Təxminən 3-4 il ərzində Azərbaycan TANAP layihəsinə 10 milyard dollara yaxın sərmayə qoyacaq. Həmin vəsaitin ən azı 7-8 milyard dollarını xarici borc hesabına həyata keçirələcəcəyi gözlənir. Bu məbləğ Azərbaycanın hazırkı xarici borcuna bərabər bir məbləğdir.
Amma hər kəsi düşündürən əsas sual budur: yaxın 10-15 ildə qaz gəlirləri neftdən itirdiyimiz gəlirlərin hansı hissəsini kompensasiya edə biləcək?
Məlumat üçün deyim ki, Azərbaycan hökuməti qiymətlərin ən pik dövründə mənfəət neftindən 1 ildə 16 milyard dollar qazanıb. Hazırkı qiymətlərlə bu məbləğ 7 milyard dollar ətrafındadı. Əgər qiymətlər indiki səviyyədə qalsa, hasilatın azalması nəticəsində 2020-ci ildən sonra mənfəət neftindən illik gəlir maksimum 3-4 milyard dollar ola bilər.
İndiki dünya bazar qiymətləri və proqnoz edilən hasilat əsasında qiymətləndirdikdə, hasilatın pik dövründə mənfəət qazından hökumətin illik qazancları 2-2.5 milyard dollar intervalında dəyişə bilər.
Bunları niyə yazıram: dünya qaz bazarında çox sərt rəqabət dövrü gəlir. Ekspertlər maye qazın əsas alıcısı Koreya və Yaponiyanın yanacaq istehlakını azaltması səbəbindən sürətlə artan maye qaz həcminin bazarlarda təklif artıqlığı yaradacağını proqnoz edir. Məsələn, Beynəlxalq Energetika Agentliyi bəyan edib ki, 2021-ci ilədək dünyada sıxılmış qazın istehsalı 45% artacaq: bir tərəfdən nəhəng qaz istehlakçılarının alterantiv enerjidən istifadəsi nəticəsində tələbatda azalma baş verir, o biri tərəfdən isə istehsal həcminin az qala 50% artımı baş verir. Nəticə bazarda böyük təklif artıqlığı yaranır. Oxşar mənzərəni biz son 2 ildə slans neftinin neft bazarında yaratdığı durumda görürük.
Polşa artıq “Qazprom”la uzunmüddətli müqaviləni uzatmaq niyyətində deyil. Səbəb ölkədə tikilən nəhəng maye qaz terminalıdır.
Öz növbədində 2021-ci ilədək Avstraliyanın maye qaz istehsalında Qətəri geridə buraxaraq dünya lideri olacağı artıq indidən real görünür.
Azərbaycan hakimiyyəti bəyanat versə də, neft və qazı nəinki unuda bilmədi, özünün bütün potensialını, strategiyasını yenə bu sekor üzərində qurdu. Bu layihələri davam etdirmək lazımdır. Amma qoyulan sərmayələrin həcmi, aparılan islahatların miqyası və əməlilyi ilə hökumət nümayiş etdirməli idi ki, qeyri-neft sektorunun inkişafı onun üçün birincidir. Bizdə real vəziyyət belədir: bəyanatlarda qeyri-neft sektorunun, əməli fəaliyyətdə neft-qaz sektorunun inkişafı prioritetdir.
Real islahatlar olmadı. Xüsusilə mərkəzi və yerli idarəetmə, məhkəmə sistemində fundamental institusuional islahatlar heç gündəliyə daxil olmadı.