Mən şair olsaydım…

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Mən şair olsaydım, dünənki vurğunluqla sənə, bir çağlar tribunadan səninlə birgə xalqı coşduran birilərinə şeirlər yazardım – xalqımızın sayılıb-seçilən öndərləri-liderləri olaraq. Ancaq… mən şair deyiləm, Azərbaycan dəlisiyəm – analitik düşüncəli Azərbaycan dəlisi! Bunun nə demək olduğunu bilirsənmi? Bu bir insan sevgisi deyil, doğma ölkə, doğma yurd-yuva sevgisidir: ana-bala sevgisi kimi sonsuz-sınırsız sevgi. Sözsüz, bizim tribuna çıxışlarına bağlı sevgimiz də sonsuz-sınırsız ola bilərdi, o çıxışlarla milyonların könlünü ələ alanlar, sevgisini, sayğısını qazananlar sonrakı davranışlarında yolsuzluğa varmasaydılar. Vardılar, özü də necə! Sən də onlardan biri…

Tezdən Meydan (meydanlar!) fanatiki bir dostumuz zəng vurub sənin hansısa uzun-uzadı özünü öymə çıxışından danışdı, dönə-dönə o çıxışı tapıb oxumağımı istədi. Çağın sınağından sınıq çıxmışları oxumağa dəyməz, dedim. Dedim, ancaq deməklə iş bitirmi? Keçmiş hərəkatçılar olaraq bizi bir-birimizə bağlayan böyük bir KEÇMIŞ var. Bilərəkdən “keçmiş” sözünü iki yol işlədirəm: hərəsinin öz anlamı var; biri unudulan keçmişdir, o biri unudulmaz keçmiş. Iki yüz illik ayrılıqdan sonra biz doğma qardaşlar olaraq bir araya gəlibən əl-ələ, çiyin-çiyinə Yeni Azərbaycan yaratmaq istəyirdik. O günlərdə biz bir-birimizi necə də çox sevirdik, bir-birimizə necə də candan-könüldən bağlıydıq! Ancaq, sən demə, bizlər gerçək bir Yeni Azərbaycan yaratmaq istəyi ilə alışıb-yanırkən bizimlə birgə olan biriləri dırnaqarası “Yeni Azərbaycan” üçün çalışırmışlar! Bilmirəm, bəlkə də, burası bütünlüklə belə deyil, indi çox deyildiyi kimi, bəlkə, doğrudan kimlərsə kimlərisə aldadıblar. Hamımız aldana bilərik, hamımızı aldada bilərlər, ancaq burada aldanandan min qat artıq aldadanın kimliyi önəmlidir: səni aldadan kimdir, kimə aldanmısan. Sən bəlli olmayan birisinə inanıb aldanmısansa, çox da suçlu deyilsən. Bütünlüklə bəlli birisinə aldandığını deyirsənsə, onda ortaya iki versiya çıxır: 1) aldanışa yönəliksən; 2) bizi aldadırsan. Gerçək liderlik baxımından hər ikisi sıfır vektor görsənişi deməkdir. Sıfır vektor başlanğıcla son nöqtələri üst-üstə düşən vektorlardır. Sıfır vektor istənilən siyasətçi üçün sonuncu enmə zolağıdır – oradan uçuş yoxdur. Sən isə keçmişi çevir tatı-vur tatı ortaya qoymaqla yenidən uça biləcəyini düşünürsən. Dünyada bağışlanan suçlarla yanaşı bağışlanmayan suçlar var: zəlzələdənmi, vəlvələdənmi sən özün özünə ikincini seçənlərdənsən. Bununla da özün özünün unudulmaz keçmişini unudulası keçmişə çevirmisən.

Sən tək deyilsən, hərəsi bir biçimdə, hərəsi bir ad altında sənin etdiyini etmiş başqalrı da var. Etdiyinizə nə ad verirsiz – verin, necə don geydirirsz – geydirin, bilməlisiz: siz bu ölkənin, bu ulusun dəngəsini pozdunuz. Başqa dillə desək, siz bu ölkənin, bu ulusun Alqoritmini pozdunuz. Alqoritm hər hansı sorunun çözümü üçün hansısa ardıcıllıqla yerinə yetiriləcək işlərin sırasının düzgün yazılışıdır. Siz böyük Xalq Hərəkatı ilə başlayan o YAZINI-YAZILIŞI pozdunuz! Beləcə, ölkənin üzünü DÜZGÜN YAZILIŞ yolundan döndərdiniz…

Yadındadı, 6 il qabaq zəng vurmuşdun, istəyirdin yenidən arxadaş olaq, birgə çalışmalarda bulunaq – qabaqkı kimi. Səndən bir çox illər qabaq başqası bunu istəmiş, sənə dediyim kimi ona da kəsinliklə “yox” demişdim. Baş verənlərdə sən onu suçladığın kimi, o da başqlarını suçlayırdı. Sən danışanda susduğum kimi, o danışanda da susmuşdum: danışmağa sözüm yox idi; mənim ölkəmi, ulusumu “aldanıb” tanıyıb-bildikləri birisinə satmışdılar. Mən özümün, uruğumun, ulusumun, ölkəmin ağrı-acılarını yaşayan birisi olaraq susurdum…

Mən şair olsaydım – yanşaq olsaydım… Mən şair deyiləm, analitik düşüncəli birisiyəm – ölkəmin, ulusumun hardan hara getdiyini anlayan birisi!