Milli Şura xalqa müraciət etdi: “Taleyinə sahib çıx”

milli-sura-rehberlikDemokratik Qüvvələrin Milli Şurası xalqa müraciət qəbul edib. Müraciətdə deyilir.

Ölkəmiz ağır sosial, iqtisadi, mənəvi problemlər altında olsa da, hökumətin Azərbaycan xalqı, xüsusən də onun əqidəli, yüksək təhsilli, ölkəyə müsbət dəyişiklik gətirmək istəyən kəsimi ilə savaşı davam edir. Son bir neçə ildə yüzlərlə şəxs siyasi sifarişlərlə haqsız və qanunsuz olaraq həbs edilib. Çox yaxşı haldır ki, Milli Şura olaraq bizim, ölkədəki prinsipial qüvvələrin, vətəndaş cəmiyyətinin, dəyişiklik istəyən vətəndaşlarımızın apardığı mübarizə, göstərdiyi müqavimət və beynəlxalq təşkilatların dəstəyi nəticəsində son zamanlar 17-18 nəfər tanınmış siyasi məhbus azad edilib. Bununla belə, narahatlıqla bildiririk ki, son həbslərlə birlikdə yenə də ölkədə 100 nəfərə yaxın siyasi məhbus var. Hakimiyyətin xüsusən də Xalq Cəbhəsinin, NİDA Vətəndaş Hərəkatının üzvlərindən, inanclı kəsimin nümayəndələrindən, bir neçə bloggerdən ibarət siyasi məhbuslara, eləcə də tanınmış ictimai-siyasi xadimlərin qohumları olduqları üçün həbs edilmiş siyasi girovlara anlaşılmaz, sərt, kinli münasibəti təəssüf doğurur və ölkədə vətəndaş qarşıdurmasını körükləyən faktorlardan biri kimi qiymətləndirilir.

Milli Şura narahatlığını bildirir ki, son bir neçə ayda həm də polis idarələrində işgəncə halları, işgəncə nəticəsində insan ölümləri faktları artıb. Bir tərəfdən beynəlxalq birlik qarşısında siyasi məhbus problemini həll edəcəyi, insan hüquqları ilə bağlı müəyyən irəliləyişə nail olacağı haqda öhdəlik götürən hakimiyyət, digər tərəfdən polis idarələrində insanların amansız, şiddətli zorakılığa məruz qalmasına, döyülüb öldürülməsinə şərait yaradır. Milli Şura olaraq bunu qətiyyətlə pisləyirik, konkret hallar üzrə işgəncə törətmiş şəxslərin məsuliyyətə cəlb olunub, cəzalandırılmasına israr edirik.

Milli Şura olaraq ölkədə sosil-iqtisadi problemlərin həll edilməməsindən də çox narahatıq. Bir il ərzində iki dəfə devalvasiya nəticəsində əhalinin həyat səviyyəsi təqribən yarıbayarı pisləşib. Yüzminlərlə iş yeri bağlanıb, əhalinin real gəlirləri kəskin şəkildə aşağı düşüb. Azərbaycan iqtidarı isə sosial-iqtisadi problemlərin köklü həlli üçün real addımlar atmaq əvəzinə çoxsaylı bir-birinə zidd, biri digərini təkrar edən gərəksiz fərman və sərəncamlarla islahat görüntüsü yaratmağa çalışır. Buna paralel olaraq da ölkə sürətlə böyük borclanmaya sürüklənir. Bütün beynəlxalq qurumlardan israrla kredit istənilir, ölkənin xarici borcları artırılır. Biz Milli Şura adından hökuməti məsuliyyətli olmağa, sosial-qtisadi problemlərin həlli imitasiyasından əl çəkib, real tədbirlər üçün elementar vəzifələrini yerinə yetirməyə çağırırıq.

Bakının mərkəzində aparılan söküntülər zamanı tarixi binaların dağıdılması da bizi ciddi narahat edən haldır. “Sovetski” adlanan məhəllədə köhnə yaşayış evləri ilə yanaşı 70-dən artıq tarixi abidə də sökülən binaların siyahısına salınıb. Dünyada hətta zəruri köçürmələr zamanı da tarixi binaları qorunmağın çoxlu üsulları və nümunələri var. Təəssüf ki, Azərbaycan hökuməti “Sovetski”də bu üsul və nümunələrin heç birindən yararlanmadan şəxsi mənfəət və şöhrətpərəstlik motivləri ilə ucdantutma, binaların tarixi memarlıq əhəmiyyətini nəzərə almadan söküntü işi aparır. Biz bunu tarixi irsimizə hörmətsizlik kimi qiymətləndirir və bağışlanmaz səhv hesab edirik. Hökuməti ərazidə hələ salamat qalmış, yaxud tam dağıdılmamış tarixi binaları sökmək planından imtina etməyə, onların qorunması və bərpası üçün zəruri addımlar atmağa çağırırıq.

Milli Şura olaraq aprel döyüşləri günlərində birmənalı şəkildə ordumuza, əsgər və zabitlərimizə dəstək ifadə etdik. Çox təəssüf ki, 4 günlük savaş işğalçı üzərində əhəmiyyətli üstünlük qazanılmadan, məhz Azərbaycan rəhbərliyinin göstərişi ilə dayandırıldı. Dövlət başçısı İlham Əliyevin özü etiraf etdi ki, ermənilərin möhkəmələndirilmiş mövqelərini hücumla almış qəhrəman əsgərlərimizin zəfər yürüşünü ermənilərin xahişi ilə məhz o durdurub. Biz bundan çox məyus olduq. Azərbaycan hökuməti Qarabağ, torpaqların azad edilməsi kimi həssas məsələdən siyasi vasitə kimi istifadə etməməlidir. Torpaqların həqiqətən azad edilməsi üçün siyasi iradə göstərmək əvəzinə bu məsələni də daxili siyasətin elementinə çevirmək ölkənin milli təhlükəsizliyinə vurulan ağır zərbə, son dərəcə məsuliyyətsiz hərəkətdir. Biz hakimiyyəti ən azı milli təhlükəsizliklə bağlı məsələlərdə məsuliyyətli olmağa, hansısa kənar güclərin maraq və istəklərindən deyil, az xalqının mənafeyindən çıxış etməyə çağırırıq.

Xalqımıza müraciətlə vurğulamaq istəyirik ki, son dövrlərin təcrübəsinin də göstərdiyi kimi, ölkədə xalqın seçmədiyi, xalq qarşısında məsuliyyət daşımayan, legitimliyi olmayan hakimiyyət nə sosial-qtisadi problemləri həll edə, nə siyasi məhbus problemini aradan qaldırmaq, işgəncələri durdurmaq iradəsi göstərə, nə də işğaldakı torpaqlarımızı azad etmək qətiyyət və cəsarətinə sahib ola bilər. Problemlərimizin köklü həlli xalqımızın ciddi şəkildə təşkilatlanmasından, millət olaraq öz taleyinə sahib çıxmasından keçir. Milli Şura olaraq bəyan edirik ki, xalqımız bu ünvanda təşkilatlanıb səfərbər olunacağı təqdirdə, onun maraqlarına uyğun dəyişikliklərin həyata keçirilməsi üçün gərəkən hər cür fədakar addımı atmağa hazırıq. Bir daha xalqımızı siyasi fəallıq nümayiş etdirməyə, Milli Şura ətrafında təşkilatlanamağa və taleyinə sahib çıxmağa çağırırıq.