İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırarkən deyib: “Xüsusilə bu ilin əvvəlindən imzaladığım fərman və sərancamlarla bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin olunur və bütün bunların nəticələrini biz gündəlik həyatda görürük…Ona görə də sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.”
İndi isə baxırıq rəsmi statistikaya və gündəlik həyatda nə görürük? Qeyd olunan fərman və sərəncamlar nəyi dəyişib? Ölkəyə sərmayə qoyuluşunun artmasını stumullaşdırıbmı? Təəssüf ki, yox. Bu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoruna sərmayə qoyuluşu 73%, kənd təsərrüfatına sərmayə qoyuluşu təqribən 4 dəfə azalıb. Bütövlükdə ölkədaxili mənbələrdən iqtisadiyyata sərmayə qoyuluşu 51%, xarici sərmayələr isə 14% azalıb.
Deməli, çox vaxt bir-birini təkzib edən, bəzən də ömrü bir həftə olan çoxsaylı sərəncamlar sahibkarları aldada bilməyib. Onlar biliblər ki, ölkədə heç bir real islahat aparılmır, hakimiyyət islahatın imitasiyası ilə məşğuldur. Ona görə də ölkəyə sərmayə qoyuluşu dəhşətli dərəcədə azalıb. Siz o “böhrandan şərəflə çıxmışıq” söhbətinə fikir verməyin, böhranın daha çətin hissəsi qabaqdadır və millət özü bu dəhşətli böhrandan çıxmaq üçün Milli Şura və AXCP ətrafında təşkilatlanaraq təşəbbüs göstərməsə, bu hökumətlə ölkədəki vəziyyət günü-gündən pisləşməkdə davam edəcək!




