hesablardakı pullarından, London malikanələrindən yazır. Niyə hökumət bunun izahatını vermir?
Göründüyü kimi, dövlətin sütunlarını məhv edən, vətəndaşı fəlakətə sürükləyən çatışmazlıqlar göz önündədir və ölkə başçısı da bundan xəbərdardı. Əgər ölkə başçısı gördüyü çatışmazlıqların həllinə nail olmaq istəsəydi, bu gün Azərbaycan tamam fərqli olardı. Əksinə, ölkə başçısı çatışmazlıqları görmək istəmədiyi üçün bölgələrə səfərində öncədən təyin edilmiş adamlarla görüşür, şəhərdə gəzəndə ətraf tamam boşaldılır, yalnız mərkəz küçələr gözəlləşdirilir, binaların üz qabıqları dəyişdirilir və s. Hətta nazirlər bölgələrə əhalinin şikayətini dinləmək üçün ezam olunanda da, büdcə təşkilatlarında çalışanlar qabağa verilir. Qubada, Ismayıllı da, Binə Ticarət Mərkəzində çatışmazlıqlara etiraz edənlər cəzalandırıldı.
Deməli, ölkə başçısının fərmanı əsasında yaradılan yeni elektron xidmət də imitasiyadır və heç bir müsbət nəticə vəd etmir.
Samir