Böhranın daha dərini hələ qabaqdadır

akarimli-2014Gördünüz manat nə qədər riskli vəziyyətdədir? Əslində can verən milli valyutamız süni nəfəs aparatına qoşulub, hələlik nəfəsi gəlib-gedir. Sonuncu hərracda dollara təlabat təklifi 10 dəfə üstələdi. Neft Fondunun satışa çıxardığı 50 milyon dollara qarşı bankların tələbatı 500 milyon dollar oldu. Yəni satılsaydı, Mərkəzi Bankın valyuta rezervlərinin səkkizdən biri bir gündə alınarmış.

Nə baş verir? Təbii ki, ölkədə azad bazar iqtisadiyyatı olmadığı üçün baş verənləri də bazar iqtisadiyyatı qanunauyğunluqları ilə anlamaq mümkün deyil. Axı neftin qiyməti yanvar ayındakı minimumdan sonra axırıncı aylarda təqribən 80 faiz artıb, bareli 50 dolların ətrafında sabitləşib. Son günlərdə də dünyadakı dinamika neftin qiymətinin az da olsa, artması və dolların ucuzlaşması olub axı. Bəs nədir bu dollar təlabatının birdən-birə partlaması? Səbəbi yenə analoqsuzluğumuzda axtarmaq lazımdır. Dollara təlabat təbii şəkildə deyil, süni yollarla aşağı salınmışdı.

Manatı möhkəmləndirmək üçün hökumət heç bir ciddi islahat aparmadi. Sadəcə Mərkəzi Bank manat kütləsini bazardan dramatik şəkildə yığışdırdı. Yəni dollara tələb azalmamışdı, sadəcə olaraq dollar almağa manat yox idi. İndi büdcə ödənişləri, Formula-1 hazırlıqları dövriyyədəki manatı bir az artırıb. Manat da artan kimi banklar (manatın acınacaqlı durumunu və gələcəyini hamıdan yaxşı bildiklərindən), dərhal onlarda toplanmış manatları dollara dəyişmək istəyiblər və nəticədə də 500 milyon dollarlıq tələb yaranıb.

Təəssüf ki, bacarıqsız hökumət xalqımıza hələ çox baha başa gələcək. Heç olmasa, devalvasiyadan sonra, hətta 2-ci devalvasiyadan sonra islahatlara başlansaydı, indi ilkin nəticələr olardı. Amma hökumət mümkün variantların ən pisini seçib. Heç bir islahat aparılmır, manatın daha ciddi devalvasiyası və ümumiyyətlə, böhranın daha dərini təəssüf ki, hələ qabaqdadır. Bir az da “siyasətə qarışmasaq” Venesueladakı vəziyyətin oxşarını biz də yaşaya bilərik. Əziz həmvətənlər, aktiv vətəndaş olaraq, siyasətə qarışmaq lazımdır.