Dəhşətdir, Cinayət Məcəlləsində belə bir maddə var imiş!

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Dünən xəbər lentlərini bəzəyən bir xəbərdə deyilirdi ki, “Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılan Gəncənin Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayevə yeni vəzifə verilib”. Ardınca da əlavə olunurdu: “Qalmaqallı hərəkətləri ilə ad çıxaran Məharət Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub”. Mənə maraqlıdı, həmin təəccüblənənlər kimlərdir? Azərbaycanda yaxşı çinovnik olmağın kökündə elə adam döyməyi, zorbalıq, qabalıq etməyi, insanlara zülm etməyi, cibə girməyi bacarmaq kimi keyfiyyətlər dayanır.

Əslində xəbərdə təəccübə səbəb olan məqam məmurluq məharətini bələdiyyə sədri üzərində göstərmiş Məharət müəllim haqqında cinayət işi açılmasıdır. Azərbaycan reallığında belələrini adətən “Şöhrət” ordeni ilə mükafatlandırır, ölü yerdən “Tərəqqi” medalı-zad verirlər. Bəs Məharət müəllimə qarşı belə ayrı-seçkilik hardan qaynaqlana bilərdi? Görünür, onun məhz bələdiyyə sədrini döyməsi yaxşı qarşılanmayıb. Nə qədər olmasa, bələdiyyə sədri də bizim ölkədə çinovniklik kimi bir şeydir, adı seçkili olsa da, özü təyinatlıdır.

Indi ölkədə bu qədər döyülməli adam – qara camaat, sıravi vətəndaş varkən bir çinovnikin durub başqa birini döyməsi həqiqətən yaxşı hərəkət deyil. Bu ölkədə vəzifə səlahiyyətlərini ancaq xalqa qarşı aşmaq olar! Yoxsa necə yəni məmur durub məmura əl qaldırsın? Bu gün məmur məmuru döysə, sabah xalqın ayağı yer almazmı, o özü qalxıb çinovnik ordusunun ağzını-burnunu əzməzmi?!

Açığı, məlum xəbəri oxuduqdan sonra məni təəccübləndirən, yox-yox, təəccübləndirən nədi, heyrətləndirən, dəhşətə gətirən başqa bir məsələ də oldu: sən demə, Azərbaycanda vəzifə səlahiyyətlərini aşmaq cinayət sayılırmış, bu haqda Cinayət Məcəlləsində ayrıca maddə var imiş, həmin maddəyə görə vəzifəli şəxsləri babat cəzalandırmaq olarmış!

Əvvəl bunu jurnalist təxəyyülünün məhsulu hesab etdim, internetdən o məcəlləni endirdim, açdım oxudum. Xəyal məhsulu-zad, yalan-filan deyilmiş. Sən demə, mən fil qulağında yatıbmışam, elə beləcə də yazılıbmış Cinayət Məcəlləsində:

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma

309.1.Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –

– şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2.Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda –

– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yaptokratların Azərbaycanında Cinayət Məcəlləsində belə maddənin olması anektoddan başqa bir şey deyil. Bu ona oxşayır ki, balıqları quruda yaşamağa məcbur edirsən, ya da quşlara uçmağı yasaqlayırsan. Araşdırsaq, bəlkə Cinayət Məcəlləmizdə rüşvətxorluq, korrupsiya da cinayət sayılır! Şəxsən mən deməyə söz tapmıram.

Yalnız onu yaza bilərəm ki, ölkədə deyil, komediya filmində yaşayırıq, belə gözəl, mənalı həyatın qədrini bilmək hamımızın vətəndaşlıq borcudur.