elnurastanbeyli@gmail.com
Sol yanımda ağrı var,
Bitsin diyorum bitmiyor.
Üç çocuğa yarım ekmek
Yetsin diyorum yetmioyr
(bir türküdən)
Hüqonun Jan Valjanı yadınızdadırmı? O, bacısının ac qızını doyurmaqdan ötrü çörək oğurladığına görə tutulur və 5 il müddətində Toluon həbsxanasında saxlanılır. Düz dörd dəfə buradan qaçmağa cəhd göstərir və hər dəfə də onun cəzası 3 il artırılır. Hətta ikinci qaçış zamanı müqavimət göstərdiyi üçün əlavə 2 il də cəza alır. Beləcə, onun həbsxanada nə az, nə çox, düz 19 ili keçir.
Həbsdən qurtulduqdan sonra isə Jan Valjanın normal həyat uğrunda amansız mübarizəsi başlayır.
Beləcə, “Səfillər”in unudulmaz qəhrəmanı meydana çıxır.
Bunu niyə xatırlatdım? Cəlilabaddakı 12 yaşlı uşağın mağazadan çörək oğurladığına görə həbs edildiyi, polislərin isə sanki qatı cinayətkarı, qorxunc terrorçunu həbs edibmişcəsinə onun qollarını qandalladığı xəbərini oxuyanda yadıma məhz Jan Valjan düşdü. Son bir ildə ölkədə çörək oğruluğu ilə bağlı xəbərlər artıb.
Analoqsuz inkişaf edən, regionun lider dövləti olan Azərbaycanın gerçək mənzərəsi əslində bu xəbərlərdə gizlidir. Ölkənin yalan və talan yolu ilə idarə olunmasının, yağmaçılığın, soyğunçuluğunun normaya çevrilməsinin, leqallaşmasının sonda bizi hansı acı aqibətlərə düçar etdiyinin bəlgəsidir həmin xəbərlər!
***
Bu əhvalatı bir dəfə yazmışdım. Yeri gəlib, yenə yazım. Hardasa 8-9 il əvvəlin söhbətidir. Bir axşam kirayə qaldığım məhəllə dükanına gedirdim, dükana yaxınlaşanda təxminən 8-9 yaşında oğlan uşağının mənə doğru qaçdığını gördüm, arxadan da tanış satıcı yüyürürdü. Məni görcək həyəcanla uşağı tutmağımı istədi. Uşağı tutub saxladım, uşaq qorxudan tir-tir əsərək başladı yalvarmağa ki, onu buraxım, qələt eləyib, bir də belə iş tutmaz.
Mən söhbətin nədən getdiyini anlamadım. Satıcı çatıb uşağın qolundan tutdu, dedi ki, dükana qayıtsın, özü də qorxmasın, ona heç nə etməyəcək. Mən nə baş verdiyini soruşdum. Dedi, uşaq çörək oğurlamaq istəyirmiş, son anda görüb, uşaq da çörəyi atıb qaçmağa çalışıb.
Dükana gəldik. Satıcı ona oğurluğun yaxşı iş olmadığını, bir daha belə iş tutmamalı olduğunu dedi. Bu zaman onun üzündə qəzəb yox, canıyananlıq, mərhəmət vardı. Mənə dedi ki, müəllim, uşaq saqqız oğurlayar, konfet oğurlayar, “bakuş” oğurlayar, amma çörək oğurlayırsa, deməli, bu oğurluq deyil, çarəsizlikdir.
Sonra uşaqdan adını, harada yaşadığını soruşduq. Sən demə, yaxınlıqda kirayədə yaşayırlarmış. Özündən başqa iki bacısı var imiş. Atası ağır vərəm xəstəsi olduğundan dispanserdə müalicə alırmış. Anası işləmirmiş. Uşaq dedi, neçə vaxtdır qonşuların verdiyi yeməklə qarınlarını doyururlar. Amma iki gündür qapılarını açan yoxdur. Evdə yeməyə heç nə tapılmır, sonra da ağlaya-ağlaya onu buraxmaq üçün yalvardı, balaca bacıları acından ölməsin deyə belə iş tutduğunu söylədi.
Satıcı ilə uşağı sakitləşdirdik. Mən dedim ki, bəzi ərzaqlar yığsın, pulunu ödəyəcəm, sonra uşağın evinə apararıq.
Satıcı hətta bir az acıqla dedi ki, o özü ölməyib ha! Sonra iri bir torbaya ərzaqlardan yığdı. Evdən oğlunu çağırıb həmin ərzaqlarla birgə uşağı evinə yola saldı.
Onunla belə danışdıq ki, hər gün uşaq gəlib burdan çörək, həftədə bir-iki dəfə də müəyyən ərzaqlar aparır, hesabını öz aramızda həll edirik. Hətta söhbətin üstünə gəlib çıxan qonşulardan biri də işdən hali olan kimi bizə qoşuldu.
Əlbəttə, oğurluq hər bir halda pis işdir, amma bir insan, hələ-hələ bir uşaq çörək oğurlamağa məcbur qalırsa, bu artıq sözün bitdiyi yerdir. Bu artıq qanunsuzluq yox, ağrıdı, kədərdi, göz yaşıdı. Bu zaman qanunlar deyil, vicdanlar işə düşməlidir…
Bəs qanunlar vicdansızların əlindədirsə, onda necə olsun? Bu da başqa bir çətin sualdır.
***
Yeri gəlsə, həmin 12 yaşlı uşaq heç çörək oğurlamayıb da.
Olsa-olsa, talançılar, yağmaçılar, rüşvətçilər, korrupsionerlərin oğurladığı çörəyini geri qaytarmaq istəyib…