Siyasi məhbuslar hakimiyyəti necə zəiflədir?

axcp-siyasi-mehbuslarGünhsız insanların həbsi rejimin günahkar obrazını yaradıb

Qorxu yaratmaq, cəmiyyəti basqı altında saxlamaq avtoritar rejimlərin siyasi xəttinin əsasını təşkil edir. Belə rejimlər hesab edirlər ki, cəmiyyəti basqı altında saxlamaqla əbədi hakimiyyəti təmin etmək, dövlətin sərvətlərini rahatlıqla talamaq olar. Azərbaycanı 23 ildir dəyənəklə idarə edən Əliyevlər rejimi də belələrindəndir.

Etiraf edək ki, Azərbaycandakı mövcud rejim uzun müddət istəyinə nail olub. Xüsusən də fərqli fikir daşıyıcıları, hakimiyyəti tənqid edənlər həbslə cəzalandırılıb və cəmiyyətə mesaj verilib ki, haqqı deyənin yeri həbsxanadır. Hakimiyyət cəmiyyətdəki etirazları, kütləvi narazılığı həbslərlə neytrallaşdırıb və alternativləri bu yolla sıradan çıxarmağa çalışıb. Bu gün də Azərbyacan həbsxanalarında 80-dən artıq siyasi məhbus var.

Amma artıq dövr dəyişib və hakimiyyətin əsas silahı olan həbslər öz qüvvəsini itirib. Bu qədər repressiya, təzyiq, təqib etirazçı təbəqəni sıradan çıxarmır. Əksinə, hökuməti kəskin şəkildə tənqid edənlərin sayı durmadan artır. Təkcə sosial şəbəkələrə nəzər salanda minlərlə insanın hakimiyəti hədəf seçdiyi aşkar görünür. Digər tərəfdən, hakimiyyətin şərləyib həbs etdiyi adamlar ölkədə və dünyada qəhrəmana çevrilir. Maraqlıdır ki, bu adamlar azadlıqda olduqları vaxtdan daha çox həbsdə olduqları dövrdə hakimiyyətə problem yaradırlar. Onlar azadlıqlarını itirməklə hakimiyyətin mahiyyətini bütün dünyaya çatdırır və bəşəri dəyərlər uğrunda döyüşdükləri üçün hamının sayğı duyduğu insana çevrilirlər. Deməli, hakimiyyət bu adamları həbs etməklə, onları istəklərinə daha da yaxınlaşdırır.

Faktiki olaraq siyasi məhbus məsələsi hakimiyyətin bir nömrəli probleminə çevrilib və bütün dünyada ona etimadı sıfıra endirib. Repressiyalar təkcə siyasi əməkdaşlıqda yox, iqtisadi əməkdaşlıqda da hakimiyyətin qarşısında əngəl yaradır. Qanunların oyuncağa çevrildiyi, demokratik ənənələrin olmadığı ölkəyə heç kim sərmayə yatırmaq, yüksək məbləğdə kredit vermək istəmir. Sirr deyil ki, Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq demokratik ölkələrin nüfuzlu adamları üçün kompromata çevrilib. Hansı senatorun, şahzadənin, nazirin Azərbaycanla isti münasibətləri üzə çıxırsa, dərhal öz ölkəsində, dünyanın nüfuzlu media orqanlarında tənqid atəşinə tutulur.

Bəli, həbslər həm ölkə daxilində, həm də ölkə xaricində hakimiyyətin əleyhinə işləyir. Hansısa ictimai-siyasi fəal həbs olunmaqla, ətrafındakı insanları avtomatik prosesə qoşmuş olur. Dünənə qədər proseslərdən kənarda qalan adamlar, həqiqətlərin içinə girməyə məcbur olur.

İndi informasiya əsridir və hadisələr sürətlə yayılır. Siyasi məhbusların sayı artdıqca dünyanın Azərbaycana diqqəti də artır. Bu adamların qondarma ittihamlarla həbs olunduğu Avropa Məhkəməsi səviyyəsində təsdiqlənir, onlara ən nüfuzlu mükafatlar verilir və dünya mediası onları daim gündəmdə saxlayır və s.

Yəni, uzun illər ərzində işləmiş mexanizm artıq funksiyasını itirib. Əgər bu repressiyalar öz gücünü saxlamaış olsaydı, heç kim siyasi məhbusları müdafiə etməyə, azadlığa çıxanları sevinclə qarşılamağa cəsarət etməzdi. Artıq insanlar başa düşür ki, həbsxana dünyanın sonu deyil, əksinə avtoritar, ədalətsiz hakimiyyətlə savaşa görə həbs olunmağın xeyli üstünlükləri var.

Bir sözlə, müşahidə etdiklərimiz göstərir ki, “siyasi məhbus” məsələsi hakimiyyətin baş ağrısına çevrilib və həbsləri “xoxan” kimi təqdim etmək mümkün olmur. Faktiki olaraq repressiyalar alternativin xeyrinə, rejimin zərərinə işləyir. Bir də ölkədə elə vəziyyət hökm sürür ki, həbsxana ilə azadlıq arasındakı fərqlər azalır.

Təbii ki, hakimiyyət də bunun fərqindədir və siyasi məhbusların sayının artmasının böyük problemə çevrildiyini başa düşür. Sadəcə olaraq şəxsi düşmənçilik hissi, hikkə, siyasi rəqiblərə nifrət böyük olduğuna görə, sağlam qərar verə bilmir. Əslində, bütün diktaturaları bu xarakter çökdürür. Hakimiyyəti qoruyub saxlamaq üçün cəmiyyəti o qədər sıxırılar ki, axırda partlayış qaçılmaz olur. Yəni, yanlış müdafiə qarşı tərəfin uğurlu hücumu ilə nəticələnir.

Bu gün Azərbaycanda günahsız insanların həbsi rejimin günahkar obrazını formalaşdırıb. Hökumət repressiyalarla həm siyasi məhbusları müsbət nümunə kimi əbədiləşdirir, həm cəmiyyətin kənarda qalan kəsimini də proseslərə qoşur, həm də dünyada nüfuzunu sürətlə itirir. Yəni, hakimiyyətin ən böyük silahı özünə qarşı işləməyə başlayır. Bundan sonra həbslərin artması, siyasi məhbusların azadlığa buraxılmaması yalnız demokratiyanın leyhinə işləyəcək.

Akif