Qazaxıstanda xüsusi rejim elan olundu, yüksək vəzifəli bir neçə məmur həbs edildi
Aktobe şəhərində vəziyyətin gərginliyini nəzərə alaraq Qazaxıstanda 40 gün müddətinə terror təhlükəsinin ən yüksək – “qırmızı” səviyyəsi elan edilib. Şəhərin əsasən müəllimlər və dövlət qulluqçularının yaşadığı “Nur Siti” adlı bölgəsi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Qazaxıstan Daxili Işlər Nazirliyinin Terrorla Mübarizə üzrə Əməliyyat Qərargahı sakinlərdən şübhəli əşyalara toxunmamağı, hüquq-mühafizə orqanları əməkdaşları sənədləri yoxlayarkən təşvişə düşməməyi, dövlət orqanlarının rəsmi məlumatını rəhbər tutmağı xahiş edib.
Daxili Işlər Nazirliyi həmçinin Aktobedə baş verən hücumların terror aktı olduğunu bəyan edib.
Qazaxıstan parlamenti Senatının sədri Kasım-Comart Tokayev də iyunun 5-də Aktobe şəhərində baş verənləri terror aktı adlandırıb. Tokayev bu barədə özünün “Tvitter” səhifəsində yazıb: “Müqəddəs Ramazan ayı ərəfəsində Aktobedə baş verən terror aktı cinayətkarların ifrat mənəviyyatsızlığı və qəddarlığını nümayiş etdirir. Hazırda onların cəzalandırması istiqamətində ən ciddi tədbirlər görülür”.
Qeyd edək ki, həmin olaylarda naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. DIN rəsmisi Almas Sadubayevin sözlərinə görə, atışmada ölən və yaralananlar olub: “Naməlum şəxslər Aktobe şəhərindəki “Pallada” silah mağazasına, az sonra digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər. Ekstremistlər “Pallada” mağazasının satıcısını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbiçi ölüb, 9 hərbiçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb. Bəzi silahlılar isə qaçmağa nail olublar. Qaçanların saxlanılması istiqamətində əməliyyat keçirilir. Cinayət törətdikləri güman olunan şəxslərin silah-sursat dükanından oğurladığı silah-sursatın bir qismi isə müsadirə edilib”.
DIN rəsmisinin dediyinə görə, Aktobe terrorunda ümumilikdə 17 nəfər həyatını itirib: “Onlardan üçü yerli sakin, üçü hərbiçi, 11 nəfər isə ekstremistdir. Hücum edənlərin radikal dini təşkilat üzvləri olduqları güman edilir”.
Hücuma görə məsuliyyəti üzərinə özünü “Qazaxıstan Azadlıq Ordusu” adlandıran qruplaşma götürüb. Lakin bu məlumat hələ ki digər mənbələrdən təsdiqlənməyib.
Dünən həmçinin Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbiçi hakimiyyəti ələ keçirməkÿcəhdində şübhəli bilinərək saxlanılıb. Bu barədə ÿQazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Şübhəli şəxslər arasında Qazaxıstan Baş prokurorunun sabiq birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Ilyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var. Saxlanılan şəxslər istintaq təcridxanasına aparılıb. ÿHazırda iş üzrə təhqiqat gedir.



