Obama Məhəmməd Əlidən yazdı: «Ona həmişə qibtə etmişəm»

Mehemmed eliABŞ prezidenti Barak Obama ötən şənbə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əliyə məqalə həsr edib.  BBC-nin məlumatına görə, Obamanın xatirə yazısı “The Telegraph on Sunday” qəzetində dərc edilib.

Prezident yazır ki, Məhəmməd Əli 1959-cu ilin şaxtalı qış səhərlərində dan yeri sökülər-sökülməz qaçışa başlayarmış. Bundan altı ay sonra o, Roma Olimiadasının çempionu olub: «Məktəbdə oxuduğu illərdə başqa uşaqlar kimi avtobusa minməz, avtobusla ötüşərdi. Uşaqlar onu “dəli” adlandırırdılar. Çox tezliklə bütün dünya onun öz yolunun olduğunu biləcəkdi».

Məhəmməd hələ Kassius olanda…

“Məhəmməd Əli Kassius Kley olan vaxtlarda çox uşaq olmuşam və onu xatırlamıram. O, təkcə dünyanın ağır çəkili çempionu deyildi və bəzi vaxtlarda ziddiyyət və nifrətin obyektinə çevrilən şəxs idi. Əli dörd illik sürgündən sonra fövqəladə şəkildə qayıdış edib çempion adını geri almaqla dünyanı şoka salanda da, mən hələ məktəbliiydim. Amma mən ona həmişə qibtə etmişəm: Bütün gücünü səfərbər edə bilmək qabiliyyətinə, düşmənçilik qarşısında mərdliyinə, tufandan çıxmağına və öz yolundan dönməməyinə”.

Obama yazır ki, Əlini təkcə bir boksçu kimi yox, bir insan kimi də formalaşdıran məhz bu xüsusiyyətləri idi: «Fiziki qüdrəti imkan verdiyi qədər dünya boyunca sülh və barışıq gücünə çevrilmişdi».

Prezident boksçu ilə bağlı bir epizodu da xatırladır: «Filadelfiya xəstəxanasına baş çəkəndə ayaqları olmayan oğlan uşağını qucağına alıb demişdi – “Təslim olma. İndi adamlar kosmosa uçurlar. Sən də bir gün yeriyib bütün bunları edəcəksən”. O bundan sonra məşhur “Əli ayaqsürüşdürməsi”ni nümayiş etdirməklə balaca oğlanı güldürmüşdü».

O həmişə çempion olacaq

Obama yazır ki, o öz məşhurluğunu xeyirxahlığa həsr etmiş bu insana həmişə heyran olub: «O, 1990-cı ildə İraqda 14 amerikalını girovluqdan azad etdirib. Nelson Mandela azadlığa çıxan kimi Cənubi Afrikaya səfər edib, BMT-nin sülh elçisi kimi yoxsul əfqan məhktəblərinə baş çəkib. Hətta Parkinson xəstəliyi Əlinin hərəkətlərini məhdudlaşdıranda belə, o, bütün yaşlardan olan insanlarla bağlarını itirməyib. Ondan nə üçün belə qlobal məşhur olduğunu soruşanda titrəyən əllərini uzadar, barmaqlarını geniş açar və deyərdi: “Mən insan oğluyam. Məni insanlarla onlardakı Allah birləşdirir». Məhəmməd Əli insanları yıxılandan sonra qalxmağın qüdrətinə ilhamlandırır. Məhz buna görə də o həmişə çempion olaraq qalacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Məhəmməd Əlini milyonların qəlbini fəth edən böyük idmançı və gözəl insan adlandırıb: «İrqçiliyə və ayrı-seçkiliyə qarşı apardığı  mübarizəsi heç vaxt yaddan çıxmayacaq”.

Davudoğlu: «Əsas davasını ağlı və ürəyi ilə apardı»

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu əfsanəvi boksçunun insan haqlarının qatı müdafiəçilərindən olduğunu bildirib: «Əsas davasını yumruqları ilə deyil, ağlı və ürəyi ilə aparan, inan haqlarını müdafiə edən Məhəmməd Əlini Rəbbim rəhmətiylə qarşılasın!».

Çeçenistan lideri Ramzan Kadırov isə paytaxt Qroznıda Məhəmməd Əlinin adına boks zalının tikiləcəyini, küçələrdən birinə onun adının veriləcəyini bildirib: “Məhəmmədlə birgə uşaqlıq arzum da getdi. Həmişə istəyirdim ki, Çeçenistana gəlsin, mən də boksu sevən biri kimi onun əlini sıxım. Məhəmməd Əlinin sayəsində mən boksçu oldum, minlərlə gəncə boksla məşğul olmaq üçün şərait yaratdım”.

Qeyd edək ki, məşhur boksçu 30 ildən çox idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Məhəmməd Əli boks üzrə üçqat dünya çempionu və dünyada bu nailiyyəti əldə edən yeganə boksçu idi. Əsl adı Kassius Kley olan idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını özünə götürüb.

Əsrin idmançısı

Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə – 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və bu qələbələrin 37-si nokautla bitib. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Məhəmməd Əli 1960-cı ildə Roma Olimpiadasının çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib. Məşhur boksçu yunun 10-u ABŞ-ın Luisvil şəhərində torpağa tapşırılacaq. Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.