Əvvəlcə demokratiyanı çağırmaq lazımdır

ilhamaliyev-shekide1Əyri işlərin olduğu ölkəyə iş adamları sərmayə yatırmaz

Dünya Azərbyacanlılarının IV Qurultayının açılışında çıxış edən Ilham Əliyev xaricdəki azərbaycanlı iş adamlarını ölkəyə sərmayə qoymağa çağırıb: “Azərbaycanlılar xarici ölkələrdə böyük biznes imkanlarına sahibdirlər. Mən bunu alqışlayıram. Xaricdə yaşayan azərbaycanlılar öz həmvətənlərinə də kömək göstərirlər. Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”- deyə ölkə başçısı bildirib.

Əlbəttə, xarici iş adamlarının ölkəyə sərmayə qoyması, ölkədə yeni biznes mühitinin formalaşması müsbət hal olardı və iqtisadiyyatın dirçəlməsinə xidmət edərdi. Amma prezidentin bu çağırışına müsbət reaksiya veriləcəyi, xaricdəki azərbaycanlı iş adamalrının ölkəyə sərmayə yatıracağı indiki şərtlər daxilində real görünmür. Çünki, hakimiyyətin sözüylə əməli üst-üstə düşmür.

Birincisi, uzun illər ərzində xarici iş adamları üçün Azərbaycanda biznes qurmaq mümkün olmayıb və bu qadağanı mövcud hakimiyyət tətbiq edib. Yəni iqtisadiyyatın bütün sahələri iri məmurların inhisarında olub və bu ənənə hələ də davam edir. Bu illər ərzində xeyli sayda iş adamı var-yoxdan çıxarılıb, qeyri-rəsmi ödənişlərə məcbur edilib, şantaj olunub, həbsə atılıb və s. Məsələn, Zülfüqarlı qardaşlarının başına gətirilənlərdən sonra xaricdəki hansı iş adamı Azərbaycana sərmayə yatırar. Yaxud hökumətə yaxınlığı ilə seçilən “AMAY Abdulla”nın başına olmazın oyunlar açdılar. Milyarder kimi dünyaya səs salmış “AST Telman” Azərbyacanda iş qura bilmədi, Mübariz Məsimovun biznesini genişləndirməsinə imkan verilmədi. BARMEK Azərbaycandan sıxışdırılıb çıxarıldı və bu gün enerji sektoru tənəzzül həddindədir, qurumun borcu milyard dollara yaxınlaşır. Son olaraq isə müşahidə etdik ki, iş adamları “bandotdel”də “dar ağacı”na çəkildilər. Yəni iş adamlarının ölkədən qaçması üçün hökumət əlindən gələni edib.

Ikincisi, neftin qiymətinin kəskin düşməsi, valyuta ehtiyatlarının azalması hökuməti iş adamlarına çağırış məcburiyyətində qoysa da, əvvəlki əngəllər aradan qaldırılmayıb. Yenə də monopoliya, yenə də korrupsiya, yenə də hüquqsuzluq meydan sulayır. Yəni ölkədə müstəqil məhkəmə olmadığı üçün iri məmurun tamahına tuş gəlmiş iş adamı haqqını bərpa edə bilməyəcək. Azərbaycanda sığortalı biznes yaratmaq üçün siyasi hakimiyyətə yaxın olmalısan. Əks halda, istənilən vaxt obyektin dağıdıla, özün həbs oluna bilərsən.  Amma  məmur himayəsinə sığınanlar da hər an həyəcanla, qorxuyla yaşayır. Çünki, həmin iş adamını kurasiya edən məmur işdən çıxarıla bilər və onun bütün sərmayəsi məhv olar. Bugünlərdə ölkənin ən böyük marketlərinin sahibləri Iqtisadiyyat nazirinə müraciət etdilər və üzləşdikləri  çətinlikləri icitmailəşdirdilər. Amma hökumət iş adamlarının problemini həll etmək əvəzinə, bu marketlərə vergi yoxlamaları göndərdi. Yəni mesaj verildi ki, haqqınızı tələb etsəniz, cəzalanarsız.

Üçüncüsü, Azərbaycan bütün beynəlxalq reytinqlərdə sonuncu yerlərdə qərarlaşır. Ölkənin adı “qeyri-azad ölkələr” sırasına salınıb. Uzun illər ərzində ölkəyə yüz milyardlarla vəsait daxil olmasına baxmayaraq, heç bir sahə inkişaf etdirilməyib. Bir qrup şəxs milyarderə çevrilib, vətəndaş isə dilənçi vəziyyətə salınıb. Təbii ki, bu mənzərə kənardan da aydın görünür. Xaricdəki iş adamı görür ki, hökumətin məqsədi şəxsi maraqlara xidmət edir. Sabah neftin qiyməti qalxsa, maliyyə problem həll olunsa, iri məmurlar yenə də bu iş adamlarını ölkədən çıxarmaq üçün hər yola əl atacaqlar.

Xatırladaq ki, 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər. Rəsmi məlumata əsasən, 2013-2015-ci illərdə Azərbaycan kapitalı ilə bu ölkədə yeni qurulan şirkətlərin sayı 507 olub. 2012-ci ilin sonuna burada 1 190 Azərbaycan sərmayəli şirkət çalışıb. Türkiyənin Iqtisadiyyat Nazirliyinin məlumatına görə, son 3 il ərzində Azərbaycan şirkətlərinin Türkiyədə fəalllığı təxminən 40 faiz artıb. Eyni zamanda son 1 ildə Azərbaycan  iş adamları Gürcüstan iqtisadiyyatına 540 milyon dollar sərmayə yatırıblar. Yəni nəinki xaricdəki iş adamı ölkəyə gəlməyə tərəddüd edir, ölkədəki iş adamları ölkədən qaçır.

Göründüyü kimi, hakimiyyət azad sahibkarlığın, münbit biznes mühitinin məhv edilməsi üçün əlindən gələni edib. Bundan sonra isə iş adamalarının etimadını qazanmaq müşkül məsələdi və pullu adamlar Türkiyəyə, Gürcüstana, digər ölkələrə üz tuturlar. Bu gün üzləşdiyimiz acı reallıq, hakimiyyət komandasının acgözlüyünün, səriştəsizliyinin, anti-xalq təfəkkürlü olmasının nəticəsidir.

Bir daha qeyd edirik ki, Ilham Əliyev xaricdəki iş adamlarını ölkəyə cəlb etmək üçün əvvəlcə ölkəni cəlbedici etməlidir. Qanunun aliliyi təmin olunmalıdır, korrupsiya, monopoliya ləğv edilməlidir, iş adamları özünü asılı hiss etməməlidir və ölkə sürətlə demokratikləşməlidir. Əks halda bu çağırışlara yalnız səfalət, böhran, tənəzzül cavab verəcək.

Samir