Müzəffər Baxışov: «Vahid istintaq komitəsinin yaradılması bəraət hökmlərinin sayının çoxalmasına imkan yarada bilər»
Azərbaycanda hüquq-mühafizə sistemində, əksər nazirliklərdə ayrıca istintaq şöbəsinin mövcudluğu cinayət işlərinin obyektiv araşdırılmasına ictimaiyyət arasında şübhələr yaradır. Hazırda ölkədə prokurorluqla yanaşı, Daxili Işlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin də istintaq orqanı var. Istintaqı aparan şəxslərin eyni qurumun tabeliyində çalışması işin obyektiv araşdırılmasına kölgə salır.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, vahid istintaq komitəsinin yaradılması məsələsi hələ sovet dönəminə gedib çıxır. Yəni vahid istintaq komitəsinin yaradılması ideyası o illərdən olsa da, indiyədək reallaşmayıb: “Təkcə Rusiya və Qazaxıstanda vahid istintaq komitəsi var. Vahid istintaq komitəsinin yaradılması müsbət haldır. Bizdə də belə bir qurumun yaradılması və istintaq işlərinin orada aparılması yaxşı olardı. Istintaqla əməliyyatın bir yerdə olması təhlükəlidir. Istintaq orqanıyla əməliyyat orqanının eyni tabelikdə olması işdə sui-istifadəyə böyük şərait yaradır. Vahid istintaq komitəsinin yaradılması təkcə istintaqın obyektiv və hərtərəfli aparılmasına kömək demək deyil. O, gələcəkdə məhkəmələrdə işlərin obyektiv aparılmasına zəmin yarada bilər. Prokurorluğu ümumiyyətlə, istintaqdan kənarlaşdırmaq lazımdır. Prokurorluq yalnız məhkəmələrdə dövlət ittihamını müdafiə etməlidir. Istintaq komitəsinin struktur vahidləri, idarələri, bölmələri, şöbələri olacaq. Hər hansı cinayət işi barəsində istintaq aparılandın sonra müstəntiq tərəfindən ittiham aktı tərtib olunur. Məhkəmədə isə çəkişmə prinsipinə əsasən, müdafiə və ittiham tərəfi üz-üzə gəlir. Konkret şəxs barəsində cinayət əməli sübuta yetirilsə, barəsində ittiham hökmü çıxarılır. Sübuta yetirilmirsə, məhkəmə ona bəraət hökmü verir”.
Hüquqşünas hesab edir ki, vahid istintaq komitəsinin yaradılması məhkəmələrdə işlərə obyektiv baxılması və gələcəkdə bəraət hökmlərinin sayının çoxalmasına imkan yarada bilər: “Indiki halda isə bu, mümkün deyil. Istintaq orqanları tərəfindən aparılan istintaq materialları əsasında prokuror tərəfindən ittiham aktı tərtib olunaraq iş məhkəməyə göndərilir. Məhkəmədə də prokurorlar ittihamı müdafiə edirlər. Ümumiyyətlə, prokurorlar hakimlərə təzyiq göstərirlər və cinayət işi üzrə obyektiv nəticəyə imkan vermirlər. Çıxarılan hökmlər sanki ittiham aktının surəti olur. Bu da çox böyük biabırçılıqdır”.
Nigar