Məmurlar necə milyarderə çevrilir?
Məmurların necə milyarderə çevrildiyi, büdcənin necə boşaldığı, neft pullarının necə talan edildiyi rəsmi olaraq da etiraf olunur. Eyni zamanda vətəndaşın niyə səfil vəziyyətə düşdüyü, dövlətin niyə xarici borc yığdığı iqtisadiyyatın niyə iflic olduğu da aydın görünür.
Yəni, bu qədər zəngin ölkənin, bu qədər aciz vəziyyətə düşməsi məqsədli şəkildə olub, bilərəkdən dövlətin bütün dayaqları sıradan çıxarılıb.
Baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Kabinetinin 44-cü sessiyasında çıxışı zamanı bildirib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna 25 milyard ABŞ dolları yönəlib: “Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir. Son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmir yollarının rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib” – deyə Abid Şərifov bildirib.
Bu rəqəmlər adamı dəhşətə gətirir. Deməli, nəqliyyat sektoruna yöənldilən vəsait mövcud büdcənin ikiqatı qədər olub. İndiki məzənnə ilə götürsək 38 milyard manat təkcə nəqliyyat sektoruna yönəldilib. Dəhəştli olan budur ki, bu qədər vəsaitdən sonra yollarımız yenə də bərbad vəziyyətdədir, 1-2 saat yağış yağması kifayət edir ki, ölkə bataqlığa çevrilsin. Bu gün Bakının özündə bərbad vəziyyətdə olan yollar var, Bakıətrafı qəsəbələrdə hələ də qışda cəhənnəmi xatırladan yollar mövcuddur. Hətta şəhərin mərkəzində salınan yolların da ömrü uzun olmur. Eyni əraziyə dəfələrlə asfalt döşənir və dəflərlə büdcədən pul mənimsənilir. Milyonlarla vəsaitin yönəldiyi körpülər, keçidlər çat verir. Yəni, yollar həm fantastik qiymətə çəkilir, həm də fantastik dərəcədə keyfiyyətsiz olur.
Onu da qeyd edək ki, Azərbyacanda yolun hər kilometrinə ayrılan vəsaitin həcmi Avropa öləklərinin mütəxəssislərini şoka salıb. Belə ki, Azərbaycanda hər kilometri 20-25 milyon manata çəkilən yollar var. Hansıki, Almaniyanın ən keyfiyyətli yollarının hər kilometri bundan 10 dəfə az vəsait hesabına çəkilir. Dəmiryolu sektorunda vəziyyətə daha da acınacaqlıdır. Əsasən sovet dövründən qalma relslər fəaliyyətdədir. Əgər dəmiryolları müasir standartlara uyğunlaşdırılsaydı, bu gün Azərbaycanda da sürət qatarları hərəkət edərdi.
Xatırladaq ki, Misirdə yeni paytaxt tikilir və 7 milyon əhalinin yaşaması üçün nəzərdə tutulan paytaxtın tikintisinə 43 milyard dollar vəsait ayırlırb. Bəli, Azərbyacan hökumətinin nəqliyyat sektoruna yönəltdiyi vəsaitinin ikiqatına Misirdə yeni şəhər salınır.
İndi aydın olur ki, məmurlar necə milyarderə çevrilir? Təkcə bu fakt kifayət edir ki, Azərbaycanı necə acgöz, tamahkar, oğru bir zehniyyətin idarə etdiyi aydın görünsün. Əgər nəqliyyat sektoru vasitəsilə 25 milyard dollar silinibsə, digər sektorlarda da eyni vəziyyətin hökm sürdüyü sözsüzdür. Təhsil , səhiyyə, kənd təsərrüfatı, mətubat , mədəniyyət və incəsənət , ekologiya, hərbi və digər sahələrə də külli miqdarda vəsait sərf olunub. Ancaq bütün bu sahələrin heç birində keyfiyyətli iş, real nəticə yoxdur. Yüz milyardlar müxtəlif məqsədlər üçün silinib və ciblərə yönəlib. Təkcə nəqliyyat sektoruna 25 milyard ayrılıbsa, offşorlara 95 milyard daşınamsı məntiqli görünür.
Bu gün dünyanın ən geridəqalmış ölkələri ilə Azərbaycan atrasında fərq tapmaq çətindir. Azərbyacandakı yollardan daha keyfiyyətlisi Gürcüstanda da var və yağış yağanada şəhər dənizə çevrilmir. Yəni, Azərbaycan hökumətinin 25 milyarda həll edə bilmədiyi problemi, Gürcüstan hökuməti 1-2 milyarda həll edib. Digər sahələrdə də müqayisə eynidir. Hansı sahəyə büdcədən pul ayrılıbsa, həmin sahələr məhv olub. Çünki, ayrılan pul təyinatı üzrə xərclənməyib.
Bir sözlə, Abid Şərifovun həvəslə vurğuladığı 25 milyard yola yox, yolsuzluğa xidmət edib. Ölkəyə keyfiyyətsiz, bərbad yollar, özlərinə maneəsiz yollar bəxş ediblər. Bəli, bu milyardlar əyri yollara sərf olunub. Bu qədər sürətli talançılığın qarşısında neft pulları əlbəttə ki, duruş gətirə bilməzdi. Bu qədər vəsaitlə ölkəni yalnız normal hökumət cənnətə çevirə bilərdi.
Samir


