YAP və müqqədəs  ruh naminə, yaxud canlı heykəllər?

zumrud-yagmur-yeniZümrüd Yağmur

Ümumiyyətlə, insan hər nə edirsə, etsin, vaxtında dayana bilməyəndə,  əməllərini dəyərləndirməyi bacarmayanda çox pis duruma düşür. Bəzən də görürsən ki,  biri etdiyi əməlin, danışdığı yalanın və ya əxlaqsızlığın girovuna çevrilir və bundan sonra olacaqlar özlüyündən gəlir.

Azərbaycanda da son dönəm baş verənlər artıq iqtidarda olanların öz kimliyini birmənalı olaraq görmədiyini deməyə əsas verir. Getdikçə inanmağa başlayırsan ki, özlərini az qala müqəddəs, əvəzolunmaz elan edən bu qüvvələr əslində, danışdıqları yalanın, etdikləri saxtakarlığın girovuna çevriliblər.  Əvvəllər heç olmasa, az da olsa,  nəyisə ört-basdır etməyə, yalanı  “həqiqət” libasına salıb bəzəməyə çalışırdılar. Indi heç bunun da  əziyyətini çəkmirlər.

Nə uydurduqları saxta ittihamlarda, nə qurduqları yalançı məhkəmələrdə, nə oxuduqları yalan dolu hökmlərdə heç bir məntiqi əsaslandırmaya ehtiyac duymayan  iqtidarın ölkədə yaratdığı əhval-ruhiyyə və fironluq iddiası elə həddə çatıb ki, hətta bir gün Dillər Universitetinin rəhbər işçilərindən biri tələbələrə rəsmi qaydada töhmət verir. Günahları nəymiş, onlar  YAP-ın iclasına göndərildiyi halda, orda iştirak etməyiblər.

Bunu da edəndə universitetin filologiya və jurnalistika fakültəsinin dekanı S.D.Vahabova heç düşünüb özünü əziyyətə də salmaq istəməyib ki, onun tələbəni iclasa göndərməyə  haqqı yoxdur.  Amma iş ondadır ki, “aranın xəlvət, tülkülərin bəy” olduğu bir vaxtda hamı oturduğu kürsünü taxt,  özünü  şah, əlindəki qələmi də qılınc hesab edir.

Istədiyinin də başını kəsib, haqqında fərman verir.

Ölkədə hər kəs və hər şey YAP və “müqəddəs ruh naminə” qurban verilə,  böhtan, yalan və ya şərin qurbanı ola bilər.

Dillər Universitetində də YAP-ın iclasına getməyən tələbələri əlində olan imkanlar daxilində “günahkar-cinayətkar” hesab edən dekan yardımçısı, inanın ki, sabah hakim kürsüsündə otursa, başqa bayramlara, qiyaslara narkoman hökmünü oxuyacaq.

Bu qədər fərqsizdirlər yəni…

Hər kəsə bəllidir ki, uzun illər Dillər Universitetinin rektoru olmuş Səməd Seyidov Avropaya gedib-gələn biridir. Görünür, bu səfərlər zamanı da avropalıların bizə “paxıllıq” etməsindən yaxşı faydalanıb və Avropada da paxıllıq etməyə bir şey tapmayanda Şimali Koreyaya üz tutublar.

Çünki bizimkilər ancaq paxıllıq etsələr, etsələr, Şimali Koreyaya edərlər ki, niyə bizdə “ondan yoxdur?”

Şimai Koreyaya həsəd “aparmanın” nəticəsidir ki, bu gün heykələ iki kəlmə söz yazan iki gənc – Bayram və Qiyas “narkoman” elan edilərək həbs olunub. Yaxşı, “paxıllıq” ediblər ki, YAP-ın iclasına getməyən tələbələrə töhmət veriblər.

Şimali Koreyada heykəlin qarşısında diz çöküb ağlamaq tələb olunursa, bizdə də heykəldən üzr istəmək, YAP-ın iclasına qatılmaq tələb olunur.

Orada  yaxşı ağlamadığına görə general yandırılır, burdasa özlərinə biət etdirə bilmədiklərini “narkoman”, “xuliqan” elan edib  həbsə atırlar.

Yadınızdadırsa, Səyavuş Novruzov deyirdi ki, Avropa demokratiyanı gəlib bizdən öyrənməlidr. Amma bizim iqtidar zülm və hökm etməyi  Kim Çen Indan elə yaxşı öyrənib ki, onun daha bizimkiləri  Şimali Koreyaya, necə deyərlər, dəvət etməsinə belə lüzum qalmayıb.

Bir yerdə oxumuşdum ki,  indiki Şimali Koreya liderinın atası Kim Sonq Inın heykəli əvvəl pencəkli halı ilə düzəldilibmiş. Sonra heykəl yenidən düzəldilib, pencək palto ilə əvəzlənib ki, qışda lider üşüyə bilər. Aman Tanrım, demək ki, heykəllərin canlı olduğuna inanıb ondan üzr istəmək tələbində bulunan da tək “bizimkilər” deyilmiş.

Son olaraq…

Yaxşı, bu heykəllər qışda soyuğu hiss edəcək , istəniləcək üzrü anlayacaq qədər canlıdırlarsa,  bəs bu Kim Sonq Ina yayda o paltoda isti olmur? Bunu niyə düşünməyiblər görəsən?