Xəzəri hasarlayanlara qarşı tədbirlər nəticə verəcəkmi?

Xezer

Eyyub Hüseynov: «Doymayan, acgöz adamlar isə gələcək nəsillərə heç bir şey qoymur»

Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda reydlər keçirib. Bu zaman Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz olaraq torpaq sahələrinin ayrılması halları aşkar olunub.

Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir və nəticədə narazılıqların meydana gəlməsinə gətirib çıxarır. Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra özbaşına tikinti hallarının qarşısının alınması ilə bağlı tədbirlər həyata keçiriləcək.

Xəzərin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir.

eyyub_huseynov

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dənizi hasarlayanların hər şeydən öncə vətənini sevməyənlər olduğunu deyir. Təşkilat rəhbəri dünyanın heç bir yerində dənizin bizdəki kimi hasarlanması, özəlləşdirilməsi təcrübəsinin olmadığını vurğulayır: “Dünyanın heç bir ölkəsində belə əcaib vəziyyət yoxdur. Dənizi hasarlayanlar vətənini sevməyən və ona hörmət etməyən adamlardır. Gələcək nəsillərə davamlı, müsbət bir iş qoyub getmək lazımdır. Doymayan, acgöz adamlar isə gələcək nəsillərə heç bir şey qoymur. Bu, anormal haldır. Hasarlanmış əraziləri sökməyə kiminsə iradəsi çatacağını düşünmürəm. Yalnız prezident səviyyəsində bu işə müdaxilə olunsa, bu iş həll oluna bilər. Başqa heç bir qurumdan müsbət nəticə gözləmirəm”.

Nigar