Akif Çovdarovla bağlı ilginc xəbərlər

covdarov-mehkeme2O, istintaqa çox yaşamayacağını deyib; sosial şəbəkələrdə isə generalın intihara cəhd etdiyi barədə iddialar yer alıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas simalarından biri olan həbsdəki general Akif Çovdarov növbəti dəfə istintaq hərəkətinə cəlb olunub. Bu barədə gununsesi.info hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Akif Çovdarov bu dəfə vaxtilə hədə-qorxu ilə külli miqdarda pulunu aldığı iş adamlarının biri ilə üzləşdirilib.

Istintaqa ifadəsində Çovdarov maraqlı fikir də söyləyib. O, ittihamların bəzilərini qəbul etmədiyini də deyib: “Mənim üçün artıq fərqi yoxdur. Nə istəyirsizsə, yazın. Onsuz da mən ağır xəstəyəm. Çox yaşamayacağam, öləcəm. Ona görə də mənə nə qədər cəza verilməsinin əhəmiyyəti yoxdur. Amma bir ölkənin generalının həbsdə ölməsi dövlətə baş ucalığı gətirmir”.

***

Sosial şəbəkələrdə isə Akif Çovdarovun intihara cəhd etməsi barədə məlumat yayılıb. Məlumatda iddia edilir ki, o, Ədliyyə Nazirliyinin Müalicə Mərkəzində özünə qəsd etmək istəyib. Vəkil Kamandar Nəsibov lent.az-a açıqlamasında məlumatın əsassız olduğunu deyib: “Akif Çovdarov heç müalicə mərkəzində olmayıb. Hal-hazırda Kürdəxanadadır. Bu cür yanlış xəbərlərin yayılmasını anlamırıq”.

Ədliyyə Nazirliyi Tibb Baş Idarəsindən verilən məlumata görə, Akif Çovdarov indiyə qədər həmin müəssisəyə gətirilməyib.

Virtualaz.org saytı isə məlumat yayıb ki, Akif Çovdarovun 1 saylı Bakı Istintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilməsinə rəğmən onun səhhətində ciddi problem olmayıb. Üstəlik o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib, tibb məntəqəsində qalmağa üstünlük verib. Əcaba, nədən? Bəlkə çoxsaylı ağır cinayətlərdə ittiham olunan generala orada qalmaq daha rahatdır, yaxud kimlərsə onu tibb məntəqəsində saxlamaqla himayə edir? Xüsusən də mətbuatda Çovdarovla anlaşma barədə şaiyələrin baş alıb getdiyi bir vaxtda.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Akif Çovdarovun hansı səbəbdən 15 gündən artıq müddətdə tibb məntəqəsində saxlanılmasına aydınlıq gətirilməyib. Penitensiar Xidmətin Mətbuat Xidmətindən isə virtualaz.org-a bildiriblər ki, bu məsələ onların səlahiyyətində deyil və Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinə müraciət etmək lazımdır.

***

Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin rəis müavini Iftixar Qurbanov isə virtualaz.org saytına açıqlamasında hazırda Akif Çovdarovun həkim nəzarətində olduğunu deyib: “Həkimlərin müşahidəsi altındadır. Məhkumun tibb məntəqəsində  nə qədər saxlanılması onu müalicə edən həkimlərin rəyindən asılıdır”.

Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl virtualaz.org saytına açıqlamasında deyir ki, görünür Akif Çovdarov məhkəməyədək xəstəlik bəhanəsilə ən azı ev dustaqlığına çıxmaq istəyir: “Bu gün də mətbuatda ”bir generalın həbsdə ölməsi dövlətə baş ucalığı gətirməz” bəyanatıyla çıxış etməklə məqsədinə nail olmağa çalışır. Istintaqın hansı qərar qəbul edəcəyini əvvəlcədən demək mümkün deyil. Çünki “MTN işi”ilə bağlı olanlarla son qərar daha yuxarı səviyyədə həll olur”.

Akif Çovdarovun səhhətinin pisləşməsi və 1 saylı Bakı Istintaq Təcridxanasının tibbi məntəqəsinə yerləşdirilməsi barədə məlumat mayın 20-də yayılıb. Hazırda o, tibb məntəqəsinin 7 saylı palatasında qalır.

Həmin məlumatda deyilirdi ki, Akif Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.

Müraciətdən sonra Akif Çovdarov həkim komissiyasının vasitəsilə müayinə olunub və ürəyində ciddi problem aşkarlanıb.Məlumata görə, Akif Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı Istintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. O, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina edib.

Adının açıqlanmasını istəməyən vəkil isə bildirib ki, Penitensiar Xidmətin tibb məntəqəsi imkanlı məhbusların istirahət məkanına çevrilib. “Ora sadəcə olaraq pullu yerdir, kimin pulu varsa xəstəlik bəhanəsi ilə tibb məntqəsində yerləşdirilir. Elə məhbus var ki, bir ildən çoxdur tibb məntəqəsindədir, gedib araşdırsınlar. Mənim bildiyimə görə tibb məntəqəsində məhbusun nə qədər saxlanılmasına dair dəqiq məhdudiyyət yoxdur, ancaq daxili nizamnamədə belə məhdudiyyət varsa belə, ona əməl etmirlər. Tibb məntəqəsində aylarla, bəzən bir ildən çox qalan məhbus var”, – deyə vəkil bildirib.

Qeyd edək ki, Akif Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

O, ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.