Camaat, yenə konsert var!

saadet-cahangir-koseSəadət Cahangir

Məmləkətdə iş, aş, maaş yoxsa da, əyləncə sarıdan bolluqdur. Biz durmadan “ölkə batır”, “manat ölür”, “büdcə boşalır” çığırıb fəryad edirik, amma hökumətin dünya vecinə deyil, anlaşılan. Bahalı əyləncə proqramları, yarışlar və şoular davam edir. On illik “Formula- 1″ yarışına ev sahibliyi qərarının bu qədər tənqidə məruz qaldığı bir zamanda məlum olur ki, hökumət iyun ayında Bakı daha bir musiqi müsabiqəsi keçirməyə hazırlaşır. Xəbəri ”Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi açıqlayıb. Xəbərə görə “Youthvision” adlanan yarışma “Eurovision” mahnı müsabiqəsinə rəqib olan yeni bir yarışmadır. “Baku Crystal Hall”da keçiriləcək  mahnı müsabiqəsinə 20-dən çox ölkənin təmsilçisi qatılacaq. Yarışma 22-24 iyunda Gənclər və Idman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Ilkin məlumata görə, bu “Youthvision”un da bütün xərclərini Azərbaycan tərəfi çəkəcək. Qəzəblənəkmi, ağlayaqmı, güləkmi, bilmirəm. Böhran və bahalığın getdikcə kabusa dönüşdüyü, yoxsulluğun dibə vurduğu bir məqamda ölkə insanını bu qədər ayaq altına salmaq bütün cizgiləri keçmək oldu artıq. Bu amansızlığın və qəddarlığın anlamı nədir, bilən varmı? Ailələrdə borclanma,  yoxsulluq, çarəsizlik son həddə çatıb. Intiharlar, soyğunlar, oğurluqlar tüğyan edir. Indi siz özünüz deyin, bu qədər çal-oyna hansı günümüzə, hansı halımıza, hansı ovqatımıza yaraşır ki?

“Hakimiyyətin başında oturanlar bizi eşitmir” deyəcəksiniz indi. Təbii, eşitməyəcək. Niyəsini bilmirsiniz məgər? Doğrudanmı, buna özünüz əsas verdiyinizin fərqində deyilsiniz? Doğrudanmı, illərdir sizin haqqınız olan milyardların anlamsız əyləncələrə, tikililərə, naməlum ünvanlara getdiyini görmürdünüz? Doğrudanmı, böyük neft gəlirlərindən zənginləşmək yerinə, günbəgün yoxsullaşıb sıxıntı içinə girdiyinizi hiss etmirdiniz? Doğrudanmı, doğuluş, gəliş, qayıdış, qurtuluş nağıllarının paytaxtı titrədən salyutuna “ura”yla atılıb-düşəndə, bir gün ordan başıaşağı girdaba düşəcəyinizi xəyal etmirdiniz? Bəs nə bilmişdiniz? Bu vecsizliklərdən və laqeydliklərdən yarasız-travmasız qurtulacağınızımı sanırdınız? Insan zülmə boyun əyincə, mütləq mənada bir hesab ödəyər, bəzən ən ağır, ən ağrılı şəkildə.

Oxuyub xatırlayan varsa, bu məsələ ilə bağlı dəfələrlə fransız filosofu Etiyen de lə Böysinin “Könüllü köləlik” əsərindən nümunələr gətirmişəm. Təkrar olsa belə, bir daha xatırlatmaq istəyirəm: “Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir. Həmin vərdiş ki, atları əvvələn yüyəni gəmirməyə, sonradan onunla oynayıb əylənməyə vadar edir; əvvələn qoşqu yəhərindən dartınıb qurtulmağa çalışır, sonralar yəhər altında sanki fəxrlə nazlanırlar. Insanlar söyləyir ki, onlar həmişə təbəə olmuşlar, dədə-babadan belədirlər. Itaətə boyun əyməyin vacibliyini düşünür, yaxud özlərini buna inanmağa sövq edirlər. Ta qədimdən bu yolla gəlmişik deyib, tiranın zülmünə haqq qazandırırlar…

Lidiyanı tutduqdan sonra Kir bu gözəl şəhəri viran qoymaq və ya əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, fahişəxanalar, tamaşa səhnələri qurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli oldu ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmadı. Nadan şəhər sakinləri fərqinə çox da varmadan əyləncənin əsirinə çevrilib, günlərini yeni-yeni oyunlar yaratmaqla keçirirdilər…” Bax, belə. Indi xalq da həmin o boyun əydiyi könüllü köləliyin acısını çəkir. Amma biz zamanında çığırıb, bağırıb sizi çox xəbərdar etmişdik. Buna Allah da, yazılı tarix də şahiddir. Keşkə eşitsəydiniz…